YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sözdə və əməldə...

Elmar Əhmədov

YAP Salyan rayon təşkilatının sədri

Azərbaycan-Türkiyə hər zaman qardaşlığın nümunəsini ortaya qoymaqla yanaşı, bu çağırışı da dünyaya çatdırırlar ki, qardaşlıq əlaqələrinin davamlı inkişafında etimad, səmimiyyət amilləri əsasdır. Dünyaya örnək olan bu birlik,  Azərbaycan-Türkiyə qardaşlığı Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğanın uğurlu siyasəti nəticəsində  bu gün ən yüksək zirvəyə çatıb.  Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ötən il ölkəmizdə keçirilən “TEXNOFEST Azərbaycan” festivalında səsləndirdiyi bu  fikirlər iki qardaş ölkənin münasibətlərinin təqdimatı, eyni zamanda, dünyaya bir çağırış oldu: “Bəli, bizlər kədəri də, sevinci də bir olan, sözdə deyil, əməldə də qardaş olan iki dövlətik, iki xalqıq. Göylərdə nazlı-nazlı dalğalanan ayparalarımız kimi, biz eyni inancı bölüşən qədim bir millətin mənsublarıyıq… Eynilə Türkiyə kimi, bura da bizim Vətənimizdir. Eynilə doğulduğumuz yerlər kimi, bura da bizim öz yurdumuzdur. Eyni qaydada Türkiyənin hər bir qarışı da sizlərin Vətəniniz, yurdunuzdur. Türk millətinin qəlbindəki Azərbaycan sevgisini kim qoparıb ata bilər? Qardaşlar arasında kim məsafə qoya bilər? İki qardaşı hansı hüdud ayıra bilər? Könüllərimiz arasında kim sərhəd çəkə bilər?”

Bu gün bu qardaşlıq daha bir sınaqdan üzüağ çıxmaqdadır. Fevralın 6-da Türkiyədə baş verən zəlzələnin ilk dəqiqələrindən qardaş ölkənin yanında olan Azərbaycan dövləti, xalqı “Qardaş Türkiyə, səninləyik!” çağırışını etdi. Bu zəlzələ Türkiyə kimi, Azərbaycanı da kədərə bürüdü. Prezident İlham Əliyev zəlzələnin baş verdiyi günün səhəri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edərək qardaş ölkədə baş vermiş zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılarla bağlı xəbərin Azərbaycanı çox sarsıtdığını və kədərləndirdiyini bildirdi. Cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın  göstərişlərinə uyğun olaraq qardaş dəstəyi bütün ölkəni əhatə etdi. İnsanlar paytaxt və bölgələrdə yardımların toplanması üçün təyin edilmiş yerlərə gələrək qardaş və bacılarına öz paylarını göndərməkdən mənəvi rahatlıqlarını ifadə edirlər.

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın göstərişinə uyğun olaraq Fond böyük təşəbbüsə start verdi. Bu mühüm məqamı xüsusi qeyd etmək istərdik ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qaziantep hava limanında Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın göstərişi ilə qardaş ölkəyə yardım aparan Fond əməkdaşları ilə görüşündə Azərbaycan dövlətinin və xalqının Türkiyədəki faciə ətrafında səfərbər olmasına görə təşəkkürünü ifadə edərək “İlham qardaşıma, Mehriban bacıma öz adımdan, millətim adından çox təşəkkür edirəm!” söylədi. Rəcəb Tayyib Ərdoğan bu fikirləri də  böyük əminliklə qeyd etdi ki,  biz tək bu gün deyil, ölənədək birlikdə olacağıq. Bir millət, iki dövlət olaraq yola davam edəcəyik.

Azərbaycan-Türkiyə əlaqələri illərin sınağından çıxıb, bu birlik möhkəmlənib. Ulu öndər Heydər Əliyevin “Bir millət, iki dövlət!” tezisi bugünümüzün reallıqlarında bir daha öz təsdiqini tapır. Əminik ki, tezliklə qardaş Türkiyə bu sınaqdan da üzüağ çıxacaq. Türkiyə-Azərbaycan birliyi sarsılmazdır.