YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hədəf Qərbi Azərbaycandır!

Sahib Şükürov

YAP Göyçay rayon təşkilatının sədri

Məlum olduğu kimi, Prezident İlham Əliyev dekabrın 24-də Qərbi Azərbaycan İcmasının inzibati binasında yaradılan şəraitlə tanış olub və Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşüb.

Dövlət başçısı keçirilən görüşdə bir sıra mühüm məqamlara toxunub. Milli maraqlarımız kontekstində görülən və görülməsi vacib olan işlərdən söhbət açan dövlətimizin başçısı Qərbi Azərbaycana qayıdışla bağlı mühüm fikirlər səsləndirib: “Əminəm ki, gün gələcək və Qərbi Azərbaycandan olan soydaşlarımız, onların yaxınları, uşaqları, nəvələri tarixi diyarımız olan Qərbi Azərbaycana qayıdacaqlar. Mən əminəm ki, bu gün gələcək və əminəm ki, Qərbi Azərbaycanlılar böyük coşqu və həvəslə öz doğma torpaqlarına qayıdıb orada yaşayacaqlar”.

Danılmaz faktdır ki, erməni təcavüzündən ən çox əziyyət çəkən qərbi azərbaycanlılarla bağlı məsələ daim diqqətdə saxlanılır. Dövlət başçısının bu çıxışı da Qərbi Azərbaycana qayıdışımızın yol xəritəsi hesab oluna bilər. Tarixdən hər kəsə bəllidir ki, Qərbi Azərbaycan bizim tarixi torpağımızdır, bunu bir çox tarixi sənədlər təsdiqləyir, bizim tariximiz təsdiqləyir. Ölkə başçısının qeyd etdiyi bu məqam həqiqətdir. Həm Qərbi Azərbaycanın parça-parça Azərbaycandan necə qoparılması, həm də bu torpaqların əsl sahiblərinin müxtəlif vaxtlarda məcburi şəkildə torpaqlarından didərgin salınması xəritələr və sənədlərdə öz əksini tapıb. Əfsuslar olsun ki, ermənilər Qarabağdakı kimi, Qərbi Azərbaycanda da bizim bütün tarixi, dini abidələrimizi yerlə-yeksan ediblər, dağıdıblar, azərbaycanlıların tarixi irsini silmək istəyiblər, ancaq buna nail ola bilməyiblər. Qərbi Azərbaycan İcmasının binasında nümayiş etdirilən, XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. Bu tarixi biz yaxşı bilirik. İrəvan xanlığı, Zəngəzur, Göyçə mahalı-bütün bunlar bizim tarixi torpaqlarımızdır. Bizim cəmiyyətimiz, xüsusilə gənc nəsil heç vaxt unutmamalıdır ki, Ermənistan dövləti tarixi Azərbaycan dövləti üzərində qurulub. Bu bizim tarixi dədə-baba torpaqlarımızdır. Bütün toponimlər Azərbaycan mənşəlidir.

Prezident İlham Əliyev görüşdə qədim Azərbaycan torpaqlarından soydaşlarımızın deportasiyasını təhlil edərək qeyd edib ki, bu prosesin ümummilli lider Heydər Əliyevin 1987-ci ilin noyabrında sovet rəhbərliyindən uzaqlaşdırılmasından sonra başlanıb. Ulu Öndərin sovet rəhbərliyində təmsil olunduğu illərdə səslərini belə qaldıra bilməyən nankor qonşularımızın dahi şəxsiyyət vəzifədən gedəndən sonra əl-qolu açıldı. Həmin hadisədən iki həftə sonra erməni millətçiləri səslərini qaldırdılar. O vaxtki Ermənistanda xalqımıza qarşı növbəti cinayət başlandı. Belə bir şəraitdə isə Moskvanın nəinki susqun qaldığı, hətta dəstək verdiyi deportasiya nəticəsində azərbaycanlılar tarixi torpaqları olan Qərbi Azərbaycandan çıxarıldılar.

