YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Dünya azərbaycanlılarını birləşdirən dövlət

Rövşən Əhmədov

YAP Ağcabədi rayon təşkilatının sədri

Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün əsası 1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Heydər Əliyevin sədrliyi ilə keçən iclasında 31 dekabrın dünya azərbaycanlılarının həmrəylik bayramı kimi qeyd olunması barədə qərar qəbul edilmişdir. Ali Məclis bununla bağlı qanunvericilik aktının qəbul olunması üçün ölkə parlamentinə - Ali Sovetə müraciət edərək, dekabrın 25-də Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurası müraciəti nəzərə alaraq, dekabrın 31-nin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan olunması barədə qanun qəbul etmişdir.

Dünya Azərbaycanlılarının Həmrəylik Gününün qeyd edilməsi artıq bütün dünya azərbaycanlıları üçün zərurətə və mənəvi ehtiyaca çevrilib. Ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində bu gün mühüm rol oynayır.

Artıq iki ili geridə qoyaraq deyə bilirik ki, Milli Həmrəylik Günü tamamilə fərqli, daha yüksək əhvali-ruhiyyə ilə qarşılanır. Çünki torpaqlarımızın işğaldan azad olunması həm də milli həmrəylimizin təntənəsi, xalqımızın öz rəhbəri ətrafında sıx birləşməsinin təcəssümü oldu. 2020-ci il sentyabrın 27-də Ermənistanın ölkəmizə qarşı törətdiyi hərbi təcavüzə cavab olaraq Azərbaycan xalqı Ali Baş Komandan, Prezident İlham Əliyevin çağırışı ilə Vətən müharibəsinə qalxdı. Müzəffər Azərbaycan Ordusu hər anı qəhrəmanlıqlarla dolu 44 gün ərzində düşməni ağır məğlubiyyətə uğratdı və ölkəmizin ərazi bütövlüyünü bərpa etdi. Milli dövlətçilik tariximizdə və xalqımızın yaddaşında əbədi yaşayacaq şanlı Zəfər xalq-iqtidar birliyi, ordumuzun yüksək peşəkarlığı və gərgin siyasi-diplomatik fəaliyyəti sayəsində əldə edildi. Vətən müharibəsində dünyanın bütün ölkələrində yaşayan azərbaycanlılar da yüksək dərəcədə fəallıq göstərdilər, daha sıx birləşdilər. Vətən müharibəsi zamanı xaricdə yaşayan soydaşlarımızın düşmənin məkrli təxribatlarına qarşı etirazları, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması işində fədakar xidmətləri Zəfərimizə layiqli töhfə oldu. Vətən müharibəsi xalqımızın mübarizliyini bütün dünyaya nümayiş etdirdi. Bu savaşda xalqımız İlham Əliyevin rəhbərliyi ilə milli həmrəyliyin ən mükəmməl nümunəsini yaratdı.

Həmçinin vurğulamaq istəyirəm ki, bu il ölkənin iqtidar partiyası olan Yeni Azərbaycan Partiyası üçün də uğurlu keçmişdir. Cənubi Qafqaz kimi regionunun ən güclü siyasi təşkilatına çevrilən Yeni Azərbaycan Partiyasının yaradılmasının bu ilin noyabr ayının 21-də 30 ili tamam olmuşdur. Ölkəmizin siyasi həyatında aparıcı rol oynayan Yeni Azərbaycan Partiyasının yaranması dövrünə və keçdiyi şərəfli yola nəzər saldıqda onun hansı zərurətdən meydana çıxmasının şahidi olmuşuq. Yeni Azərbaycan Partiyası ötən 30 il ərzində böyük inkişaf yolu keçib və bir çox uğurlara imza atıb. Bütün bunlar deməyə əsas verir ki, ümumxalq partiyası olan YAP-ın fəaliyyəti qarşıdakı dövrdə də Azərbaycanın inkişafına xidmət edəcəkdir. Bizim əldə etdiyimiz bütün uğurlarımızda Yeni Azərbaycan Partiyasının, onun üzvlərinin böyük əməyi, zəhməti, rolu var. Bu gün partiyamız ölkəmizin aparıcı siyasi qüvvəsi kimi bu böyük məsuliyyəti hiss edir, onu öz üzərinə götürür. Partiyamızın üzvləri müxtəlif sahələrdə ölkəmizin ümumi inkişafına çox böyük töhfələr verirlər. Bu gün Yeni Azərbaycan Partiyası dünya miqyasında çox böyük və güclü partiyadır. Bizim beynəlxalq əlaqələrimiz də genişlənir.

Ağcabədililər çox gözəl bilir ki, cənab Prezident 50 illik yubileyini burada, yəni Ağcabədidə keçirmişdir. Məcburi köçkünlərlə görüşü zamanı ölkə rəhbəri onlara gələcəkdə doğum gününü işğaldan azad olunan ərazilərdə keçirməyi söz vermişdir. Bəli, bu, belə də oldu. Dövlət rəhbəri 60 illik yubileyini məhz Şuşada Cıdır düzündə qeyd etdi. Bax budur ölkə başçısının imzası qədər dəyərli və qətiyyətli sözü. Şübhə yoxdur ki, Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı irəli sürdüyü məsələlərin həlli istiqamətində mühüm addımlar atılacaqdır.