YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan son 19 ildə

Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının qərargahında “Azərbaycan son 19 ildə” adlı tədbir keçirilib.

Tədbir ümummilli lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla anılması və Azərbaycan Respublikası Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Daha sonra “Azərbaycan son 19 ildə” adlı videoçarx nümayiş olunub.

Tədbiri giriş sözü ilə açan YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin fəaliyyətindən danışıb, 2020-ci il noyabrın 10-da imzalanan Birgə Bəyanatla ölkəmizin ərazisinin 20 faizinin 30 illik işğalına son qoyulduğunu bildirib. A.Süleymanov deyib: “Əsrə bərabər 19 ilin zirvəsində təbii ki, işğal altındakı torpaqlarımızın azad olunması, ərazi bütövlüyümüzün bərpası və xalqımızın əyilən qəddini dikəldən Vətən müharibəsinin nəticələri dayanır. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan Qarabağ Zəfəri xalqımızın qəhrəmanlıq tarixinə qızıl hərflərlə yazıldı. Azərbaycan qalib ölkəyə, xalqımız qalib xalqa çevrildi. Bu Qələbə sayəsində regionda yeni reallıqlar yarandı. Mehriban xanım Əliyevanın bütün bu qələbələrdə İlham Əliyev cənabları ilə bir yerdə olması görülən işlərə də böyük güc qatır”.

YAP İdarə Heyətinin üzvü, Azərbaycan-Fransız Universitetinin (UFAZ) direktoru Vazeh Əsgərov son 19 ildə Prezident İlham Əliyevin ölkəmizdə təhsilin modernləşməsinə xidmət edən islahatlarından, elm və təhsilə ayrılan büdcə vəsaitlərinin ildən-ilə artırılmasından danışıb. Azərbaycanda tədrisə göstərilən diqqət sayəsində müasir çağırışlara cavab verən ali təhsil ocaqlarının nüfuz qazandığını deyən rektor bu nailiyyətlərin Prezident İlham Əliyevin sosial sahədə yürütdüyü dövlət siyasətinin məntiqi nəticəsi olduğunu qeyd edib.

YAP Veteranlar Şurasının üzvü Zərifə Quliyeva çıxışında prezidentliyinin ilk illərində dövlətimizin başçısının neft kapitalını insan kapitalına çevirməyin zəruriliyi barədə fikrini xatırladıb. O, bu məqsədlərin artıq həyata keçdiyini deyən Z.Quliyeva reallığa çevrilən bu amilin insanların həyatında oynadığı rol barədə danışaraq deyib: “Prezident İlham Əliyev düşünülmüş islahatları və müdrik qərarları ilə həyatımıza yeni nəfəs gətirib, Azərbaycanı dünyanın inkişaf edən ölkələri sırasına çıxarıb. Azərbaycan Prezidentinin siyasətinin mərkəzində insan amili dayanır, amalı qurub-yaratmaq, xalqını daha xoş günə, daha firavan həyata qovuşdurmaqdır. Xalqa xidmət etmək, hər bir azərbaycanlının Prezidenti olmaq dövlətimizin başçısının həyat fəlsəfəsidir”.

Daha sonra çıxış edən Qarabağ müharibəsi veteranları, əlilləri və şəhid ailələri ictimai birliyinin Nəsimi rayon şöbəsinin sədri Azər Quliyev xalqımızın, o cümlədən Qarabağ savaşında iştirak etmiş döyüşçülərin qəlbində xoş və unudulmaz xatirələrlə yuva salmış ümummilli lider Heydər Əliyevin Qarabağ veteranlarına göstərdiyi xüsusi diqqət və qayğıdan danışıb. Azər Quliyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin veteranlara göstərdiyi qayğını daim hiss etdiklərini bildirərək, bundan sonra da dövlətimizə, millətimizə fayda verməyə çalışacaqlarını qeyd edib.

Vətən müharibəsi qazisi Rüfət Salmanov Silahlı Qüvvələrin bütün şəxsi heyəti kimi, özünün və tərkibində döyüşdüyü bütün taborun hər məqamda Müzəffər Ali Baş Komandanın qayğısını hiss etməsindən, Qələbəyə gedən yoldan danışıb. Diqqətə çatdırıb ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə sentyabrın 27-də başlayan əks-həmlə əməliyyatı xalqımız üçün Vətən müharibəsinə çevrilib və rəşadətli Ordumuzun şanlı Qələbəsi ilə başa çatıb. Hərbi əməliyyatlar nəticəsində Azərbaycan Ordusu işğalçı Ermənistanın 30 il ərzində qurduğu “məğlubedilməz” ordunu və “keçilməz” istehkamları ildırım sürəti ilə darmadağın edərək böyük Zəfərə imza atıb.