YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan-Serbiya dövlətləri daim bir-birini dəstəkləyir

Ramil Orucov

YAP Gəncə şəhər təşkilatının sədri

25 illik bir tarixə malik Azərbaycan-Serbiya diplomatik əlaqələrin inkişafı, intensivləşməsi gələcək üçün daha genişmiqyaslı perspektivlər vəd edir. Son illərdə ölkələr arasında ikitərəfli əlaqələr yüksələn xətlə inkişaf edərək, iki ölkə arasında yeni əməkdaşlıq sahələrinin açılması üçün böyük imkanlar yaradıb. Təbii ki, bu məsələdə dövlət başçılarının qarşılıqlı səfərləri, ikitərəfli hüquqi bazanın gücləndirilməsi əhəmiyyətli rol oynayıb. Ölkə Prezidentimiz cənab İlham Əliyevin Serbiyaya səfərindən bir ay belə keçməmiş Serbiya Prezidentinin ölkəmizə səfəri, iki ölkə arasında Strateji Tərəfdaşlıq Şurasının yaradılması ilə bağlı memorandumun imzalanması iqtisadi münasibətlərin inkişafı üçün etibarlı siyasi zəmin formalaşdırıb.

Dekabrın 21-də Serbiya Prezidentinin ölkəmizə səfər çərçivəsində mətbuata bəyanatında Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bir çox sahələr üzrə əməkdaşlığın artıq böyük tarixi var. Serbiya və Azərbaycan strateji tərəfdaşdırlar, strateji tərəfdaşlığa dair bir neçə sənəd imzalanmışdır. Biz hər zaman bir-birimizin ərazi bütövlüyünü və suverenliyini dəstəkləmişik, dəstəkləyirik və bu siyasət dəyişməz olaraq qalacaq. Biz beynəlxalq hüququn tərəfdarıyıq və əminik ki, ölkələr arasında münasibətlər ancaq beynəlxalq hüququn norma və prinsipləri əsasında tənzimlənə bilər. Bu sahədə dünyada müşahidə olunan ikili standartların təzahürləri, əlbəttə ki, bizi çox narahat edir. Beynəlxalq hüququn norma və prinsipləri bütün ölkələr üçün əsas olmalıdır.

Azərbaycan-Serbiya münasibətlərində hər iki tərəfin olduqca konstruktiv əməkdaşlıq niyyəti var. İki ölkə arasında Strateji Tərəfdaşlıq Şurasının yaradılması ilə bağlı memorandumun imzalanması iqtisadi münasibətlərin inkişafı üçün etibarlı siyasi zəmin formalaşdırır.

Azərbaycan-Serbiya dövlətləri beynəlxalq təşkilatlar çərçivəsində daim bir-birini dəstəkləyir, bütün beynəlxalq əhəmiyyətli məsələlərdə bir-birilərinin mövqeyini müdafiə edirlər. Milli maraqlara qarşılıqlı hörmətlə yanaşan hər iki dövlət arasındakı münasibətlərdə ölkə liderləri arasındakı dostluq münasibətləri xüsusi rol oynayır. Yada salsaq ki, Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimində də Aleksandar Vuçiç ölkə Prezidentimiz cənab İlham Əliyev haqqında yüksək fikirlər söyləmiş və qeyd etmişdir ki, söhbət bizim ümumi fəaliyyətimizdən, müdafiə sənayesində texnologiya mübadiləsindən və üçüncü ölkələrin bazarlarına birlikdə çıxara biləcəyimiz bəzi məhsullar üzərində aparılan işdən gedir. Çünki hesab edirəm ki, əgər buna birgə yanaşmamız olsa, Serbiya və Azərbaycan olaraq bizim böyük potensialımız var.

Eyni zamanda, Serbiya Prezidenti Aleksandar Vuçiçin mətbuata verdiyi bəyanat Azərbaycan Prezidentinin fəaliyyətinə, dövlətlərarası əməkdaşlığa, aktual əhəmiyyət kəsb edən qlobal məsələlərin həllinə töhfələrinə görə verilən yüksək siyasi dəyər idi: “Mən bu səfərdən, həqiqətən də, çox məmnunam. Bu görüşdən gözləntilərim çoxdur. Həqiqətən də, çox xoşbəxtəm ki, Prezident Əliyevdən bu qədər şey öyrənə bilmişəm. Bildiyiniz kimi, mən nə yerli, nə də beynəlxalq ictimaiyyət qarşısında bu cür sözləri deməkdən çəkinmirəm. Dünyada bir çoxları bilir ki, mən kimisə həddindən artıq tərifləməyi xoşlayan birisi deyiləm. Mən bizim ikimizdən daha böyük və güclü olduğunu düşünənləri belə tərifləmirəm”.

İki ölkə prezidentləri səviyyəsində mövcud olan yüksək siyasi dialoq deməyə əsas verir ki, Azərbaycan-Serbiya dostluq münasibətləri bundan sonrakı mərhələdə daha da sürətlə inkişaf edəcək, gələcək əməkdaşlıqda yeni üfüqlər açacaq.