YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Cao Sidi: Çin Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn prinsipləri əsasında həllinin tərəfdarıdır

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Çin Xarici İşlər Nazirliyinin xüsusi nümayəndəsi Cao Sidi ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Cao Sidi Azərbaycana ikinci səfərinin birinci Avropa Oyunları ərəfəsinə təsadüf etdiyini deyib, bu genişmiqyaslı idman tədbirinin ölkəmiz tərəfindən uğurla keçiriləcəyinə əminliyini bildirib. Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrinin nəzərəçarpacaq dərəcədə inkişafının dövlətçilik qüdrətinin artmasına bariz nümunə olduğunu qeyd edən Cao Sidi bu xüsusda ümummilli lider Heydər Əliyevin siyasi uzaqgörənliyini və müdrikliyini xüsusi vurğulayıb.

Görüşdə, həmçinin BMT Təhlükəsizlik Şurasının islahatlarına dair məsələlər ətrafında fikir mübadiləsi aparılıb. C.Sidi BMT Təhlükəsizlik Şurasının islahatı və bu xüsusda cərəyan edən proseslər barədə öz ölkəsinin mövqeyini ifadə edib.

Nazir E.Məmmədyarov beynəlxalq sülh və təhlükəsizliyə böyük təhdid olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə qonağa ətraflı məlumat verib. Elmar Məmmədyarov BMT Təhlükəsizlik Şurasının münaqişəyə dair məlum dörd qətnaməsinin hələ də icra edilmədiyini bildirərək Azərbaycan tərəfinin Şuranın effektivliyinin artırılmasına gətirib çıxaracaq islahatların aparılmasında maraqlı olduğunu vurğulayıb.

Çin nümayəndəsi bildirib ki, onun ölkəsi Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyir, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin icra edilməsinin və münaqişənin beynəlxalq hüququn norma və prinsipləri əsasında həll olunmasının tərəfdarıdır.

Görüşdə tərəflər iki ölkə arasında siyasi dialoq və praktiki əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri üzrə fikir mübadiləsi aparıblar.