YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yeni çağırışlar YAP-ın fəaliyyət prioritetləridir

Aydın Hüseynov

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü

Cənubi Qafqazın ən böyük siyasi təşkilatı olan Yeni Azərbaycan Partiyası Azərbaycanın ictimai-siyasi inkişafında, demokratik dövlət quruculuğunda və iqtisadi inkişafda öz töfhəsini verməkdir. Partiyamız  Azərbaycanın inkişaf şüarı olan «müasir dövlət, güclü iqtisadiyyat, yüksək sosial rifah» prinsipi ilə ölkəmizin siyasi və iqtisadi uğurlarında bilavasitə yaxından iştirak edərək iqtisadi tərəqqinin və zəngin sosial rifahın qazanılmasında mühüm rol oynayır. YAP-ın həm də Azərbaycanın beynəlxalq imicinin möhkəmlənməsində müstəsna xidmətlərə malikdir, Avropanın və Asiyanın bir çox ölkələrinin aparıcı siyasi partiyaları ilə ikitərəfli və çoxtərəfli əlaqələrini inkişaf etdirib, partiyalar səviyyəsində beynəlxalq qurumlarda uğurla təmsil olunub. Eyni zamanda, partiyamızın çoxşaxəli beynəlxalq əlaqələrini uğurla davam etdirməsi nəticəsində Azərbaycan həqiqətləri dünya ictimaiyyətinə çatdırılır.

Son illərdə Azərbaycanın gələcək inkişafı üçün yeni hədəflər və strateji prioritetlər müəyyənləşdirilib, bu istiqamətdə addımlar atılıb, ciddi nailiyyətlər əldə olunub. Azərbaycan 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi ilə möhtəşəm qələbə qazanıb, ərazi bütövlüyünü təmin edib, yeni ictimai-siyasi reallıqlar yaranıb. Bu reallıqlar Yeni Azərbaycan Partiyasının da öz fəaliyyətini zamanın tələblərinə və çağırışlarına uyğun formalaşdırması kimi ümdə vəzifələri qarşıya qoymuşdu. Bu kimi vacib amillər Yeni Azərbaycan Partiyasının VII qurultayını zəruri etmişdi.

İki il əvvəl 2021-ci il martın 5-də YAP-ın VII qurultayının keçirilməsi ilə partiyamızın və ölkəmizin inkişafında yeni mərhələnin əsasını qoyuldu. Qurultayda qəbul edilən qərarlar partiyamızın inkişafı və müasir çağırışlara cavab verməsi - ictimai-siyasi öhdəlikləri layiqincə yerinə yetirməsi üçün olduqca əhəmiyyətlidir. YAP Sədri, Prezident İlham Əliyevin qeyd etdiyi kimi, partiyamızın VII qurultayı ölkəmizin ictimai-siyasi həyatında önəmli hadisə oldu. Qurultayda partiyanın rəhbər strukturlarının yenidən formalaşdırılması ilə bağlı əhəmiyyətli qərarlar qəbul edildi, yeni Nizamnamə təsdiq olundu.  

YAP-ın yeni Nizamnaməsinə uyğun olaraq Mehriban Əliyeva partiya Sədrinin birinci müavini təyin olundu. Bu möhtəşəm hadisə YAP-ın nüfuzunun və gücünün, Yeni Azərbaycan Partiyasına ictimai dəstəyin daha da artması baxımından olduqca mühüm əhəmiyyətə malikdir.

Bunlarla yanaşı, YAP-ın İdarə Heyətinin, Təftiş Komissiyasının, Gənclər Birliyinin yenidən formalaşdırılması, Veteranlar Şurasının təsis edilməsi də partiya idarəetməsində yeni mərhələnin başlanmasıdır. Digər tərəfdən, 6 siyasi partiyanın YAP-a qoşulmasına dair qərar qəbul edilməsi partiyamızın yüksək nüfuzunun, inam və etimad ünvanı olmasının daha bir nümunəsi - əyani ifadəsidir. Bu fakt həm də siyasi birlik və milli həmrəylik örnəyi, yeni siyasi mədəniyyət nümunəsi kimi diqqətəlayiqdir.

