YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Daim siyasi proseslərin önündə…

 “Yeni Azərbaycan Partiyası yarandığı vaxtdan cəmiyyətimizin avanqard siyasi qüvvəsinə çevrilib. Partiyamızın yaradıcısı, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin xalqımızın təkidli tələbi ilə hakimiyyətə gəlişindən sonra hakim partiya statusunu alan YAP daim siyasi proseslərin önündə olub, xalqın etimadını layiqincə doğruldub”. Bu fikirləri Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Pərvin Kərimzadə deyib.

Deputat bildirib ki, Yeni Azərbaycan Partiyası ötən illər ərzində əldə etdiyi nailiyyətlərlə kifayətlənməyib, Azərbaycanın gələcəyi naminə ilklərə imza atıb, cəmiyyətimizdəki yeniliklərə adekvat cavab verib. Partiyamız hər zaman öz fəaliyyəti ilə dövlətimizin inkişafına, yüksəlişinə, dahi şəxsiyyət Heydər Əliyevin ideyalarına sədaqətini, o cümlədən, Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasətə, aparılan islahatlara töhfələr verib, bu siyasətin cəmiyyətimizdə geniş təbliği istiqamətində üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışıb.

YAP-ın hər zaman yeniliklərə önəm verdiyini deyən millət vəkilinin sözlərinə görə, iki il əvvəl - 5 mart 2021-ci il tarixdə keçirilmiş partiyanın VII Qurultayında qəbul edilmiş qərarlar və ondan sonar həyata keçirilən tədbirlər bir daha göstərdi ki, ölkəmizdə siyasi mədəniyyətin və siyasi sistemin inkişafında bu siyasi qüvvənin müstəsna rolu vardır. VII Qurultay Yeni Azərbaycan Partiyasının tarixində növbəti dönüş nöqtəsi, yeni inkişaf mərhələsinin başlanğıcı oldu. Partiyamızın Sədri, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Qurultayda proqram xarakterli çıxışı, vacib qərarların qəbul edilməsi partiyanın idarə olunmasının və partiyada fəaliyyətin tənzimlənməsinin yeni, çevik mexanizminin yaradılması, təkcə Yeni Azərbaycan Partiyasının üzvlərinə deyil, bütövlükdə Azərbaycan cəmiyyətinə verilən, xalqımızın yüksək mənəvi dəyərlərindən, dünyagörüşündən qaynaqlanan, ölkəmizin siyasi münasibətlər sisteminin gələcəyinə yönəlmiş mesaj oldu.

YAP İdarə Heyətinin üzvünün fikrincə, VII Qurultayda qəbul olunmuş qərarlar, yeni Nizamnamə müasir dövrün bütün tələb və çağırışlarına cavab verdi, partiyanın fəaliyyətində keyfiyyət etibarı ilə əhəmiyyətli dəyişikliklərə səbəb oldu. Daha təkmil idarəetmə formasının müəyyən olunması, yeni Proqramın demokratik dəyərlərə və milli maraqlara əsaslanan, habelə müasir yanaşma və metodları özündə ehtiva etməsi hakim partiyanın ictimai-siyasi öhdəlikləri layiqincə yerinə yetirməsinə, yeni yol xəritəsinin müxtəlif istiqamətlərinin müəyyənləşdirilməsinə öz müsbət təsirini göstərdi. Qurultaydan sonar qəbul olunmuş yeni Proqramda Yeni Azərbaycan Partiyasının siyasi dəyərlər və prinsiplər sistemində 10 strateji istiqamət müəyyən olunub:  Heydər Əliyev yolu, müstəqillik, azərbaycançılıq, dövlətçilik, qanunun aliliyi, varislik və təkamül, konstruktiv əməkdaşlıq və dialoq, social ədalət və insan amili, multicultural cəmiyyət və demokratik ənənələrin inkişafı. Xüsusiilə qeyd etmək lazımdır ki, partiyamız 44 günlük Vətən müharibəsi dönəmində milli birlik modelini dünyaya nümayiş etdirdi, Azərbaycanın siyasi həyatında yeni bir strategiyanın – siyasi həmrəylik, inteqrasiya və milli birlik modelinin əsasını qoydu. 6 siyasi partiyanın YAP-a birləşməsi isə siyasi dialoqun və münasibətlərin, eləcədə həmrəyliyin yüksək göstəricisidir.

Pərvin Kərimzadə VII Qurultaydan sonra Yeni Azərbaycan Partiyasının beynəlxalq əlaqələrinin daha da inkişaf etdiyini vurğulayıb. Onun sözlərinə görə, dostluq və qardaşlıq əlaqələri digər sahələrdə olduğu kimi, hakim siyasi partiyaların münasibətlərində də dinamik şəkildə inkişaf edir. Azərbaycan və Türkiyənin iqtidar partiyaları arasında uzun illər davam edən əməkdaşlıq yeni mərhələyə qədəm qoydu. Yeni Azərbaycan Partiyası və Türkiyənin Ədalət və İnkişaf Partiyası (AK Parti) arasında 2021-ci il iyun ayının 2-də imzalanmış əməkdaşlığa dairniyyət protokolu xüsusi əhəmiyyət kəsb edir. Hər iki partiyanın birgə təşkilatçılığı ilə müxtəlif aktual mövzularla bağlı videoformatda konfranslar keçirilib, nümayəndə heyətlərinin qarşılıqlı səfərləri baş tutub. Partiya liderləri arasında olan dostluq münasibətləri AK Parti və YAP arasında əlaqələrin daha da güclənməsinə əminlik yaradıb. Həmçinin, YAP-ın Rusiya, Çin, Qazaxıstan, Özbəkistan, Ukrayna və digər bir sıra ölkələrin hakim partiyaları ilə fəal əlaqələri mövcuddur. Bundan əlavə, YAP Asiya regionunda 350-dən artıq siyasi partiyanı əhatə edən Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının (İCAPP) Daimi Komitəsinin üzvü kimi təşkilatın işində fəal iştirak edir.

Ötən il partiyamızın təsis olunmasının 30 illiyinin qeyd edildiyini xatırladan millət vəkili partiyamızın diqqətə çatdırıb ki, hər zaman siyasi proseslərin önündə gedən Yeni Azərbaycan Partiyası bundan sonra da cənab İlham Əliyevin liderliyi ilə yeni-yeni nailiyyətlər qazanacaq, özünün qələbələr partiyası kimi statusunu qoruyacaq!