YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Resurslar səfərbər edilir, səylər birləşdirilir

Əlişah Rəcəbov

YAP Ağdaş rayon təşkilatının sədri

Azərbaycan 2019-cu ildən Qoşulmama Hərəkatına sədrlik edir. Ölkəmizin uğurlu sədrlik fəaliyyəti nəzərə alınaraq üzv ölkələr Azərbaycanın sədrlik müddətinin əlavə bir il uzadılması qərarı qəbul ediblər. Qoşulmama Hərəkatının sədri olaraq Azərbaycanın məqsədi ədaləti və beynəlxalq hüququ müdafiə etməkdir. Ölkəmizin Qoşulmama Hərəkatına sədrlik dövrü pandemiya ilə eyni bir vaxta düşdü. COVID-19-a qarşı qlobal səyləri səfərbər etmək təşəbbüsü ilə ilk çıxış edən də məhz Qoşulmama Hərəkatı oldu. Qoşulmama Hərəkatının sədri qismində ölkəmiz bir çox mühüm təşəbbüslərlə çıxış edib. Bu təşəbbüslərin bir qismi COVID-19-a qarşı mübarizə tədbirlərindən ibarətdir. Bütün ölkələrin peyvəndlərdən ədalətli və vahid şəkildə istifadəsini təmin etmək üçün 2021-ci ildə BMT-nin İnsan Hüquqları Şurasında və BMT Baş Assambleyasında qəbul edilmiş iki qətnamənin təşəbbüskarı da  Qoşulmama Hərəkatı olmuşdur. Məhz bu mühüm təşəbbüslərin reallaşması nəticəsində Qoşulmama Hərəkatının koronavirusla mübarizədə liderliyi beynəlxalq aləmdə birmənalı olaraq qəbul edilib.

Martın 2-də Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşündə Prezident İlham Əliyev çıxışında Azərbaycanın sədrliyi müddətində pandemiyaya qarşı mübarizə tədbirləri haqqında danışarkən qeyd etdi ki, Qoşulmama Hərəkatının pandemiya ilə mübarizə üçün qlobal səylərin səfərbər edilməsində liderliyi Hərəkatın nüfuzunu və məsuliyyətini bir daha nümayiş etdirdi. Prezident İlham Əliyev çıxışında həmçinin Azərbaycanın Qoşulmama Hərəkatının institusional inkişafına mühüm töhfələr də verdiyinə diqqət çəkdi. Belə ki, Azərbaycanın təşəbbüsü ilə 2022-ci ilin iyun ayında Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi, iyul ayında isə Gənclər Təşkilatı yaradılmışdır. Şuşa Razılaşması əsasında yaradılan Qoşulmama Hərəkatının Gənclər Təşkilatının daimi katibliyi Bakıda yerləşir.

Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşündə Prezident cənab İlham Əliyev dünyada mövcud olan ikili standarlar siyasətinə də diqqət çəkdi.  Belə ki, müasir dünyada suverenliyin və ərazi bütövlüyünün pozulması, dövlətlərin daxili işlərinə müdaxilə halları daha çox müşahidə olunmaqdadır. Aparıcı beynəlxalq təşkilatların qərarları ya icra olunmur, ya da selektiv yanaşma və ikili standartlar tətbiq edilir. Bu baxımdan BMT Təhlükəsizlik Şurası indiki reallığı əks etdirmir və keçmişi xatırladır. Odur ki, Təhlükəsizlik Şurasının tərkibi genişləndirilməli və orada daha çox ölkə təmsil olunmalıdır. Öz çıxışında BMT-də islahatların dövrün tələbi olduğuna diqqət çəkən Prezident cənab İlham Əliyev bildirdi ki, BMT Təhlükəsizlik Şurasında bir daimi yer Qoşulmama Hərəkatına verilməli və Qoşulmama Hərəkatına sədrlik edən ölkə növbəli şəkildə bu yerə sahib olmalıdır.

Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşündə Prezident İlham Əliyev beynəlxalq əhəmiyyətli müxtəlif məsələlərlə yanaşı bir daha Azərbaycan həqiqətlərini diqqət mərkəzinə gətirdi və ölkəmizin uzun illər Ermənistanın işğalından əziyyət çəkdiyini xatırlatdı. Ölkə başçısı qeyd etdi ki, Azərbaycan öz gücü hesabına artıq bu işğala son qoyub və ərazi bütövlüyü ilə bərabər tarixi ədaləti də bərpa edib.