YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bir gecədə...

Anar Nəbiyev

YAP Qazax rayon təşkilatının sədri

Xocalı erməni silahlı birləşmələrinin ölkəmizə təcavüzünün kuliminasiya nöqtəsi idi. Erməni faşistlər aylarla mühasirədə saxladıqları bu dinc şəhəri öz havadarları ilə birgə bir gecənin içində yerlə-yeksan etdilər. Dinc əhaliyə amansızlıqla divan tutuldu, 613 nəfər qətlə yetirildi, 1275 nəfər girov götürüldü, 150 nəfərin taleyi hələ də məlum deyil. Qətlə yetirilənlərin 63 nəfəri uşaq, 106 nəfəri qadın, 70 nəfəri ahıl insandır. Hərbi təcavüz nəticəsində 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 132 uşaq isə valideynlərindən birini itirib. Soyqırımı zamanı 56 nəfər xüsusi qəddarlıqla öldürülüb, insanlar diri-diri yandırılıb, onlara ağlasığmaz işgəncələr verilib. Azərbaycan xalqının XX əsrdə üzləşdiyi dəhşətli Xocalı faciəsi yalnız Holokost soyqırımı kimi insanlıq tarixinə düşmüş qanlı faciə ilə müqayisə oluna bilər. XX əsrin sonunda baş vermiş bu faciə təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir.

Xocalı faciəsinin soyqırımı kimi tanıdılması yönümündə atılan addımların miqyasının genişliyi göz önündədir. Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü ildə Milli Məclisin Xocalı soyqırımının müzakirəsinə həsr olunmuş xüsusi iclası keçirilib, hər il fevralın 26-sının “Xocalılıların soyqırımı günü” kimi qeyd olunması barədə qərar qəbul edilib. Həmçinin Ümummilli Lider 1997-ci ildə hər il fevralın 26-sı saat 17.00-da Azərbaycanın bütün ərazisində “Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq sükut dəqiqəsi elan edilməsi haqqında”, 1998-ci il martın 26-da “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanlar imzalayıb. Son 19  ildən artıq dövrdə ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən  Prezident İlham Əliyevin Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması yönümündə addımları davamlılığı ilə diqqətdədir. Xocalı faciəsinin günahsız qurbanlarının əziz xatirəsinin ümumxalq yürüşü ilə yad edilməsi onu göstərir ki, ermənilərin həyata keçirdikləri bu dəhşətli qətliam xalqımızın yaddaşından heç vaxt silinməyəcək, bu cinayəti törədənlər gec-tez ədalət məhkəməsi qarşısında cavab verərək layiqli cəzalarını alacaq, şəhidlərimizin qanı yerdə qalmayacaq.

Xocalı faciəsinin beynəlxalq səviyyədə soyqırımı kimi tanıdılmasında Heydər Əliyev Fondunun xidmətləri də böyükdür. Fondun prezidenti, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın, həmçinin Fondun  vitse-prezidenti Leyla Əliyevanın xidmətləri xüsusi qeyd edilməlidir. Xocalı həqiqətlərinin təbliğində Leyla Əliyevanın  2008-ci ildə irəli sürdüyü  “Xocalıya ədalət!” beynəlxalq kampaniyanın  mühüm rolu olub.

Dövlətimizin Xocalı soyqırımının dünya miqyasında tanıdılması istiqamətində apardığı sistemli işlərin nəticəsidir ki, İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqının, Meksika, Pakistan, Çexiya, Peru, Kolumbiya, Panama, Honduras, Sudan, Qvatemala və Cibuti parlamentlərinin müvafiq sənədlərində Xocalıda törədilmiş kütləvi qətllərin soyqırımı aktı olduğu təsdiq edilib. Rumıniya, Bosniya və Herseqovina, Serbiya, İordaniya, Sloveniya, Şotlandiya parlamentləri, eləcə də ABŞ-ın 30-dən çox  ştatının icra və qanunvericilik orqanları Xocalı faciəsini qətliam kimi  qətiyyətlə pisləyiblər. Bu gün də  dünyaya belə bir çağırış edilir ki, ədalət əsas meyardır. Bu meyara, beynəlxalq hüquqa söykənərək Xocalı faciəsini törədənlər cəzalandırılmalıdırlar.