YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ağstafada Gənclər Günü münasibətilə tədbir keçirilib

Ağstafa Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası (YAP) Ağstafa rayon təşkilatının birgə təşkilatçılığı ilə 2 Fevral – Azərbaycan Gəncləri Günü münasibətilə “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov ölkəmizdə həyata keçirilən dövlət gənclər siyasətindən geniş bəhs edib.  Gənclərin millətin inkişafının təməl daşı, müstəqilliyimizin qorunub-saxlanılmasında gələcəyimizin qarantı olduğunu deyən Seymur Orucov Azərbaycanda gəncliyin inkişafı istiqamətində mühüm tədbirlərin həyata keçirilməsinin ölkə siyasətinin prioritetlərindən olduğunu qeyd edib. Həmçinin gənclərin hərtərəfli inkişafının ölkənin sosial-iqtisadi, elmi və mədəni inkişafı ilə sıx əlaqəli olduğunu bildirərək, ölkədə dövlətin müstəqilliyinin möhkəmləndirilməsinin intellektual səviyyəli kadrların hazırlığından asılı olduğunu vurğulayıb. Rayon İcra Hakimiyyətinin başçısı gəncləri təbrik edərək onlara fəalliyətlərində uğurlar arzulayıb.

Daha sonra YAP Ağstafa rayon təşkilatının sədri Etibar Hacıyev çıxış edərək bildirib ki, Ümummilli Lider Heydər Əliyevin dövlətçilik fəlsəfəsi və azərbaycançılıq məfkurəsinə uyğun şəkildə hərtərəfli inkişaf edən Azərbaycan gənci müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük “Vətən Müharibəsi”ndə qəhrəmanlıq dastanı yazdı. Rəşadətli Azərbaycan Ordusunun sıralarındakı Vətən uğrunda mətanətlə vuruşan qəhrəman gənclərimiz öz adlarını xalqımızın ən yeni tarixinə qızıl hərflərlə yazdılar. Məhz onların rəşadəti sayəsində əldə olunan bu Şanlı Zəfər ölkəmizin ərazi bütövlüyünü bərpa etdi, xalqımız otuz illik həsrətdən sonra tarixi torpaqlarımıza qovuşdu.

Tədbirdə çıxış edən digər natiqlər – Ağstafa şəhər 1 saylı tam orta məktəbin direktoru Ramiz Nəsirov, Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyi Ağstafa rayon filialının sədri Mirzahid Hacıyev və Ağstafa şəhər 3 saylı tam orta məktəbin psixoloqu Elnarə İsgəndərova ümummilli lider Heydər Əliyevin gənc kadrların yetişdirilməsinə hər zaman böyük əhəmiyyət verdiyini, bugün də eyni siyasi xəttin ulu öndər Heydər Əliyevin layiqli davamçısı, gənclərin və xalqın əvəzsiz Lideri, ölkə rəhbəri İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsini diqqətə çatdırıblar.

Sonda Yeni Azərbaycan Partiyasına sıralarına yeni qoşulan gənclərə vəsiqələr təqdim olunub və YAP Ağstafa rayon təşkilatının ictimai-siyasi həyatında fəal iştirakına görə bir qrup gənc fəxri fərmanlar ilə təltif ediliblər.   

DİGƏR Xəbərlər Arxiv