YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan regionda sülhün bərqərar olmasına yönələn bütün beynəlxalq təşəbbüsləri dəstəkləyir

Pərvin Kərimzadə

YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı

“44 günlük Vətən müharibəsində torpaqlarımızın işğaldan azad edilməsindən sonra Azərbaycan dövləti Cənubi Qafqaz regionunun sülh və əməkdaşlıq məkanına çevrilməsi üçün təşəbbüslərlə çıxış edib. Ermənistanla sülh sazişi imzalamaq təklifi də ilk olaraq Azərbaycan tərəfindən verilib. Müharibənin bitdiyi iki il ərzində bölgədə sülhün təmin olunması məqsədi ilə bir sıra beynəlxalq platformalar çərçivəsində müzakirələr aparılır”. Bu fikirləri Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Pərvin Kərimzadə deyib.

Deputat bildirib ki, Azərbaycan regionda sülhün bərqərar olmasına naminə irəli sürülən bütün beynəlxalq təşəbbüsləri dəstəkləyir. Bu baxımdan, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ölkəmiz tərəfindən müsbət qarşılandı. Brüssel formatı çərçivəsində indiyədək liderlərin bir neçə görüşü keçirilib və həmin görüşlərdə müvafiq bəyanatlar qəbul olunub. Son olaraq Praqada keçirilmiş görüşdə isə Aİ-nin yerdə vəziyyətin qiymətləndirilməsi üçün regiona qısamüddətli missiya göndərilməsinə dair razılaşma əldə olunmuşdu. Əslində, Fransa bunu regiona ayaq açmaq və öz hərbi kontingentini bu ərazidə yerləşdirmək üçün fürsət kimi qiymətləndirirdi. Buna görə də Azərbaycan öz ərazisinə missiyanın gəlməsinə imkan vermədi. Bundan bir neçə gün sonra isə Fransa prezidenti ölkəmizə qarşı əsassız çıxışlar etdi və dövlətimizin başçısı E.Makronun vasitəçiliyinin bundan sonra mümkün olmadığını bəyan etdi. Missiya isə Ermənistanda sərhəd missiyası kimi fəaliyyət göstərdi və dekabrın 19-da öz fəaliyyətini başa vurdu. Lakin bir neçə gün öncə Aİ Lüksemburqda yeni missiya formalaşdırmaq və ona əlavə mandatlar vermək qərarı verdi ki, bu da daha öncə əldə olunmuş razılaşmaya ziddir. Yeni missiyanın yaradılması etimad mühitini sarsıdır və buna görə də Azərbaycan onunla hər hansı əməkdaşlıq nəzərdə tutmur.

Millət vəkilinin fikrincə, yeni missiyanın yaradılması Fransanın və Avropadakı digər ermənipərəst qüvvələrin növbəti siyasi oyunudur. Bu, Azərbaycanla Ermənistan arasında olan problemlər kontekstində forma dəyişikliyidir və heç bir yeni məzmun kəsb etmir. Aİ-nin açıqlamasından isə görünür ki, yeni missiyanın əlavə funksiyası Ermənistanda təhlükəsizlik məsələlərinin öyrənilməsindən ibarətdir. Məsələnin belə qoyuluşu da əlavə suallar doğurur. Görünən odur ki, dünyada baş verən proseslər fonunda Ermənistan “manevrlər” etməyə çalışır. Nəzərə almaq lazımdır ki, Ermənistanda Rusiyanın hərbi bazası yerləşir və ölkənin iqtisadiyyatı böyük dərəcədə ruslardan asılıdır. Amma indi Paşinyan hakimiyyəti Aİ-yə sığınmaqla Fransanı regiona gətirməyə cəhd edir. Aİ daxilində bəzi ölkələr də Fransanın bu cəhdlərinin Cənubi Qafqazda sülh və barışın təmin olunmasına deyil, rəsmi Parisin geosiyasi maraqlarına xidmət etdiyini aydın gördükləri üçün yeni missiyanın yaradılmasının əleyhinə olublar. Çünki Fransa mövcud olduğu regionda sülh üçün deyil, öz imperialist maraqlarını həyata keçirməyə çalışıb. Tarixdən Fransanın milyonlarla insanı soyqırıma məruz qoyduğu da yaxşı məlumdur.  Əlbəttə ki, belə olan halda geosiyasi qüvvələrin əlində oyuncağa çevrilmiş Ermənistanın gələcəyi yoxdur. 

YAP İdarə Heyətinin üzvü qeyd edib ki, ermənilər hazırda Laçın yolunda təbii sərvətlərimizin talanmasına etiraz edən QHT nümayəndələrinin aksiyası barədə də beynəlxalq birliyi aldatmağa çalışır. Amma Laçın yolunda ardıcıl şəkildə humanitar keçidin fəaliyyətdə olması bu yolun bağlanmadığını aydın şəkildə göstərir. Əslində, Qarabağ separatçıları, xüsusilə Vardanyan mülki ermənilərin yaşadığı və sülhməramlıların məsuliyyət zonasında əhaliyə total təzyiqlər edir. Məqsəd odur ki, mülki əhalinin, hətta xəstə insanların Laçın yolu vasitəsilə hərəkətinə əngəl törətməklə guya Azərbaycanın humanitar böhran yaratdığı görüntüsü yaransın.  Qarabağdan gələn son məlumatlar göstərir ki, orada yaşayan erməni əhali Vardanyanın tətbiq etdiyi sərt nəzarətdən narazıdır. Artıq insanlar Vardanyanın idarəçiliyini qəbul etmədiyini dilə gətirirlər və vəziyyətin sabitləşməsi üçün çıxış yolunu onun getməsində görürlər. mülki erməniulər də anlayırlar ki, biznes adamı olan Vardan Qarabağa da varlanmaq üçün gəlib. Bunun üçün o, mülki ermənilərin adından sui-istifadə edir.  

Pərvin Kərimzadə vurğulayıb ki, Ermənistanın və onun havadarlarının iddiasının əksinə olaraq QHT təmsilçilərimiz dinc aksiya keçirməklə sivil mədəniyyət nümayiş etdirir. Bu fakt həm də onu göstərir ki, ümummilli məsələlərdə vətəndaş cəmiyyəti vahid mövqedən çıxış edərək həmrəylik nümayiş etdirirlər. Düşünürəm ki, beynəlxalq birlik, o cümlədən Avropa İttifaqı da Ermənistanın təbii sərvətlərimizin talanmasına və ekologiyamıza vurduğu ziyana görə öz etiraz səsini ucaltmalıdır.