YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ədalətin tərəfdarı

“Beynəlxalq təhlükəsizlik məsələlərinin müzakirə olunduğu dünyanın ən aparıcı forumu - Münhen Təhlükəsizlik Konfransı dedikdə ilk növbədə hər kəsin yaddaşına həmişəlik həkk olunmuş hadisə, 2020-ci il fevralın 15-də konfrans çərçivəsində Azərbaycanın dövlət başçısı və Ermənistanın baş naziri arasında keçirilmiş canlı debat gəlir. Həmin tarixi anda Azərbaycan Prezidenti İlham Əliyev dünyanın gözü qarşısında Ermənistanın baş nazirinin, onun içğalçı hökumətinin uydurmalarının həqiqətdən nə qədər uzaq olduğunu nümayiş etdirdi.” Bunu YAP Gəncə şəhər təşkilatının sədri Ramil Orucov bildirib.

O qeyd edib ki, Paşinyanın düşdüyü o gülünc vəziyyətdən cəmi üç il sonra fevralın 18-də Münxen Təhlükəsizlik Konfransı çərçivəsində “Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması” adlı plenar iclasda Prezident İlham Əliyev Cənubi Qafqazda sülhü bərqərar etmək üçün mühüm addımlar atan qalib ölkənin başçısı kimi iştirak etdi. Azərbaycan və Ermənistan rəhbərləri arasında tarixdə ilk və indiyə qədər yeganə canlı efir debatından sonra Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Amerika Birləşmiş Ştatlarının dövlət katibi Antoni Blinkenin vasitəçiliyi ilə Prezident İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında baş tutan görüşdə də, Münxen Təhlükəsizlik Konfransının sədri Kristof Heusgenin moderatorluq etdiyi plenar iclasda da Azərbaycan müasir dünyanı narahat edən bütün problemlərin aradan qaldırılmasında fəallıq göstərən ölkə kimi təqdim edildi.

Qlobal səviyyədə ən vacib və aktual problemlər üzrə diplomatik təşəbbüslər üçün platforma rolunu oynayan plenar iclasda Prezident İlham Əliyev qəti şəkildə  bəyan etdi ki, biz 28 il boyunca sülh danışıqları aparmışıq, təsəvvür edin, 1992-ci ildən 2020-ci ilə qədər. Əgər biz Qarabağ münaqişəsini döyüş meydanında həll etməsəydik, bu sülh danışıqları daha 28 il çəkəcəkdi. Belə bir vəziyyət Ermənistanı tam qane edirdi.

Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin, Ermənistan Respublikasının baş naziri Nikol Paşinyanın, ATƏT-in Baş katibi, Münxen Təhlükəsizlik Konfransı Şurasının sədr müavini xanım Helqa Maria Şmidin iştirak etdiyi mötəbər tədbirdə cənab İlham Əliyev ölkəmizə, Azərbaycan xalqına qarşı törədilən haqsizlığın yadplanetlilər tərəfindən deyil, gəlib bizim torpağımızı işğal etmiş, bir milyon azərbaycanlını evindən didərgin salmış, 67 məsciddən 65-ni dağıtmış, onları təhqir etmiş qonşularımız tərəfindən edildiyini xüsusi ilə vurğuladı.

Ramil Orucov onu da qeyd edib ki, sözügedən plenar iclasda qalib ölkənin qalib Prezidenti Azərbaycanın ədalətli və haqlı mövqeyini beynəlxalq ictimaiyyətə çatdırdığı halda Ermənistanın baş naziri Nikol Paşinyanın bu dəfə də əlinə keçən fürsətdən istifadə edərək Azərbaycana qarşı yalan və böhtanlarla dolu iftiralar səsləndirməsi gülünc mənzərə yaradıb. Prezident İlham Əliyev bildirib ki, Dağlıq Qarabağ (Naqorno Karabax) sözü artıq qüvvədən düşüb, əslində bu, rus sözüdür, “naqorno” dağlıq deməkdir və Azərbaycanda Dağlıq Qarabağ kimi inzibati vahid yoxdur. Dekabrın 12-dən bizim vətəndaş cəmiyyəti fəallarımız keçid məntəqəsinə gələndən indiyədək 2500-dən çox nəqliyyat vasitəsinin, o cümlədən Rusiya sülhməramlılarının və Qırmızı Xaçın təmsilçilərinin yük avtomobillərinin maneəsiz keçidi Paşinyanın səsləndirdiyi iddiaların saxta olduğunu təsdiq edir.

“Münhen Təhlükəsizlik Konfransında Ukraynadakı müharibə, enerji təhlükəsizliyi, "yaşıl enerji", Cənubi Qafqazda təhlükəsizlik məsələləri, həmçinin "Qlobal Cənub"a daxil olan Afrika və Asiyanın üzləşdiyi müxtəlif problemlərlə yanaşı Azərbaycanın uğurları bir daha dünyaya bəyan olundu. Platforma çərçivəsində haqqın, ədalətin tərəfdarı Azərbaycana güvən, qalib ölkəmizin Prezidenti İlham Əliyevə olan böyük hörmət, ehtiram və inam diqqət mərkəzində olub” - deyə YAP Gəncə şəhər təşkilatının sədri Ramil Orucov vurğulayıb.