YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan özünün tarixi məqsədlərinə doğru addım-addım irəliləyir

Prezident İlham Əliyev dekabrın 24-də Qərbi Azərbaycan İcmasının nümayəndələri ilə görüşündə mühüm mesajlar verdi. Dövlətimizin başçısı qarşımızda duran növbəti hədəflərdən birinin Qərbi Azərbaycana qayıdış olduğunu bəyan etdi.

Bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.

Qərbi Azərbaycanın tarixi torpağımız olduğunu qeyd edən deputat indiki Ermənistanın ərazisində tarix boyu azərbaycanlıların yaşadıqlarını bildirib. Qeyd edilib ki, bunu təsdiqləyən tarixi sənədlər və xəritələr var. Günümüzə qədər gəlib çatan həmin xəritələrdə onlarla yaşayış məntəqəsinin adları qeyd olunub. Toponimlərin əksəriyyəti Azərbaycan mənşəlidir. Xalqımız əsrlər boyu öz hüquqlarını qorumaq və tarixi torpaqlarında yaşamaq üçün böyük fədakarlıqlar göstərib. Bununla belə, tarixin müxtəlif dönəmlərində Azərbaycan xalqı doğma torpaqlarından məhrum edilib”.

Onun sözlərinə görə, 1990-cı illərin əvvəlində Qarabağın və Şərqi Zəngəzurun işğalı xalqımızın növbəti faciəsi idi. Bu dəfə ermənilər havadarlarının köməyi ilə Azərbaycanın 10 min kvadratkilometrdən çox ərazisini öz nəzarətləri altına keçirməyə nail oldular. Sonuncu işğal nəticəsində bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşdü. Bununla belə, üzləşdiyi məhrumiyyətlər xalqımızı sındıra bilmədi. Prezident İlham Əliyev xalqımıza daim ümid verirdi, əminliklə bildirirdi ki, biz doğma yurd yerlərimizə qayıdacağıq. Bu ümidlər Vətən müharibəsində qazanılan şanlı Qələbə ilə doğruldu. Ordumuz müharibədə Ermənistanı diz çökdürməklə, əslində, dünya erməniliyini məğlubiyyətə uğratdı.

Deputat qeyd edib ki, Azərbaycan addım-addım özünün tarixi məqsədlərinə doğru irəliləyir. Vətən müharibəsində qazanılan Qələbə son 200 illik tariximizin ən böyük zəfəridir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin uzaqgörənliyi və mahir sərkərdəlik qabiliyyəti ilə Azərbaycan işğal edilmiş torpaqlarını geri qaytardı. Qarabağın, Şərqi Zəngəzurun döyüş meydanında azad edilməsi tarixi hadisədir və Azərbaycan durduqca Azərbaycan tarixində qalacaq. Artıq başa çatmaqda olan 2022-ci ildə də bir çox önəmli hadisələr baş verib. Cari ilin sentyabrında Ordumuz erməni təxribatına cavab olaraq Azərbaycan-Ermənistan sərhədində hərbi əməliyyat keçirdi və növbəti dəfə öz gücünü düşmənə göstərərək strateji yüksəkliklərdə möhkəmləndi. Uğurlarımızı dəyərləndirən Prezident İlham Əliyev vurğulayıb: “Bu hərbi əməliyyat nəticəsində bizim tarixi şəhərlərimiz bu gün artıq vizual müşahidə yolu ilə gözümüzün önündədir. Bu gün biz artıq Bala Göyçənin sahilindəyik. Bu gün biz Göyçə gölünü binoklsuz görürük. Birincisi, hesab edirəm ki, bu, ədalətlidir. İkincisi, sentyabr toqquşmaları bizi gələcəkdə böyük problemlərdən sığortalayacaq. Biz özümüzü sığortalamaq üçün mütləq Azərbaycan-Ermənistan sərhədi istiqamətində daha əlverişli mövqelərə sahib olmalı idik və buna nail olduq”.

S.Fətəliyeva söyləyib ki, qazanılan uğurlar Qərbi Azərbaycan İcmasının məqsədyönlü fəaliyyəti ilə tamamlanmalıdır. Prezident İlham Əliyev görüşdə Qərbi Azərbaycan İcmasının bundan sonra daha mütəşəkkil formada fəaliyyət göstərməsinin hamımız üçün çox önəmli olduğunu bildirdi.

“Prezident İlham Əliyevin Qərbi Azərbaycan İcmasına verdiyi mühüm tapşırıqlardan biri də qurumun beynəlxalq miqyasda fəaliyyəti ilə bağlıdır. Tarix boyunca üzləşdiyimiz haqsızlıqlar, faciələrimiz dünya ictimaiyyətinin diqqətinə çatdırılacaq, bu istiqamətdə sistemli tədbirlər mütəşəkkil formada davam etdiriləcək”, - deyə Sevinc Fətəliyeva fikirlərini yekunlaşdırıb.