YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Dünyaya nümunə

Ramil Orucov

YAP Gəncə şəhər təşkilatının sədri

Azərbaycan qadınları tarixin bütün dövrlərində istedadı, zəkası, milli-mənəvi dəyərlərə sədaqətləri ilə dünyaya nümunə olublar. Müdrikliyi, mərdliyi, saflığı ilə cəmiyyətimizin həyatında müstəsna rol oynayan Azərbaycan qadınları eyni zamanda, milli dövlət quruculuğu prosesinə, ölkəmizin sosial-iqtisadi və mədəni potensialının artırılmasına dəyərli töhfələr veriblər. Milli əxlaqi dəyərlərimiz, adət-ənənələrimiz, dilimizin saflığı məhz analarımızın müdrikliyi sayəsində çətin və mürəkkəb dövrlərin sınağından çıxa bilib.

Ölkəmizdə dövlət qadın siyasətinin əsasını qoyan Ümummilli Lider Heydər Əliyev qadın şəxsiyyətinə böyük hörmətlə yanaşırdı. Dahi rəhbər ölkə həyatının bütün sahələrində qadınlara xüsusi yer ayırdı, onların hərtərəfli fəaliyyətinə geniş meydan verdi. Tarix boyu milli dəyərlərə sadiq qalan qadınlarımız müqəddəs ana şərəfini uca tutaraq ölkənin ictimai-siyasi, mədəni həyatında fəal iştirak edib, mədəniyyətimizin və mənəviyyatımızın ən etibarlı dayağı olublar. Bu gün dövlət qadın siyasətinin Prezident cənab İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilməsi sayəsində Azərbaycan qadınının cəmiyyətdə yeri və nüfuzu daha da artıb. Ağbirçək analarımızın müdrikliyinin daşıyıcıları kimi müasir Azərbaycan xanımları bu gün də xalqa və cəmiyyətə fədakarcasına xidmət edirlər.

Vətənini, xalqını hədsiz dərəcədə sevən Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın timsalında mərdlik, sədaqət, ucalıq mücəssəməsi Azərbaycan qadınının obrazı dünyada ləyaqətlə təmsil edilir. Bəşəri idealların təntənəsinə xidmət edən Mehriban xanım Əliyeva hərtərəfli fəaliyyəti ilə həm ölkədə, həm də beynəlxalq aləmdə Azərbaycan qadının nüfuzunu daha da yüksəklərə qaldırıb Ölkənin Birinci vitse-prezidentinin rəhbərliyi ilə milli maraqlarımıza xidmət edən və ənənələrimizi yaşadan çoxlu sayda böyük layihələrin uğurla icra olunması Azərbaycan qadınının mərhəmət və xeyirxahlığının, zəngin mənəvi-intellektual və yüksək əxlaqi dəyərlərə malik olduğunun bariz nümunəsidir.

Azərbaycanda qadın hüquqlarının qorunması, təbliğ olunması, qadınların dövlət siyasətinin həyata keçirilməsində və qanunların qəbul edilməsində iştirakının artırılması dövlət siyasətinin ayrılmaz tərkib hissəsidir. Azərbaycan qadınları mühüm dövlət qurumlarında, parlament və bələdiyyələrdə uğurla təmsil olunur, ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni proseslərdə fəal iştirak edir, ölkəmizin inkişafına, tərəqqisinə böyük töhfələr verirlər.