YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Lənkəranda şəhid ailələri və qazilər üçün tibbi aksiya keçirilib

“Heydər Əliyev İli” çərçivəsində Yeni Azərbaycan Partiyasının təşəbbüsü ilə aprelin 1-2-də Lənkəran şəhərində ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş şəhid ailələri və qazilər üçün tibbi müayinə aksiyası keçirilib.

“Qarabağ Azərbaycandır! Zəfər Azərbaycanındır” şüarı altında keçirilən aksiya iki gün davam edib.

YAP İdarə Heyətinin üzvü, akademik C.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun şöbə müdiri, professor Tofiq Cahangirovun rəhbərliyi ilə təşkil olunan aksiyanın iştirakçıları Lənkəran şəhərində ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri qoyub, Ulu Öndərin əziz xatirəsinə dərin hörmət və ehtiram ifadə ediblər.

Rayon Şəhidlər xiyabanı da ziyarət olunub, şəhidlərin xatirəsinə ucaldılmış abidənin önünə tər güllər düzülüb.

Sonra Lənkəran şəhərindəki “Da Vinçi” klinikasında aksiyaya start verilib. Aksiya çərçivəsində şəhid ailələrinə, qazilərə və onların ailə üzvlərinə professor Tofiq Cahangirov və onun rəhbərliyi altında çalışan həkim heyəti tərəfindən lazımi tibbi xidmətlər göstərilib.

Aksiya barədə məlumat verən YAP İdarə Heyətinin üzvü Tofiq Cahangirov bildirib ki, bu, “Zəfər Azərbaycanındır” şüarı ilə keçirilən dördüncü aksiydır: “Bundan əvvəl Kürdəmir, Sabirabad və Saatlı rayonlarında da həkimlərimiz tərəfindən şəhid ailələrinin üzvləri və qazilərimiz üçün müxtəlif müayinələr aparılıb, onlara müalicələr təyin olunub”.

T.Cahangirovun sözlərinə görə, 100-ə yaxın şəhid ailəsi üzvü və qazi üçün kardioloji, nevroloji və endokrinoloji müayinələr həyata keçirilib. “Bizim komandamızda nevroloq, endokrinoloq, müasir rəngli doppler exokardioqrafiya, qarın boşluğunun ultrasəs müayinəsi mütəxəssisləri də var idi. 2 gün ərzində gərgin əmək sərf edən həkimlərimizə dərin təşəkkürümü bildirirəm. Həmçinin Fransanın Azərbaycandakı “Servier” şirkətinin aksiyaya böyük dəstəyi oldu. Onlar bundan əvvəlki aksiyalarımıza da dəstək vermişdilər. Odur ki, şirkətin rəhbərliyinə və əməkdaşlarına öz təşəkkürümü bildirirəm” , - deyə o qeyd edib.

YAP İdarə Heyətinin üzvü belə aksiyaların davamlı olacağını deyib: “Biz qarşıdakı aylarda növbəti aksiyalarımızı keçirməyi planlaşdırırıq. Ümumiyyətlə, belə aksiyaların respublikanın bütün bölgələrini əhatə etməsini nəzərdə tuturuq”.