YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Dünya artıq bölgədə sülhə mane olanları yaxşı tanıyır

Fidan Hüseynova

YAP Quba rayon təşkilatının sədri ​​​​​​​

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cari ilin yanvar ayinin 10-da yerli televiziya kanallarına müsahibə verib. Dövlət başçımız müsahibədə jurnalistlərin Azərbaycanda 2022-ci ildə iqtisadi, sosial sahələrdə görülən işlərə, Azərbaycan ilə Ermənistan arasındakı münasibətlərə, işğaldan azad edilmiş ərazilərdə aparılan yenidənqurma işlərinə, ölkəmizin xarici siyasətinə və digər məsələlərə dair suallarını cavablandırıb, görülmüş işləri çox əhatəli formada təhlil edib. Xüsusilə qeyd edib ki, İkinci Qarabağ müharibəsindən sonra əsas vəzifəmiz şanlı hərbi qələbəmizi siyasi müstəvidə də təsdiqləmək idi. 2020-ci ilin 27 sentyabrında başlayan və 44 gün ərzində davam edərək erməni işğalı altında olan əzəli torpaqlarımızın azad edilməsi ilə nəticələnən zəfərimiz ən parlaq və şanlı tariximizdir. Bugünkü və gələcək nəsillərimiz bu tarixi hadisəni hər zaman qürurla xatırlayacaq və dövlətimizin, xalqımızın sınmaz iradəsi və qətiyyəti ilə fəxr edəcək. Biz təkcə hərb meydanında deyil, həmçinin siyasi, diplomatik sahələrdə də yüksək üstünlük qazanmışıq. İstər Vətən müharibəsi zamanı, istərsə də postmüharibə dövründə baş verənlər bunu sübut edir.

Cənab Prezident müsahibəsində son iki ilin mühüm hədəfi olan sülh müqaviləsinin imzalanması istiqamətində atılan addımlardan, Azərbaycanın 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatdan irəli gələn öhdəlikləri yüksək səviyyədə yerinə yetirməsindən geniş bəhs edərək Ermənistana mesajlarını çatdırdı. Bildirdi ki, müharibədən sonra iki il ərzində Ermənistan görməli olduğu işlərin heç birini görməyib. Ermənistanın hakimiyyət orqanları məsuliyyəti tamamilə öz üzərinə götürməli və sülh müqaviləsi imzalanmasına hazır olmalıdır. Ermənistan rəhbərliyi başa düşməlidir ki, Azərbaycana qarşı törədilən siyasi və hərbi təxribatların heç bir nəticəsi olmayacaq. Müharibədən sonra Azərbaycan Ermənistanın hərbi təxribatına tutarlı cavab verməklə bir daha onlara başa saldı ki, heç bir qüvvə bizim qarşımızda dayana bilməz. Ermənistan rəhbərliyi bütün bunları nəzərə alıb Azərbaycanla sülh müqaviləsi imzalamağa məcbur olacaq. Dünya artıq bölgədə sülhə mane olanları yaxşı tanıyır.Ermənistanın sülh müqaviləsinə imza atmasına mane olan dövlətlərdən birincisi Fransadır. Fransa dövləti Azərbaycana qarşı apardığı qərəzli və düşmən xarakterli hərəkətlərinin sonunda ağır məğlubiyyətə uğrayacaq. Necə ki, BMT TŞ da ağır və rüsvayedici məğlubiyyətə uğradı.

Ölkə başçısının söz açdığı ən vacib fikirlərdən biri də dünyada baş verən son proseslər fonunda və yaxın gələcəkdə formalaşacaq yeni dünya düzənində Azərbaycanın yeri və rolunun nədən ibarət ola biləcəyi ilə əlaqədar idi. Hər şeydən öncə dövlət başçımızın Ukrayna-Rusiya müharibəsini III Dünya müharibəsi adlandırması olduqca cəsarətli addımdır. Çünki ona qədər heç bir dünya lideri cürət edib, bir müharibəni əsl adı ilə adlandırmayıb. Sözün hər bir mənasında fərqli üsullarla olsa da ABŞ və əksər Avropa ölkələri bu müharibənin iştirakçılarıdır. Prezidentin də bəyan etdiyi kimi, Rusiya-Ukrayna müharibəsindən sonra yeni düzənin yaradılması artıq labüddür, bunun başqa yolu yoxdur: “Çünki ənənəvi təsisatlar səmərəli qaydada fəaliyyət göstərmirlər və bundan sonra da göstərməyəcəklər. Azərbaycan Qarabağ müharibəsindən sonra dəyişdi, dünya da dəyişdi Rusiya-Ukrayna müharibəsindən sonra. Bax, bu iki dəyişiklik demək olar ki, zaman baxımından paralel gedən proseslərdir. Biz bu yeni dünyada özümüzü necə görürük, harada görürük, əlbəttə ki, bunu biz çox dəqiq müəyyən etməliyik. Çünki biz həmişə reallığa söykənməliyik və qarşımıza qeyri-real hədəfləri qoymamalıyıq, bölgədə və dünyada öz yerimizi bilməliyik və möhkəmləndirməliyik. Yenə də əsas məsələ xaricdən gözlənilən mümkün riskləri sıfra endirməkdir ki, bu qədər buna müvəffəq olmuşuq və bu gün müzakirə mövzusu olan atılan addımlar da məhz buna hesablanıb”.

Cənab Prezidentin eyni zamanda diqqət yönəltdiyi digər mühüm məsələlərdən biri də Azərbaycanın nəqliyyat, tranzit-logistika potensialının inkişaf etdirilməsi ilə bağlı görülmüş işlərdir. Qeyd edildi ki, Azərbaycan “Zəngəzur dəhlizi” terminini geosiyasi leksikona daxil edib. Zəngəzur dəhlizinin iqtisadi səmərəsi heç kimdə şübhə doğurmamalıdır. Bizim üçün bu layihə təkcə iqtisadi və nəqliyyat layihəsi deyil, bu, bizim üçün strateji bir layihədir. Bu layihənin reallaşması bizim təbii hüququmuzdur. Ondan əlavə, bu layihənin reallaşması, eyni zamanda, 10 noyabr 2020-ci il üçtərəfli Bəyanatında da öz əksini tapıb. Orada açıq-aydın göstərilir ki, Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat bağlantısı olmalıdır və Ermənistan bunu təmin etməlidir. Zəngəzur dəhlizinin reallaşması tarixi zərurətdir.

Prezident İlham Əliyev işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işləri haqqında danışarkən bildirdi ki, bütün keçmiş köçkünlər zamanla öz dədə-baba torpaqlarına qayıdacaqlar və 2023-cü il artıq Böyük Qayıdışın ilk addımlarından biri olacaq. Bu il məhz Laçın rayonundan olan keçmiş məcburi köçkünlərin öz torpaqlarına qayıdışı təmin olunacaq.