YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Dünya azərbaycanlılarının həmrəyliyi tarixi zərurətdən doğan ehtiyacdır

Natiq Quluzadə

YAP Zəngilan rayon təşkilatının sədri

Ulu Öndər Heydər Əliyevin “Qədim və zəngin tarixə malik olan Azərbaycan xalqının dirçəlişini, tərəqqisini və milli birliyini əks etdirən, onu müstəqil dövlətçilik uğrunda müqəddəs və məsuliyyətli mübarizəyə səfərbər edən həmrəylik günü hər bir azərbaycanlı üçün inam və ümid anıdır. Dünyanın müxtəlif ölkələrində milyonlarla soydaşımız yaşayır, işləyir, fəaliyyət göstərir. Buna baxmayaraq, onların milli-mənəvi varlığını yaşadan yeganə bir dövlət var. Bu, müstəqil, suveren Azərbaycan Respublikasıdır. Dünya azərbaycanlılarının birliyi və həmrəyliyi ideyasının əsasını da məhz Azərbaycan dövlətçiliyinə, xalqımızın dilinə, dininə, milli-mənəvi varlığına və ümumbəşəri dəyərlərə hörmət, onların daim qorunmasına, yaşamasına qayğı təşkil edir” fikirləri mahiyyət etibarı ilə dünya azərbaycanlılarının həmrəylik fəlsəfəsinin əsasını təşkil edir.

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü bütün Azərbaycan xalqının ideoloji bütövlüyünü, milli birliyini təmin edən əsas amildir. Bu ideya dövlət siyasətinin prinsipial istiqamətlərindən biri kimi dünyada yaşayan soydaşlarımızın birliyinin ideoloji-nəzəri əsaslarıdır. Dünya azərbaycanlılarının həmrəyliyi milli mənafelər və dövlət maraqları kontekstində tarixi zərurətdən doğan ehtiyacdır. Təbii ki, Azərbaycan dövləti bu milli tələbatın, siyasi konsepsiyanın gerçəkləşməsində mövcud regional və qlobal şəraiti, ictimai-siyasi proseslərin yaratdığı reallığı nəzərə alır. Bu tarixi şəraitin yetişməsi və rəsmiləşməsinə nəzər salaq:

31 dekabr 1989-cu il. Məhz həmin gün xalqın iradəsi və yenilməz gücü ilə 70 il göz bəbəyi kimi qorunan SSRİ-nin dövlət sərhəddindəki tikanlı məftillər və istehkamlar sökülmüş, bir-birindən ayrı salınmış vətən övladlarının qovuşması üçün imkan yaranmışdı. Bu hərəkatı doğuran səbəblər, əlbəttə, on illiklər boyu bir-birindən təcrid edilmiş, aralarında keçilməz sədlər çəkilmiş Azərbaycan xalqının təbii hissləri ilə bağlı olsa da, bu hərəkat əslində, Sovet İttifaqının müstəmləkəçi siyasətinə, kommunist ideoloji sisteminə qarşı xalqın bütün demokratik, azadlıqsevər qüvvələrinin etiraz hərəkatı idi. Belə bir dövrdə Vətənə qayıdan, 3 sentyabr 1991-ci ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri seçilən Heydər Əliyev əhalini möhkəm milli-mənəvi birliyə, Azərbaycan Respublikası üçün təəssübkeşlik etməyə, onun uğrunda çalışmağa və mübarizə etməyə çağırdı. Beləliklə, Azərbaycanda müstəqil dövlət quruculuğunun bir sıra mühüm addımları Naxçıvanda, hələ Sovet hakimiyyətinin mövcud olduğu bir zamanda Heydər Əliyevin siyasi iradəsi ilə atılmağa başladı.  Məhz Heydər Əliyevin təşəbbüsü ilə 1991-ci il dekabrın 16-da iki il əvvəl baş vermiş və tariximizə Sərhəd hərəkatı günü kimi düşmüş 31 dekabrın Dünya Azərbaycan türklərinin həmrəylik və birlik günü olaraq qeyd edilməsi məsələsi Ali Məclisdə geniş müzakirə edildi və tarixi qərar qəbul edildi. Ali Məclis bununla bağlı qanunvericilik aktının qəbul olunması üçün ölkə parlamentinə - Azərbaycan Respublikasının Ali Sovetinə müraciət etdi. Dekabrın 25-də Ali Sovetin Milli Şurası müraciəti nəzərə alaraq, dekabrın 31-nin Dünya azərbaycanlılarının həmrəyliyi günü elan olunması barədə qanun qəbul edildi  və həmin tarixdən etibarən bütün azərbaycanlılar rəsmən bu günü bayram kimi qeyd edirlər. Bu bayram dünyanın 70-dən çox ölkəsində yaşayan 50 milyondan artıq azərbaycanlı ilə əlaqə qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində olduqca mühüm  rol oynayır.

