YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İnamla irəli…

YAP Səbail rayon təşkilatının yaradılmasının 30-cu ildönümü münasibətilə tədbir keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatının yaradılmasının 30-cu  ildönümü münasibətilə tədbir keçirilib.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ulu öndər Heydər Əliyevin və torpaqlarımızın işğaldan azad edilməsi naminə canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Sonra Yeni Azərbaycan Partiyasının 30 illik fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.

YAP İdarə Heyətinin üzvü, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, professor Ədalət Muradov ölkəmizin yüksək inkişaf tempi ilə irəliləməsində hakim Yeni Azərbaycan Partiyasının rolundan danışıb. Ə.Muradov vurğulayıb ki, xalqın partiyası kimi tanınan Yeni Azərbaycan Partiyası artıq 30 ildir ki, respublikamızın ictimai-siyasi həyatında fəal iştirak edir, xalqın sevgisini və dəstəyini qazanır, ölkədə sabitliyin təminatında avanqard rolunu oynayır.

YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev təşkilatın 30 il ərzində keçdiyi yola nəzər salıb. Bildirib ki, Azərbaycan xalqının tarixində taleyüklü məsələlərin həllində ümummilli lider Heydər Əliyevin xüsusi rolu var. Əsası Ulu Öndər tərəfindən qoyulmuş və Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni-yeni nailiyyətlərə imza atan YAP ölkəmizin və regionun ən böyük siyasi təşkilatıdır.

YAP İdarə Heyətinin üzvü, Veteranlar Şurasının sədri Arif Rəhimzadə qeyd edib ki, son 30 ildə partiya məfkurəsinin əsasını müstəqil dövlətçilik, qanunçuluq, azərbaycançılıq, yaradıcı təkamül, vətəndaş həmrəyliyi və sosial ədalət prinsipləri təşkil edib. Bildirib ki, Heydər Əliyev dühasının Yeni Azərbaycan Partiyasının proqramında ifadəsini tapmış dövlətçilik strategiyası son 30 ildə bütün istiqamətlərdə Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanması, möhkəmləndirilməsi və inkişaf etdirilməsi prinsiplərinə söykənib.

YAP İdarə Heyətinin üzvü, Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova çıxışında vurğulayıb ki, Yeni Azərbaycan Partiyası dövlətimizin müstəqilliyinin, ərazi bütövlüyünün qorunması, ölkəmizin beynəlxalq aləmdə layiqli yer tutması kimi əsas partiya prinsiplərini həyata keçirməklə cəmiyyətdə yüksək nüfuza malik olub: “Gələcəyə doğru inamla irəliləyən Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin daha da qüdrətlənməsi istiqamətində ciddi səylər göstərir. Bu gün Prezident İlham Əliyevin sədrlik etdiyi Yeni Azərbaycan Partiyasının Cənubi Qafqazın ən böyük siyasi təşkilatı olaraq nüfuzu davamlı olaraq artır”.

Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Zeynalov çıxışında xalqın ümummilli lider Heydər Əliyevə olan inamının tez bir zamanda siyasi səhnədə parlayan Yeni Azərbaycan Partiyasının tarixi məsuliyyəti öz üzərinə götürməsinə imkan verdiyini bildirib. Onun sözlərinə görə, Ümummilli Liderimizin nüfuzu, Azərbaycan xalqının ona göstərdiyi yüksək etimad Yeni Azərbaycan Partiyasının qısa müddət ərzində təşkilatlanmasına, ölkənin bütün regionlarında özəklərini yaratmasına və 1993-cü ildə hakimiyyətə gəlməsinə şərait yaradıb.

Çıxış edən şəhid Bilal Qənbərovun anası Gültəkin Qənbərova dövlət tərəfindən onlara göstərilən diqqət və qayğıdan danışıb.

“İstiqlaliyyət 18” ünvanı üzrə ərazi partiya təşkilatının sədri Elmin İmanov vurğulayıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə görülən işlərin, atılan uğurlu addımların nəticələri Azərbaycanın və partiyamızın həyatında özünü aydın şəkildə göstərir.

Sonra rayon təşkilatının ictimai-siyasi həyatında fəal iştirak edən partiya üzvlərinə fəxri fərmanlar, partiya sıralarına yeni qoşulmuş şəxslərə üzvlük vəsiqələri təqdim olunub.

Tədbir Cövdət Hacıyev adına 3 nömrəli musiqi məktəbinin təqdimatında ədəbi-bədii hissə ilə davam edib.