YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Dostluq və qarşılıqlı anlaşma üzərində qurulmuş əlaqələr

Anar Nəbiyev

YAP Qazax rayon təşkilatının sədri

Hazırda müstəqil Respublikamızın dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatları ilə əlaqələri milli mənafelərə əsaslanan xətlə uğurla inkişaf etdirilir. Ölkəmizin bölgədə və dünyada yerini və rolunu, iqtisadi potensialını düzgün qiymətləndirən nüfuzlu dövlətlər də respublikamızla bütün sahələrdə əməkdaşlığın genişləndirilməsinə böyük maraq göstərirlər. Azərbaycanla əməkdaşlıq əlaqələrinin inkişafında maraqlı olan ölkələrdən biri də dost Serbiyadır.

Bu il dekabrın 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiçlə görüşü keçirildi. Görüş başa çatdıqdan sonra hər iki dövlət başçısı mətbuata bəyanatlarla çıxış etdilər.

Prezident İlham Əliyevin bəyanatında bildirdi ki, Prezident Vuçiçin  uzaqgörən siyasəti nəticəsində Serbiya həm şəhərsalma sahəsində, iqtisadi və sənaye inkişafında, həmçinin, kənd təsərrüfatı sahəsində hərtərəfli inkişaf edir. Bu da  ölkələrimizin gələcək əməkdaşlığ üçün yeni imkanlar yaradır. Serbiya və Azərbaycan öz resurslarına arxalanan, bir-biri ilə sıx əlaqədə olan müstəqil siyasət aparan ölkələrdir.

Strateji tərəfdaşlığa dair sənədlər imzalayan ölkələrimiz hər zaman bir-birinin ərazi bütövlüyünü və suverenliyini dəstəkləmişdir və bu siyasət dəyişməz olaraq qalır. Hər iki dövlət beynəlxalq hüququn tərəfdarıdır və əminik ki, ölkələrimiz arasında münasibətlər ancaq beynəlxalq hüququn norma və prinsipləri əsasında tənzimlənə bilər. Prezidentimiz Serbiya ilə mövcud strateji tərəfdaşlıq münasibətlərindən və eyni zamanda, şəxsi dostluq münasibətlərindən istifadə edərək, ümidvar olduğunu bildirdi ki, bütün sahələrdə, ilk növbədə ticarət sahəsində, böyük potensialı olan nəqliyyat-logistika sahəsində uğurlar əldə olunacaqdır. Çünki Azərbaycan və Serbiya ərazilərindən beynəlxalq nəqliyyat dəhlizləri keçir.

Təbii ki, əməkdaşlığımızın bir hissəsi olan energetika sektoru son vaxtlar daha böyük əhəmiyyət kəsb edir. Azərbaycanın təbii resursları artıq müxtəlif istiqamətlər üzrə Avropa qitəsinə, o cümlədən Serbiyaya qonşu olan ölkələrə ixrac edilir. Həm təbii qaz, həm elektrik enerjisi ilə əlaqədar əməkdaşlıq üçün geniş imkanlar vardır və müvafiq danışıqlar aparılmışdır. Gələn ildən başlayaraq Azərbaycanın elektrik enerjisinin Serbiyaya ixrac edilməsi üçün əməli addımlar atılacaqdır.

Prezidentimiz onu da bildirmişdir ki, dörd gün bundan əvvəl Azərbaycanın elektrik enerjisinin Avropaya çatdırılması üçün müvafiq saziş imzalanmışdır. Qara dənizin dibi ilə çəkiləcək kabel Azərbaycanı bu sahədə də Avropa üçün önəmli təchizatçı kimi təsdiqləyəcək. Bütün bunlar yeni imkanlar, yeni üfüqlər açır və ölkələrimiz bu sahədə ikitərəfli formatda və çoxtərəfli formatda əməkdaşlıq edəcəkdir.

Bir sözlə, ikitərəfli əlaqələrə bir daha nəzər salarkən görürük ki, bütün sahələrdə bu əlaqələr dostluq və qarşılıqlı anlaşma üzərində qurulmuşdur. Əminik ki, ölkələrimiz gələcəkdə də bu dostluq və qardaşlıq münasibətlərini uğurla davam etdirəcəkdir. Mövcud ikitərəfli əlaqələr buna böyük zəmin yaradır. Həm qarşılıqlı səfərlər, eyni zamanda nümayəndə heyətlərinin üzvlərinin təmasları və bütövlükdə Serbiya-Azərbaycan əlaqələrinin gələcəyi böyük uğurlardan xəbər verir. Müdafiə sənayesi sahəsi də perspektiv əməkdaşlıq istiqamətlərindən biridir.Bu sahədə də hər iki ölkədə lazımi potensial var və bu potensialın birləşdirilməsi üçün praktiki addımların atılması da gözlənilir. Bütün bunlar dostluq və qarşılıqlı anlaşma üzərində qurulmuş Serbiya-Azərbaycan əlaqələrinin xoş gələcəyindən xəbər verir.