YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan təqdir olunur!

Sədaqət Vəliyeva

Milli Məclisin deputatı

Azərbaycan hər zaman dünya əhəmiyyətli tədbirlərə, qlobal toplantılara yüksək səviyyədə və nümunəvi ev sahibliyi edib. Ölkəmiz Martın 2-də növbəti dəfə beynəlxalq əhəmiyyətli tədbirə - Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşünə ev sahibliyi etdi. Zirvə Görüşündə 70-ə yaxın ölkənin dövlət və hökumət başçıları, 5 ölkənin prezidenti, 3 ölkənin Baş naziri, yüksək səviyyəli ölkə nümayəndələri, beynəlxalq təşkilat rəhbərləri iştirak edirdi. Belə mötəbər və əhəmiyyətli tədbirin Azərbaycanda keçirilməsi Prezident İlham Əliyevin həyata keçirdiyi müdrik siyasətin və insanlıq naminə atdığı humanist addımların nəticəsidir. Ölkəmiz 2019-cu ildən etibarən Qoşulmama Hərəkatına sədrliyi öz üzərinə götürüb ki, bu müddət ərzində təşkilatın fəaliyyətində böyük və görünməmiş canlanma müşahidə olunub. Qoşulmama Hərəkatındakı səmərəli və faydalı fəaliyyətinin nəticəsi olaraq, təşkilata üzv dövlətlərin yekdilliklə səs verməsi nəticəsində Azərbaycanın 2019-2022-ci illərdə quruma sədrlik etməsi barədə qərar qəbul olunub.  Daha sonra təşkilata üzv dövlətlərin yekdil qərarı ilə Azərbaycanın sədrlik müddəti daha bir il uzadılıb. Azərbaycanın Qoşulmama Hərəkatındakı fəaliyyəti dünya ictimaiyyəti tərəfindən də yüksək qiymətləndirilir, təqdir və nümunəvi fəaliyyət olaraq qeyd edilir.

Zirvə Görüşündə çıxış edən ölkə başçımız İlham Əliyev Azərbaycanın Qoşulmama Hərəkatındakı fəaliyyəti ilə bağlı ətraflı məlumat verib. Belə ki, Azərbaycan tərəfindən əksəriyyəti Qoşulmama Hərəkatı ailəsinin üzvləri olan 80-dən çox ölkəyə koronavirusla bağlı ya ikitərəfli kanallar, ya da Ümumdünya Səhiyyə Təşkilatı vasitəsilə maliyyə və humanitar yardımlar göstərilib. Daha sonra cənab Prezidentimiz Azərbaycan tərəfindən irəli sürülən mühüm və səmərəli təşəbbüsləri qeyd edib. Belə ki,  ölkəmiz tərəfindən 2020-ci ilin may ayında Qoşulmama Hərəkatının dövlət və hökumət başçıları səviyyəsində onlayn Zirvə toplantısının keçirilməsi, Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin yaradılması kimi təşəbbüslər irəli sürüb. Eyni zamanda Azərbaycan tərəfindən irəli  sürülən mühüm təşəbbüslərdən biri də BMT Baş Assambleyasının liderlər səviyyəsində xüsusi sessiyasının çağırılması təşəbbüsü olub ki, bu təklif  BMT-yə üzv dövlətlər arasında böyük dəstək qazanıb.

Daha sonra Azərbaycan Prezidenti öz nitqində dünyada hökm sürən arzuolunmaz tendensiyalar, ikili standartlar siyasəti, dövlətlərin suverenliyinin və ərazi bütövlüyünün pozulması, beynəlxalq təşkilatların qərarlarının icra olunmaması kimi mövzulara toxunub. Xüsusilə qeyd etmək lazımdır ki, Azərbaycan dünyada ikili standartlara ən çox məruz qalan ölkələrdən biridir. Buna baxmayaraq Ali Baş Komandan İlham Əliyevin Dəmir Yumruğunun iradəsi və illər ərzində apardığı müdrik siyasəti nəticəsində Azərbaycan təkbaşına ədaləti bərpa edib və BMT Qətnamələrini icra edib.

Ali Baş Komandan İlham Əliyev öz çıxışını Ermənistanın işğaldan azad olunmuş ərazilərmizdə törətdiyi vəhşiliklər və vandalizm  haqqında məlumat verdi. Ermənistanın işğal illərində Azərbaycanın yüzlərlə şəhər və kəndini məqsədyönlü şəkildə dağıtdığını, bütün mədəni və dini abidələr talan və qarət etdiyini qeyd edən ölkə başçımız İlham Əliyev Azərbaycanın işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı yenidənqurma işləri apardığını diqqətə çatdırıb. Bu fakt bir daha Ermənistanın vandal siyasətini ifşa etməklə yanaşı Azərbaycanın qüdrətini nümayiş etdirmiş oldu.

Zirvə Toplantısında Azərbaycan Prezidenti İlham Əliyev mühüm təkliflə də çıxış etdi. Belə ki, cənab Prezident Qoşulmama Hərəkatına üzv ölkələrin bir çoxunun mina və partlamamış hərbi sursatlarla ən çox çirklənmiş ölkələr sırasında olduğunu nəzərə alaraq, Qoşulmama Hərəkatının səsini qlobal miqyasda eşitdirmək üçün Minaların Təsirinə Məruz Qalmış Ölkələrin Həmfikirlər Qrupunun yaradılmasını təklif etdi. Dünya növbəti dəfə Prezident İlham Əliyev humanistliyinə, uzaqgörənliyinə və insansevərliyinə şahidlik etdi.