YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hər bir önəmli hadisə gələcəyə bir çağırışdır

Mehdi Balabəyov 

YAP Şabran rayon təşkilatının sədri

Həmrəylik Günü milli birlik, Azərbaycana məhəbbət, milli-mənəvi dəyərlərimizə hörmət, Vətənə bağlılıq hisslərini özündə təcəssüm etdirir. Dünya azərbaycanlıları yaşadıqları ölkələrin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında daha fəal rol oynayır, respublikamızla qarşılıqlı əlaqələrin genişlənməsinə böyük töhfə verir, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında, zəngin mədəni irsimizin təbliğində, erməni lobbi dairələrinin ideoloji təxribatlarının qarşısının alınmasında qətiyyət nümayiş etdirirlər. Məhz bu birliyimiz, həmrəyliyimiz 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimizdə mühüm rol oynadı. Möhtəşəm Qələbəmizin yaratdığı reallıqlar fonunda Şuşada Zəfər Qurultayını keçirən dünya azərbaycanlıları qalib Azərbaycanla qürur duyduqlarını bu məkandan dünyaya bəyan etdilər. Cənab İlham Əliyev dünyanın 65 ölkəsindən  400-dək nümayəndənin iştirak etdiyi Qurultaydakı nitqində bildirmişdir:  «Biz bu gün azad Qarabağda, azad Şuşada Dünya Azərbaycanlılarının Qurultayını keçiririk. Bu qurultayın adı Zəfər qurultayıdır və bu, təbiidir. Çünki tarixi Zəfərdən sonra ilk dəfədir ki, dünya azərbaycanlıları toplaşır, qurultay keçirir və ümumiyyətlə Zəfər adı xalqımıza çox yaraşır. Siz buraya Zəfər yolu ilə gəlmisiniz, qurultayın adı Zəfər qurultayıdır... Bundan sonra Azərbaycan xalqı müzəffər xalq kimi əbədi yaşayacaq, bundan sonra bizim dövlətimiz qalib dövlət kimi yaşayacaq. Bu, böyük xoşbəxtlikdir - hamımız üçün, Azərbaycanda yaşayanlar, Azərbaycan vətəndaşları üçün, xaricdə yaşayan azərbaycanlılar üçün.»

44 günlük İkinci Qarabağ müharibəsi dövründə  diaspor təşkilatları dünyanın 30-dan çox ölkəsində 200-dək aksiya keçirdi.  Bu aksiyalarda ümumilikdə 25 mindən çox soydaşımızın və dost xalqların nümayəndələrinin iştirakı, həmçinin 50-dən çox ölkədə fəaliyyət göstərən 300-ə yaxın diaspor təşkilatının müxtəlif ölkələrin dövlət və hökumət rəhbərlərinə, parlament üzvlərinə, beynəlxalq təşkilatlara bəyanatlar, müraciətlər göndərməsi də Azərbaycançılıq ideyasının bütün azərbaycanlıların vahid məfkurəsini çevrildiyini, həmvətənlərimizin bir amal uğrunda birləşməyi bacardıqlarını təsdiqlədi.

Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyev ilk gündən bu çağırışı etdi ki, müstəqilliyimizi və suverenliyimizi əbədi etmək üçün harada yaşamasından asıl olmayaraq hər bir azərbaycanlıdan bir ideya-azərbaycançılıq məfkurəsi ətrafında sıx birlik tələb olunur. Bu çağırışlar dünya azərbaycanlılarının Azərbaycanla əlaqələrini daha da sıxlaşdırdı. Ənənəvi hal alan Dünya Azərbaycanlılarının qurultayları hədəflərə yüksək səviyyədə nail olmağa stimul oldu.  Dövlət başçısı  İlham Əliyev  Zəfər Qurultayında ulu öndər Heydər Əliyevin I qurultaydakı  fikirlərinə söykənərək bildirmişdir: “Buraya gələrkən 2001-ci ildə keçirilmiş ilk qurultayı xatırlayırdım. Bildiyiniz kimi, ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə ilk qurultay 2001-ci ildə keçirilmişdir. Ulu Öndər dərin məzmunlu çıxışında, eyni zamanda, təbii ki, Qarabağ problemi ilə bağlı öz fikirlərini bildirmişdir və demişdir ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək, işğal altında olan torpaqlar işğaldan azad ediləcək və Azərbaycan xalqı öz dədə-baba torpaqlarına qayıdacaqdır. Biz - Ulu Öndərin davamçıları bu sözləri gerçəyə çevirdik.»

Hər bir önəmli hadisə gələcəyə bir çağırışdır.  V qurultayda bütün dünya azərbaycanlılarının qarşısında müasir çağırışlara uyğun yeni vəzifələr qoyuldu. Hədəf birliyimizi, həmrəyliyimizi, bu fonda informasiya cəbhəsində üstünlüyümüzü  daha da möhkəmləndirmək, qorumaqdır.