YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İmkanlar genişlənir...

Rövşən Əhmədov

YAP Ağcabədi rayon təşkilatının sədri

 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Almaniya Kansleri Olaf Şoltsun dəvəti ilə Almaniya Federativ Respublikasına işgüzar səfəri ölkəmizin bütövlükdə Avropa İttifaqı ilə və ayrılıqda Almaniya ilə əməkdaşlığına töhfə verən növbəti uğurlu səfərlərdəndir. İşgüzar səfər çərçivəsində Prezident İlham Əliyevin 13 mart tarixində Berlində Almaniyanın aparıcı şirkətlərinin rəhbərləri ilə görüşü və aparılan müzakirələr iki ölkə arasında münasibətlərin yüksək səviyyədə olduğunu və əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün böyük potensialın olduğunu göstərdi.

Müzakirəyə müxtəlif sektorları təmsil edən otuz alman şirkətinin nümayəndələri qoşulmuşdu. Tədbirdə çıxış edən Prezident İlham Əliyev Azərbaycanın iqtisadi inkişafı üzrə planlar haqqında geniş icmalı iştirakçılarla paylaşaraq ikitərəfli əməkdaşlıq çərçivəsində alman biznesləri üçün imkan və fürsətlər haqqında ətraflı məlumat verdi.

Müzakirələrin tərkib hissəsi olaraq nəqliyyat və logistika məsələsinə münasibət bildirən Prezident İlham Əliyev qeyd etdi ki, biz enerji satışından əldə etdiyimiz vəsaiti, yəni, neft və qaz gəlirlərini nəqliyyat infrastrukturuna yönəltmək üçün çox gərgin işləmişik. Hazırda buna demək olar ki, bizdə olan və faktiki surətdə infrastrukturumuzun tamamilə əhatə etdiyi proqnoza əsasən nail olunub. Lakin indi yenə də Rusiya-Ukrayna müharibəsi nəticəsində Azərbaycanın nəqliyyat infrastrukturuna tələbat artır. Ötən il tranzit yüklərimizdə 75 faizdən çox artım olub və hətta bizim nisbətən yeni tikilmiş yükaşırma imkanı 15 milyon ton olan dəniz ticarət limanında müəyyən tıxac yaranıb.

Xəzər dənizi ilə daşımalar üçün tələbat artır. Azərbaycanın hələ ki, Xəzər dənizində ən böyük ticarət donanması, 50-dən çox gəmisi var. Bakı gəmiqayırma zavodu isə ildə 6 gəmi istehsal edə bilər və bu da həmin neft həcmləri və Mərkəzi Asiyadan, yəqin ki, Çindən gözlədiyimiz quru yük üçün kifayət etmir. Beləliklə, biz Azərbaycan ərazisindən potensial daşıma həcmlərinin ciddi dəyərləndirmə prosesindəyik və biz buna hazır olmalıyıq. Biz investisiya yatırmalıyıq və bu sahədə çoxlu investisiya imkanları və ya müqavilə imkanları olacaq.

Tədbirdə Prezident İlham Əliyev Xəzər Dəniz Gəmiçiliyi Qara dənizdəki fəaliyyətindən də danışıb: “Qara dənizdə bizim Xəzər Dəniz Gəmiçiliyi – ASCO-ya məxsus gəmilər üzür və şirkətin əlavə gəmilər almaq planları var. Onlar həm Xəzər dənizində, həm də Qara dənizdə fəaliyyət göstərir, ancaq Qara dənizdəki fəaliyyətləri nisbətən məhduddur. Hesab edirik ki, Azərbaycanın Xəzər Dəniz Gəmiçiliyi şirkəti Qara dənizdə də daha geniş təmsil oluna bilər. Bilirəm ki, Gürcüstan və Avropa limanları istiqamətində fəaliyyət göstərəcək “Ro-Ro” tipli bərələrin və digər növ gəmilərin inşası nəzərdə tutulub. Azərbaycanın Xəzər Dəniz Gəmiçiliyi şirkətinin potensialı və müvafiq dövlət dəstəyi var. Qeyd etdiyim fürsətlərdən yararlanmaq, işgüzar fəaliyyət göstərmək və nəqliyyat təhlükəsizliyinə töhfə vermək üçün dövlət şirkətə maliyyə dəstəyi də verə bilər”.

Azərbaycan əlavə maliyyə vəsaitlərini cəlb edərək dəniz limanımızın və dəmir yolu infrastrukturunun imkanlarının artırılmasına nail olmağa çalışır. Bu sahədə Almaniya şirkətləri ilə tərəfdaşlıq ölkəmizin nəqliyyat və logistika  imkanlarının genişlənməsinə töhfə verəcəkdir.