YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sülh üçün vaxt yetişib

“İşğaldan azad olunmuş ərazilərdə 2 il yarım ərzində böyük işlər görülüb. Azərbaycan dövləti quruculuq-tikinti işləri ilə həmin əraziləri tez bir zamanda dirçəltməyi və azad olunmuş torpaqlarımızın sakinlərini evlərinə qaytarmağı hədəfləyib. Bunun üçün də planlı şəkildə əməli addımlar atılır. Ermənistanın viran qoyduğu doğma torpaqlarımızı abad etməklə biz Qarabağımızı dünyanın ən gözəl guşələrindən birinə çevirəcəyik. Bunun üçünsə müəyyən addımların atılması artıq labüddür. Prezident İlham Əliyev “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda X Qlobal Bakı Forumunda çıxışı zamanı qeyd edib ki, regionda sabitliyin hökm sürməsi üçün Ermənistanla sülh müqaviləsi imzalanmalıdır. Hazırda sülh üçün vaxt yetişib”.  Bunu açıqlamasında Milli  Məclisin deputatı Vüqar İskəndərov deyib.

Vüqar İskəndərov qeyd edib ki, biz güc tətbiq etməklə işğalda olan torpaqlarımızı azad etdik: “Ancaq ermənilərdən fərqli olaraq Azərbaycan ordusu orada soyqırım törətmədi. Qısasımızı döyüş meydanında aldıq. Indi isə artıq müharibəni geridə qoymuşuq. Dünyada gedən proseslər, həmçinin regiondakı vəziyyət yeni sülh müqaviləsinin imzalanmasını labüd edir. Azərbaycan müharibə bitdikdən dərhal sonra sülh danışıqlarına başlamaq üçün təşəbbüs irəli sürdü və Ermənistanla sülh müqaviləsinin əsasını təşkil edəcək beş məşhur prinsipi təqdim etdi. Əslində bəzi məqamlarda Ermənistanın sülh müqaviləsini imzalamaq, prinsiplərlə razılaşmaq cəhdlərini görürük. Ancaq bəzən iki ölkə arasındakı vasitəçi qüvvələr bu müqavilənin imzalanmasında müəyyən problemlər yaradırlar. Hazırda rəsmi İrəvan üçün öz qonşuları ilə qonşu kimi davranmaq şansı yaranıb. Azərbaycan sülh istəyir. Biz hər hansı digər müharibəni istəmirik. Ötən ilin oktyabrında Azərbaycan ilə Ermənistan arasında razılaşdırılmış məsələlər, xüsusən də, bir-birinin suverenliyinə və ərazi bütövlüyünə hörmət əslində onu göstərir ki, sülhə nail olmaqda maneə yoxdur. Ancaq gedən proseslərdən də görünür ki, Ermənistan bu cür məsələlərdə artıq müstəqil qərar verə bilmir. Ermənistan digər ölkənin və hazırda, ola bilsin, digər ölkələrin müstəmləkəsinə çevrilib. Ümid edirik ki, vasitəçiliyə cəhd göstərən beynəlxalq iştirakçılar Ermənistanı müstəqilliyi qorumaq şansını əldən buraxmamaqda dilə gətirəcəklər”.