YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Tarixi-siyasi hadisə

“Cari ilin 2 mart tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşü keçirilib. Görüşdə Prezident İlham Əliyev geniş nitq söyləyib”.

Bu fikirləri Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov söyləyib.

Vüsar İsmayılovun sözlərinə görə, 2019-cu ildə Azərbaycanın Qoşulmama Hərəkatı ölkələrinin yekdil qərarı ilə 2019-2022-ci illər üzrə bu təsisatın sədrliyinə başlaması və sədrlik müddətinin yekdil qərarla daha bir il uzadılması olduqca mühüm tarixi və siyasi hadisədir. Bu hadisə Qoşulmama Hərəkatı və Azərbaycanın ali məqsədlərinə və hədəflərinə doğru irəliləməsində əhəmiyyətli imkanların yaranmasına əsas verir: “Azərbaycanın Qoşulmama Hərəkatında fəaliyyəti uğurlu və məqsədyönlüdür. Belə ki, 2020-ci ilin may ayında Qoşulmama Hərəkatının dövlət və hökumət başçıları səviyyəsində onlayn Zirvə toplantısının keçirilməsi təşəbbüsü məhz bizim ölkəmiz tərəfindən irəli sürülüb və 2020-ci ilin dekabr ayında xüsusi sessiya uğurla həyata keçirilib. Mühüm təşəbbüsün reallaşması ilə tədbirdə 70-dən çox dövlət və hökumət başçısı çıxış edərək bir sıra qlobal problemlərə və onların həlli yollarına diqqət yönəldib”.

Rayon təşkilatının sədrinin fikrincə, görüş zamanı bəzi varlı ölkələrin həyata keçirdiyi “peyvənd millətçiliyi”nin pandemiya ilə mübarizədə ciddi manelər yaratdığı vurğulanıb ki, bu da öz növbəsində mövcud problemlərin həllində mühüm təşəbbüslərin irəli sürülməsinə və problemlərin dünya ictimaiyyətinin diqqətinə çatdıraraq ən qısa zamanda həll edilməsinə əsaslı zəmin yaradır. Nəticə etibarilə Qoşulmama Hərəkatı bütün ölkələrin peyvəndlərdən ədalətli və vahid şəkildə istifadəsini təmin etmək üçün 2021-ci ildə BMT-nin İnsan Hüquqları Şurasında və BMT Baş Assambleyasında qəbul edilmiş iki qətnamənin təşəbbüskarı oldu.

Bütün bunlarla yanaşı Azərbaycanın təşəbbüsü ilə 2022-ci ilin iyulunda Şuşa Razılaşması əsasında Qoşulmama Hərəkatının Gənclər Təşkilatı yaradılıb. 2021-ci ildə Belqradda keçirilən Yüksək Səviyyəli yubiley görüşündə məhz dövlət başçısı İlham Əliyevin təşəbbüsü ilə hərəkatın COVID-19-dan sonrakı dövrlə bağlı mövqeyini formalaşdırmaq məqsədilə Qoşulmama Hərəkatına üzv dövlətlərin yüksək səviyyəli görüşünün keçirilməsi ideyası irəli sürülüb. Bu faktlar Azərbaycanın bu təsisat daxilində fəaliyyətinin yüksək hədəflərə istiqamətləndiyini və uğurla icra edildiyini göstərir: “Martın 2-də gerçəkləşən zirvə görüşü də bu baxımdan mühüm əhəmiyyət kəsb edir. Görüş zamanı dövlət başçısı bir daha vurğuladı ki, COVID-19 pandemiyası dövründə olduğu kimi, Azərbaycan Qoşulmama Hərəkatının ehtiyacı olan üzv ölkələrinə maliyyə və humanitar yardım göstərməyə davam edəcək. Qeyd edək ki, Ermənistan 30 ilə yaxın müddətdə işğal altında saxladığı Azərbaycan ərazilərində mina terroru həyata keçirib. Bütün şəhər və kəndlərimizi minalayaraq, orada həyatı iflic edib, çoxsaylı dinc azərbaycanlının qətlə yetirilməsinə səbəb olub. Ölkəmiz isə postmüharibə dövründə yenidənqurma işləri ilə yanaşı, həmin ərazilərin minalardan təmizlənməsinə böyük səy göstərir, bu istiqamətdə təxirəsalınmaz işlər görülür. Məhz bu məqsədlə Azərbaycan minatəmizləmənin Dayanıqlı İnkişaf Məqsədi olması təşəbbüsünü fəal şəkildə təşviq edir. Ölkə üçün humanitar minatəmizləmənin böyük əhəmiyyətini nəzərə alaraq, Azərbaycan hazırda xüsusi milli Dayanıqlı İnkişaf Məqsədinin müəyyən edilməsini nəzərdən keçirir. Çünki minalar yenidənqurma prosesini və keçmiş məcburi köçkünlərin geri dönməsini ləngidir”.