Dövlətimizin başçısı çıxışında tarixi statistikanı da xatırladaraq bildirib ki, Ermənistan adlanan ərazidə hətta o vaxt 170-dən çox kənddə ancaq azərbaycanlılar yaşayırdılar. Eyni zamanda, 90-a yaxın kənddə azərbaycanlılar əksəriyyət təşkil edirdilər və bütövlükdə 300-dən çox şəhər və kənddə azərbaycanlılar yaşamışlar. Onların hamısı, təqribən 200 min soydaşımız öz dədə-baba yurdlarından çıxarıldı, xeyli sayda azərbaycanlı işgəncələrə məruz qaldı, öldürüldü və bütün bu cinayətlər sovet hökumətinin gözü önündə baş verdi. Bütün bunlar azmış kimi, Qarabağda da xalqımıza qarşı cinayət törədildi.

“XX əsrdə xalqımızın çəkdiyi əzablar haqqında dünya ictimaiyyətinə daha geniş məlumat verilməlidir” - deyən Prezident İlham Əliyevin çıxışında xüsusi diqqət çəkən məqam ermənilər tərəfindən törədilən cinayətlərin beynəlxalq ictimaiyyətə çatdırılması ilə bağlı idi. Bununla əlaqədar dövlətimizin başçısı informasiya mübarizəsinin mühüm əhəmiyyətinə toxunaraq, İkinci Qarabağ müharibəsində olduğu kimi, tarixi torpaqlarımız olan Qərbi Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasını ən önəmli vəzifə kimi qarşıya qoydu və Qərbi Azərbaycan İcmasının xaricdəki fəaliyyətinin gücləndirilməsinin, Azərbaycanın diaspor təşkilatları ilə birgə fəaliyyət həyata keçirilməsinin zəruriliyini qeyd etdi. Prezident eyni zamanda bildirdi ki, bu istiqamətdə fəaliyyəti gücləndirmək üçün Qərbi Azərbaycan İcmasının çox möhtəbər bir rəqəmsal platforması olmalıdır və orada həm tarixi həqiqətlər, həm tarixi abidələrimiz, ermənilər tərəfindən dağıdılan saraylar, məscidlər, şəhərlər, Azərbaycan tarixi irsinin silinməsi ilə bağlı olan faktlar öz əksini tapmalıdır.

Ölkəmizin başçısı vətəndaş cəmiyyəti üzvlərinin Xankəndi-Laçın yolunda təşkil etdiyi aksiyaya münasibət bildirərək ictimaiyyət nümayəndələrinin tələblərinin haqlı, təbii sərvətlərimizin istismarının qəbuledilməz olduğunu bildirdi. “Bu gün Laçın yolunda baş verən hadisələr növbəti anti-Azərbaycan isterikasına səbəb olub. Burada təkcə Ermənistan yox, bəlkə də onlardan daha çox onların xaricdəki havadarları, onların arxasında dayanan dövlətlər yenə də Azərbaycana qarşı qarayaxma kampaniyası başlamışdır. Biz artıq bunu dəfələrlə sübut etmişik və İkinci Qarabağ müharibəsi bunu göstərdi, müharibədən keçən iki il bunu göstərdi. Heç kim bizə təsir göstərə bilməz. Zənglər ola bilər, hansısa bəyanatlar ola bilər, onlara əhəmiyyət vermək lazım deyil. Sadəcə olaraq, siyasi nəzakət naminə biz bu zənglərə cavab veririk. Ancaq bu, bizim mövqeyimizi zərrə qədər dəyişməyəcək” - deyən ölkə başçımız məsələyə öz qəti mövqeyini bildirdi.

Bəli, bu tarixin də, zamanın da tələbidir və Qərbi Azərbaycana qayıdış prosesi mütləq gerçəkləşdiriləcək. Necə ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün sədləri aşaraq doğma Qarabağımızı azad etdik. Hədəf Qərbi Azərbaycandır! O gün uzaqda deyil!