Dünya azərbaycanlılarının harada məskunlaşmalarından asılı olmayaraq, ən mühüm, ən müqəddəs vəzifələrindən biri Azərbaycan xalqının tarixi nailiyyəti, bütün dünya azərbaycanlılarının mənəvi-siyasi iradəsinin nəticəsi olan müstəqil dövlətçiliyi qoruyub saxlamaqdan, milli dövlətimizin dünya birliyində özünəməxsus yer tutmasına çalışmaqdan ibarətdir. Eyni zamanda, milli adət və ənənələrin, mədəni dəyərlərin mühafizəsi, yeni nəsillərə ötürülməsi dünyadakı bütün soydaşlarımızın mənəvi borcudur. Digər tərəfdən, müstəqil Azərbaycan dövlətinin mövcudluğu, yalnız Azərbaycan Respublikası vətəndaşlarının deyil, bütün dünya azərbaycanlılarının milli müstəqillik və dövlətçilik təfəkkürünün inkişafına, onların həmrəyliyinə təkan verir. Ümumiyyətlə, həmrəylik ictimai ahəngdarlığı və milli özünüdərki təmin edən, milli-etnik platformada milli yaddaşı bərpa edən, milli birliyi səfərbər edən, məqsədyönlü fəaliyyəti stimullaşdıran vasitədir. Bir millətin, xalqın varlığını sürdürə bilməsi, dünya xalqları içərisində özünə layiqli yer tutması üçün milli birlik və həmrəylik həyati önəm daşıyır. Dünya Azərbaycanlılarının Həmrəyliyi bütün dünyada yaşayan azərbaycanlıların səfərbər edilməsi, konkret məqsəd ətrafında birləşdirilməsi deməkdir.

Əminliklə qeyd etmək olar ki, bu gün dünya azərbaycanlıları qürur və iftixar hissi keçirirlər ki, onları müdafiə və himayə edən, hər bir azərbaycanlının inam və güvən yeri olan müstəqil Azərbaycan dövləti var. Eyni zamanda, müasir, müstəqil dövlətimizin inkişafı soydaşlarımızın birlik və həmrəyliyini təmin edən mexanizm qismində çıxış edir. Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu milli maraqlara söykənən daxili və xarici siyasət kursunun Prezident İlham Əliyev tərəfindən müasir dövrün reallıqlarına və qanunauyğunluqlarına müvafiq surətdə davam etdirilməsi ölkəmizi hər bir azərbaycanlının görmək istədiyi ideal məmləkətə çevirib.

II Qarabağ müharibəsi zamanı siyasi əqidəsindən, statusundan, vəzifəsindən, milli mənsubiyyətindən asılı olmayaraq hər bir Azərbaycan vətəndaşının milli həmrəylik nümayiş etdirməsi, xalq-ordu birliyinin əzəməti dünyanı heyran qoydu. Vətən müharibəsi müddətində xalqımız hər gün öz rəhbərinin yenilməz qətiyyətinə, siyasi iradəsinə şahidlik etməklə bərabər öz Liderinin apardığı mücadiləyə hər cür dəstək verdi. Məhz Prezident İlham Əliyevin ortaya qoyduğu nümunə xalqımızı bu müharibədə qələbəyə ruhlandırdı və biz böyük bir tarixi hadisəyə- Zəfərə imza ata bildik.  

Ümummilli Lider Heydər Əliyevin görmək istədiyi və əsasını qoyduğu tarixi həmrəyliyin əsil mahiyyəti də budur. Bu yol hələ çox davam edəcək. Xalqımız, dövlətimiz var olduqca bu günün fəlsəfi mənası da özünün möhtəşəmliyini sübut edəcək.