YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Heydər Əliyev hakimiyyətə gəlməsəydi…

Etibar Hacıyev

YAP Ağstafa rayon təşkilatının sədri

“Dövlətçilik salnaməmizdə silinməz izlər qoymuş, azərbaycanlı olması ilə ömür boyu fəxr etmiş, milli qürur və iftixar mənbəyimiz olan Heydər Əliyev bütün dünyada Azərbaycanın rəmzi kimi qəbul edilir. Xalqımız onun əziz xatirəsini həmişə uca tutur və minnətdarlıqla anır, yenidən hakimiyyətə gəldiyi günü Azərbaycan Respublikasının dövlət bayramı – Milli Qurtuluş Günü kimi qeyd edir.” Dövlət başçısı İlham Əliyevin “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında” Sərəncamında əksini tapan bu fikirlər Ümummilli Liderin dövlətimiz, xalqımız qarşısındakı xidmətlərinin təqdimatıdır. Bu sənədin ardınca cənab İlham Əliyev 18 müddəadan ibarət Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Tədbirlər planını təsdiqlədi. 2023-cü il çərçivəsində görüləcək işlərin xronologiyasını özündə əks etdirən bu sənəd Azərbaycanın hər bir sahədə uğurlarının dahi şəxsiyyətin adı ilə bağlı olduğunu təsdiqləyir.

Müasir müstəqil Azərbaycan ulu öndər Heydər Əliyevin şah əsəridir. Reallıq budur ki, Ümummilli Lider 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtmasaydı Azərbaycan adlı dövlətin varlığından danışmaq sual altında olardı. Ulu öndər Heydər Əliyev zəngin dövlətçilik təcrübəsi, torpağına, xalqına, dövlətinə bağlılığı xilaskarlıq missiyasını uğurla yerinə yetirməsinə stimul verdi.  Azərbaycan xaosdan, anarxiyadan, özbaşınalıqlardan, iqtisadi böhrandan xilas oldu. Torpaqlarımızın işğalının qarşısı alındı. 1994-cü ildə dahi şəxsiyyətin səyləri nəticəsində cəbhə xəttində atəşkəsin əldə olunması ölkəmizdə sabitliyin möhkəmləndirilməsində öz sözünü dedi.  Azərbaycan qısa müddətdə sabitlik diyarına çevrilməklə investisiya axınının sürətləndirilməsinə geniş imkanlar yarandı.

Ümummilli Liderin reallığı özündə ehtiva edən bu çağırışını xüsusi qeyd etmək istərdik ki, müstəqilliyin əldə olunması nə qədər çətindirsə, qorunub saxlanılması ondan da çətindir. Müstəqilliyimizin bərpasının ilk illəri ilə bugününü müqayisə etdikdə bunun bir daha şahidi oluruq.

2023-cü ilin ümumilikdə “Heydər Əliyev İli” elan edilməsi dahi şəxsiyyətin fəaliyyətinin ayrı-ayrı istiqamətlərinin daha dərindən araşdırılmasına, bu günədək çap olunan elmi əsərlərin, kitabların sırasına yenilərinin əlavə olunmasına geniş imkanlar yaradacaq.  Bu fikir hər zaman önə çəkilir ki, ulu öndər Heydər Əliyev hakimiyyətinin birinci dövründə Azərbaycanı keçmiş İttifaqın ən geridə qalmış respublikasından qabaqcıl ölkəyə çevirdiyi kimi, hakimiyyətinin ikinci mərhələsində də müstəqilliyimizin xilaskarı kimi adını tarixə qızıl hərflərlə yazdı. Dövlət başçısı İlham Əliyev 2021-ci ildə Yeni Azərbaycan Partiyasının VII qurultayındakı proqram xarakterli çıxışında bu həqiqəti əsaslı şəkildə diqqətə çatdırmışdır ki, bizim əsl müstəqillik tariximiz ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Çünki ona qədər müstəqillik sözdə var idi, amma faktiki olaraq yox idi: “Azərbaycan müstəqil siyasət apara bilirdi? Yox! Öz hüdudlarını qoruya bilirdi? Yox! Beynəlxalq aləmdə öz sözünü deyə bilirdi? Yox! Bəs bu, nə müstəqillikdir? Əlbəttə ki, o dövrü düzgün təhlil edərkən biz gələcəkdə də özümüzü hər hansı bir risklərdən sığortalanmış olarıq. O dövrü bilməyən, o vaxt yaşamayan gənc nəsil bilməlidir ki, nəyin bahasına biz müstəqilliyi qoruyub saxlaya bilmişik. Kimə biz borcluyuq. Əgər Heydər Əliyev o vaxt hakimiyyətə gəlməsəydi, bu gün Azərbaycan bəlkə də ancaq kiminsə əlinin altında bir oyuncaq dövlət kimi, bir yarımmüstəmləkə kimi yaşaya bilərdi.” Ölkə Prezidenti hər zaman bu çağırışı edir ki, biz bu tarixi bilməliyik, bilirik və bundan sonra öz fəaliyyətimizi bu möhkəm təməl üzərində quracağıq, necə ki, bu vaxta qədər qurmuşuq.

Azərbaycanın dövlət müstəqilliyinin daimiliyini təmin edən ulu öndər Heydər Əliyev bu günümüz və gələcəyimiz üçün möhkəm təməl yaradaraq bu inkişafın davamlılığını təmin etmək üçün 2003-cü ildə xalqa tarixi müraciətində “Mən Ona özüm qədər inanıram” deyərək özünün axıra çatdıra bilmədiyi işləri, planları cənab İlham Əliyevin xalqın dəstəyi ilə başa çatdıracağına əminliyini bildirdi. Son 20 ilə yaxın dövrün reallıqları, ən əsası tarixi Zəfərimiz bunun bir daha təsdiqidir. Heydər Əliyev yolu Azərbaycana daim uğur qazandıracaq.