YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ağır sınaq Türkiyənin iradəsinə təsir etməyəcək

Etibar Hacıyev

YAP Ağstafa rayon təşkilatının sədri

“Bir millət, iki dövlət” olan Azərbaycan və Türkiyənin sevinci də, kədəri də birdir. Fevralın 6-da  qardaş Türkiyədə  baş verən güclü zəlzələnin Azərbaycan xalqında yaratdığı kədər,  nəticələrin aradan qaldırılması istiqamətində  səfərbər olması da deyilənlərin təsdiqidir. Hər zaman olduğu kimi, iki dost, qardaş ölkənin birliyi, bir-birinin yanında olması dünyanın diqqətindədir.

Qardaş ölkəyə ilk dəstəyi Azərbaycanın göstərməsi də təbiidir. Azərbaycan qardaş dəstəyinin nümunəsini bir daha ortaya qoydu. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edərək qardaş ölkədə baş vermiş zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılarla bağlı xəbərin Azərbaycanı çox sarsıtdığını,  kədərləndirdiyini bildirən dövlət başçısı İlham Əliyev, eyni zamanda, fevralın 8-də  Türkiyənin ölkəmizdəki səfirliyində olaraq başsağlığı verdi və səfirlə söhbət zamanı bu əminliyi ifadə etdi ki, bu ağır sınaq Türkiyənin gücünü bir daha bütün dünyaya göstərəcək. Bu, qardaş xalqımızı sarsıtmayacaq, Türkiyə dövlətinin iradəsinə təsir etməyəcək. Türkiyə dövləti güclü dövlətdir və bu fəlakətlə də mübarizədə öz gücünü göstərir.

Azərbaycan dövləti, xalqı hər zaman olduğu kimi, zəlzələdən sonra ilk dəqiqələrdən, ilk saatlardan qardaş Türkiyənin yanında oldu, öz dəstəyini,  həmrəyliyini nümayiş etdirdi. Cənab İlham Əliyev Türkiyənin ölkəmizdəki səfirliyində olarkən bu məqamı da xüsusi qeyd etdi ki, əgər bu acı faciənin fəsadlarının aradan qaldırılmasına bir balaca kömək edə bilmişiksə, bunu özümüz üçün şərəf bilirik. Azərbaycan sona qədər öz dəstəyini göstərəcək.

Dövlət başçısı İlham Əliyevin göstərişinə uyğun olaraq faciə baş verdiyi saatlardan bu günədək Fövqəladə Hallar Nazirliyinin 1000 nəfərədək şəxsi heyəti Türkiyəyə göndərilib. Yardım xilasetmə işlərində iştirak edən şəxsi heyət və tibbi personaldan başqa, bu prosesdə  istifadə olunan ləvazimatlar, generatorlar, nasos stansiyaları, avtomobillər, həmçinin modul səhra hospitalları, tibbi avadanlıq, dərman preparatları, təxirəsalınmaz yardım vasitələri, çadırlar, yataq dəstləri və sair zərər çəkmiş əhali üçün humanitar yardımı əhatə edir. Türkiyədə çoxsaylı insan tələfatına səbəb olmuş zəlzələ qurbanlarına dəstək məqsədilə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın göstərişinə əsasən, Fond tərəfindən qardaş ölkəyə humanitar yardımlar davamlılığı ilə diqqətdədir. Ümumiyyətlə, xalqımız səfərbər olub.  Ölkəmizdən davamlı olaraq zəlzələ zonasına həkimlər, xilasedicilər, könüllülər göndərilir, humanitar yardımlar davamlıdır. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qardaş dəstəyinə görə Azərbaycan dövlətinə və xalqına, cənab İlham Əliyevə və Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya təşəkkürünü ifadə edir.

İnsanların həyatının qurtarılmasında Azərbaycan xilasedicilərinin də əməyinin olmasından qürur duyuruq. Prezident İlham Əliyev zəlzələdən xəsarət alan vətəndaşların Azərbaycanda müalicəsi üçün bütün imkanların olduğunu da bəyan edib. Dünya bir daha bu dostluğun, qardaşlığın sarsılmazlığının şahididir. Bir-birinə sıx tellərlə bağlı olan iki dost ölkə tarixi sınaqlardan hər zaman şərəflə çıxıb və bu sınaq qardaşlığımızı daha da möhkəmləndirdi. Türiyənin gücü Azərbaycanın, Azərbaycanın gücü Türkiyənin gücüdür.