YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan səfirliyi Almaniya mətbuatında ölkəmizə qarşı aparılan kampaniya ilə bağlı bəyanat verib

Azərbaycanın Almaniyadakı səfirliyi bəzi alman kütləvi informasiya vasitələrində ölkəmizə qarşı aparılan kampaniya ilə bağlı bəyanat yayıb.

Səfirlik son günlərdə Almaniya mətbuatında Azərbaycanın ev sahibliyi edəcəyi ilk Avropa Oyunları haqqında yayılmış qərəzli məlumatları ölkəmizə qarşı aparılan qarayaxma kampaniyası adlandırıb.

Bəyanatda bu kampaniyanın fəal iştirakçıları olan “Frankfurter Allgemeine Zeitung” qəzetinin müxbiri Kristof Bekerin, “Der Tagesspiegel” qəzetinin müxbiri Klaudia fon Zaltsenin və “Deutschlandradio” şirkətinə məxsus radio-kanalların simasında Azərbaycan haqqında qeyri-obyektiv xəbərlər yayan mətbuat nümayəndələri sərt tənqid olunub. Bəyanatda diqqətə çatdırılır ki, həmin mətbu orqanlarda Azərbaycanın ünvanına səsləndirilən tənqidi fikirlər faktlara deyil, uydurma və ya natamam məlumatlara əsaslanır, ölkəmiz haqqında müsbət məqamlar isə qulaq ardına vurulur: “Azərbaycanda insan hüquqları və mətbuat azadlığının vəziyyəti haqqında səsləndirilən tənqid əsassızdır, çünki bu tənqid dərin jurnalist araşdırmaları və obyektiv siyasi analizlərə söykənmir.”

Səfirlik verdiyi bəyanatda Avropa Oyunlarının əhəmiyyətini şübhə altına almağa çalışanlara da sərt şəkildə etiraz edib. Bəyanatda bildirilir ki, bu yarışın keçirilməsi haqqında qərar Avropa Olimpiya Komitəsinin Baş Assambleyasının iclasında böyük səs çoxluğu ilə qəbul edilib. Avropa Olimpiya Komitəsinin üzvü olan 50 ölkənin hamısı ilk dəfə Bakıda keçirilən Avropa Oyunlarında iştirak edirlər. Azərbaycanın ilk Avropa Oyunlarına hazırlığı dəfələrlə beynəlxalq idman mütəxəssisləri, xüsusilə də Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki tərəfindən yüksək qiymətləndirilib. Qeyd olunur ki, Avropa idman ictimaiyyəti Avropa Oyunlarına böyük əhəmiyyət verdiyi halda, mətbuatda Oyunları qərəzli şəkildə tənqid edən məlumatların yayılması heç cür başa düşülmür.

Səfirliyin yaydığı bəyanatda Azərbaycanın demokratik inkişaf yolu keçdiyi, hüquqi dövlətçilik və azad bazar iqtisadiyyatı istiqamətində böyük uğurlar əldə etdiyi vurğulanıb, söz və fikir azadlığının tam şəkildə təmin olunması konkret faktlarla diqqətə çatdırılıb. Səfirlik, həmçinin Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycanın 20 faiz ərazisinin işğal altında olmasına və bir milyon azərbaycanlının öz doğma torpağından qovulmasına etiraz etməyən mətbuat nümayəndələrini ikiüzlükdə ittiham edib.

Bəyanatın sonunda bildirilir ki, “Səfirlik Almaniyanın idman ictimaiyyəti və siyasətçilərini ölkəmizə qarşı aparılan qarayaxma kampaniyasından uzaq durmağa çağırır. İdman yarışı mənfi məqsədlər üçün siyasiləşdirilməli deyil, xalqlar arasında anlaşma yaratmaq üçün istifadə olunmalıdır.”

 

DİGƏR Xəbərlər Arxiv