YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının hazırlanması günümüzün reallığıdır

Ramiz Hüseynov

YAP İdarə Heyətinin üzvü, Sumqayıt şəhər təşkilatının sədri

Azərbaycan tarixinin ilklərə imza atılan səhifələrinin yazıldığı günlərini görən xalqımız bu gün böyük Zəfərin qürurunu, təntənəsini yaşayır. Bu qürurun, bu təntənənin, dünyanı heyrətə salan bu Zəfərin memarı Müzəffər Ali Baş Komandanına borclu olan xalqımız bu qələbəni avans olaraq görür və İlham Əliyev cənablarına, onun apardığı siyasətə güvənərək tarixi dədə-baba torpaqlarımıza qayıtmaq, mənfur qonşularımızın güclə əlimizdən aldığı, əcdadlarımızın qəbirlərinin əsir qaldığı, dağıdılmış, daşı daş üstündə qalmayan yurd-yuvamızın həsrət qoxan xatirələrini, tarixi yaddaşını gələcək nəsillərimizə çatdırmaq niyyəti və Qərbi Azərbaycandan olan soydaşlarımız, onların yaxınları, uşaqları, nəvələri üçün bu tarixi yaddaşı daim edən bir İcmanın yaradılmasını gerçəkliyi çevirdi.

“Əminəm ki, Qərbi azərbaycanlılar böyük coşqu və həvəslə öz doğma torpaqlarına qayıdıb orada yaşayacaqlar” – deyən, Prezident İlham Əliyevin dekabrın 24-də Qərbi Azərbaycan İcmasının inzibati binasında yaradılan şəraitlə tanış olub və Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüş keçirən zaman söylədiyi geniş spektrli tarixi nitqi İcmanın gələcək planlı fəaliyyəti üçün yol xəritəsi idi.

Dəfələrlə qanunsuz olaraq deportasiyaya məruz qalmış toplum olan Qərbi azərbaycanlıların hüquqlarının bərpa olunmasına, insanlarımızın sülh yolu ilə öz tarixi torpaqlarına qaytarılmasına nail olmaq üçün xalq olaraq beynəlxalq müstəvidə daha fəal olmağı tövsiyyə edən prezident İlham Əliyev İcmaya həm tarixi həqiqətlərin, həm tarixi abidələrimizin, ermənilər tərəfindən dağıdılan sarayların, məscidlərin, şəhərlərin, Azərbaycan tarixi irsinin silinməsi ilə bağlı olan faktların öz əksini tapmalı olduğu mötəbər bir rəqəmsal platformanın yaradılması ideyasını verdi.

Həmçinin, ildə və ya iki ildə bir dəfə Bakıda Qərbi Azərbaycanla bağlı beynəlxalq konfransın keçirilməli olduğunu qeyd edən Prezident özümüz üçün dost saydığımız ölkələrdən alimləri, arxeoloqları, tarixçiləri dəvət edərək bu mövzunun gündəlikdə qalmasına, beynəlxalq gündəliyə daxil olunmasına, monodövlət olan Ermənistanın bizim torpaqlarımız üzərində yaradıldığını, bu ərazidə heç vaxt Ermənistan olmadığını, indiki Ermənistanın bizim torpağımız olduğunu dünya ictimaiyyətinə çatdırılmasına nail olmağa çalışmağı tövsiyyə etdi.

Qarabağ münaqişəsi həll olunduqdan sonra gündəliyimizdə duran əsas məsələnin Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının hazırlanması olması, bu sülhsevər konsepsiya ilə bizim bütün beynəlxalq konvensiyalarda məqbul olan müddəaları götürüb bunun əsasında öz hüququmuzu tələb etməli olduğumuz günümüzün reallığıdır. Qarabağ münaqişəsi həll olunana qədər bu haqda danışmaq tez idisə, bu gün artıq bir xalq olaraq bu haqda düşünməli, dövlətimizin başçısının ətrafında daha sıx birləşərək öz üzərimizə düşən vəzifələri vaxtında yerinə yetirməli, vaxt itgisinə yol vermədən öz ulu babalarımızın uyuduğu, hazırda bomboş olan tarixi torpaqlarımıza Qayıdış Konsepsiyasına öz töhfəmizi verməliyik.