Qurultayda 6 siyasi partiyanın müraciəti əsasında YAP-a qoşulması isə ölkəmizdəki siyasi dialoq mühitinin göstəricisi kimi qiymətləndirilə bilər. Onu da qeyd edim ki, Yeni Azərbaycan Partiyası həm iqtidar partiyası kimi, həm də ölkənin hər bir sahəsində təmsil olunan partiya kimi iqtidar-müxalifət dialoquna öz töhfəsini verməkdədir. YAP əməkdaşlığa açıq və yerlərdə siyasi dialoq ilə bağlı olan prosesləri stimullaşdıran partiyadır. 2021-ci ilin oktyabr ayında YAP Mərkəzi Aparatında parlamentdə təmsil olunan müxalifət partiyaların sədrləri ilə keçirilmiş görüş bu istiqamətdə görülən işlərə bir nümunədir. Eləcə də yerlərdə müxalifət partiyalarının yerli təşkilatları ilə sağlam münasibətlərin qurulması YAP-ın yerli təşkilatlarının fəaliyyət istiqamətlərindən biridir.

YAP-ın Nizamnaməsinə əsasən, ötən 2 ildə partiyanın yerli təşkilatları yeni prinsiplər əsasında formalaşdırılıb, partiya strukturunda vəzifə tutan şəxs digər vəzifə daşıya bilmədiyinə görə, bu tələblərdən irəli gələrək YAP-ın yerli təşkilat aparatlarının yenidən formalaşdırılması təmin olundu. Həmçinin Partiyanın təşkilatlanması işi və gəncləşmə siyasəti daha çevik və müasir tələblərə, partiyanın Sədrinin qarşıya qoyduğu vəzifələrə uyğun davam etdirilibdir.
Partiyamızın son 2 ildə beynəlxalq münasibətləri daha da inkişaf edib, bir çox ölkələrin aparıcı siyasi yəşkilatları ilə ikitərəfli və çoxtərəfli əməkdaşlığın coğrafiyası genişlənib, beynəlxalq əlaqələrində dost və qardaş Türkiyənin, MDB üzvü olan ölkələrin, Avropa və Asiyanın aparıcı siyasi partiyaları və qurumları ilə bir neçə görüşlər keçirilib. Bu konteksdə YAP-AK Parti əlaqələrinin də keyfiyyətcə yeni mərhələyə qədəm qoymasını xüsusi olaraq diqqətə çatdırmaq lazımdır. İki hakim siyasi partiya dövlət başçılarının qardaşlıq münasibətlərini örnək götürərək əlaqələri daha da gücləndirməyi, inkişaf etdirməyi qarşıya məqsəd qoyub və bu istiqamətdə müvafiq siyasi, hüquqi addımlar atılır. Türkiyədə səfərdə olan YAP nümayəndə heyəti AK Partinin yüksəksəviyyəli rəsmiləri ilə görüşlər keçirilib, iki partiya arasında Əməkdaşlıq Protokolu imzalanıb. Eləcə də Yeni Azərbaycan Partiyası ilə Çin Kommunist Partiyasın arasında əlaqələrin inkişafı hər il genişlənməkdədir.

Hazırda inkişaf edən Azərbaycanın qarşısında duran yeni çağırışlar həm də YAP-ın əsas fəaliyyət prioritetləridir. Əminəm ki, yeni mərhələdə Azərbaycanda ictimai-siyasi sabitliyin möhkəmlənməsi və ölkəmizin inkişaf və tərəqqisinin güclənməsi istiqamətində YAP öz uğurlu missiyasını davam edirərək yeni uğurlara imza atacaqdır.