YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Həmrəylik Günü Azərbaycan diasporu üçün ən mühüm bayrama çevrilib

Elmar Əhmədov 

YAP Salyan rayon təşkilatının sədri

Dünya azərbaycanlılarını bir araya gətirən, qarşıdakı dövr üçün hədəflərini müəyyənləşdirməyə stimul verən Həmrəylik Gününə saylı günlər qalır. 31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Günü  Azərbaycan diasporu üçün ən mühüm bayrama çevrilib. Bu bayram ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır. Azərbaycanlılar minilliklər boyu özlərinin doğma torpağı olan tarixi Azərbaycan ərazisində yaşayaraq dünya sivilizasiyasına böyük töhfələr vermişlər. Müharibə, inqilablar, hərbi münaqişələr, dünyada gedən müxtəlif ictimai-siyasi proseslər nəticəsində Azərbaycan parçalanmış, azərbaycanlıların bir qismi öz yurd-yuvalarından didərgin salınmış, deportasiyalara məruz qalmış, bir-birindən ayrı düşmüşdür. Beləliklə də, azərbaycanlılar tarixi Azərbaycan torpaqlarından bütün dünyaya yayılmışlar.

Ulu öndər Heydər Əliyevin siyasi kursunu bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyev xarici ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələrin genişləndirilməsini dövlət siyasətinin mühüm istiqamətinə çevirərək mövcud sosial-iqtisadi inkişaf şəraitində diaspor quruculuğu sahəsində dövrlə səsləşən genişmiqyaslı tədbirlər həyata keçirir. Dövlət başçısı xaricdə yaşayan hər bir azərbaycanlının maraq və mənafeyinin qorunmasını Azərbaycan dövlətinin başlıca vəzifəsi hesab edir. Cənab Prezidentin bu istiqamətdə ortaya qoyduğu siyasi iradə ölkəmizin hüdudlarından kənarda yaşayan soydaşlarımızda milli ruhun yüksəlməsinə, onların vahid ideologiya və məqsədlər ətrafında daha sıx səfərbər olmalarına böyük töhfə verir.

Dünya azərbaycanlılarının qurultaylarının keçirilməsi hədəflərə doğru atılan mühüm addımlar sırasında oldu. Diasporu bir dövlətin xaricdə varlığı kimi dəyərləndirən ümummilli lider Heydər Əliyevin bu istiqamətdə atdığı addımların Prezident İlham Əliyevin uğurla davam etdirməsi diaspor quruculuğu sahəsində mühüm uğurların əldə edilməsində öz sözünü deyir. Dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın bir araya gəlməsi üçün Azərbaycan cəmiyyətlərinin, mərkəzlərinin yaradılmasına nail olduqdan sonra onların vahid mərkəzdən idarə edilməsinə böyük zərurət duyuldu. Ümummilli lider Heydər Əliyevin Sərəncamı ilə 2001-ci ilin noyabr ayında Dünya Azərbaycanlılarının I Qurultayı keçirildi. Son 19 ildə bu siyasətə sadiqliyini hər addımında təsdiqləyən cənab İlham Əliyevin Sərəncamları əsasında isə Dünya Azərbaycanlılarının II, III, IV qurultayları keçirildi. Bu ilin aprelində isə Şuşada keçirilən  Zəfər Qurlutayı dünyaya səs saldı. Bu, birliyimizin, həmrəyliyimizin bir daha dünyaya təqdimatı oldu. Dövlət başçısı İlham Əliyev Qurultaydakı çıxışında bu çağırışı etdi: «Bizim xaricdə yaşayan gənc azərbaycanlılarımız həm İkinci Qarabağ müharibəsinin tarixini yaxşı bilməlidir, həm də bu həqiqətləri öz dostlarına çatdırmalıdırlar. Yəni, bir sözlə, xaricdə yaşayan azərbaycanlılar böyük qüvvədir. Onların fəaliyyəti ölkəmiz üçün çox önəmlidir. Onların fəallığı və Azərbaycan həqiqətlərinin çatdırılması, Azərbaycan maraqlarının müdafiə edilməsi, əlbəttə ki, bizim dövlətimizi daha da gücləndirir. Biz Azərbaycan dövləti olaraq öz fəaliyyətimizdə həmişə xaricdə yaşayan azərbaycanlıların yaşayışı ilə maraqlanırıq, təmaslar qururuq. Dövlətlərarası münasibətlər müstəvisində bu, önəmli bir amildir.»