YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Serbiya ilə müdafiə sənayesi sahəsi üzrə əməkdaşlıq müsbət perspektiv vəd edir

Rüstəm Nağıyev

YAP Gədəbəy rayon təşkilatının sədri

Dövlətlərarası iqtisadi diplomatik əlaqələrin qurulmasında iqtisadi inteqrasiyanın da rolu danılmazdır. Dünya təsərüfatının beynəlxalq iqtisadi inteqrasiyası öz inkişafında, onun kəmiyyət və keyfiyyət göstəricilərindən irəli gələn müxtəlif mərhələlər keçmişdir. Bu təkcə ticarətin və yaxud digər iqtisadi fəaliyyətin həcmi məsələsi olmayıb, həmçinin milli təsərrüfatlararası əlaqələrin sabitliyi, əhatə etdiyi sferalar, qarşılıqlı əlaqələrin intensivliyi səviyyəsi və inteqrasiya proseslərinin dərinliyini də özündə birləşdirir.

Müasir dövrdə Azərbaycan Cənubi Qafqaz regionunda əsas söz sahibi olan dövlət kimi çətin və mürəkkəb geosiyasi şəraitdə müstəqil xarici siyasət həyata keçirir. Bu gün Azərbaycan regionun yeganə ölkəsidir ki, düşünülmüş daxili və xarici siyasəti ilə həm inkişaf edir, iqtisadi sistemini təkmilləşdirir, həm də regional təhlükəsizliyin təmin olunması istiqamətində ardıcıl və sistemli addımlar atır. Hazırda Azərbaycan dövlətinin həyata keçirdiyi enerji layihələri, regional inteqrasiyaya xidmət edən əməkdaşlıq formatları Cənubi Qafqazda sabitliyin təmin edilməsində mühüm rol oynayır. Bununla yanaşı, Azərbaycan dünyada sülhyaratma prosesində fəal iştirak edir, səmərəli təklif və təşəbbüslərlə çıxış edir, öz praktik fəaliyyəti ilə sülhün və təhlükəsizliyin möhkəmlənməsinə dəyərli töhfələr verir.

 Prezident İlham Əliyevin məqsədyönlü xarici siyasəti nəticəsində də keçən dövr ərzində Azərbaycan regional və qlobal əhəmiyyətli iqtisadi, siyasi və humanitar layihələrin mərkəzinə çevrilib, bir sıra əhəmiyyətli əməkdaşlıq formatlarının təşəbbüskarı olub. Müasir dövrdə Azərbaycanın beynəlxalq səviyyədə həyata keçirdiyi bərabərhüquqlu və qarşılıqlı maraqlar prinsiplərinə söykənən xarici siyasət strategiyası ekspertlər tərəfindən təqdir olunan model kimi qiymətləndirilib.

 Bu da dünyanın bütün regionlarında, xüsusən, Mərkəzi və şərqi Avropa ölkələrində Azərbaycana qarşı marağın artmasına səbəb olmuşdur. Son dövrlərdə Serbiya-Azərbaycan əlaqələrinin sürətli inkişafı bunun əyani sübutlarından biridir.

Azərbaycanla Serbiya arasında iqtisadi sahədə yaxşı əlaqələr mövcuddur. 2021-ci ildə Serbiya Azərbaycanın 71-ci xarici ticarət tərəfdaşı olub. Ötən il ölkələrimiz arasında ticarət dövriyyəsinin həcmi 9,23 milyon dollar, o cümlədən idxalın həcmi 8,04 milyon, ixracın həcmi isə 1,19 milyon ABŞ dolları təşkil edib.

2020-ci illə müqayisədə ötən il Serbiya ilə ticarət dövriyyəsi 1,9 faiz, o cümlədən idxal 2,27 faiz artıb, ixrac isə 0,53 faiz azalıb.

2022-ci ilin yanvar-oktyabr aylarında Serbiya Azərbaycanın 68-cı xarici ticarət tərəfdaşı olub. Ölkələrimiz arasında ticarət dövriyyəsinin həcmi 9,84 milyon dollar, o cümlədən idxalın həcmi 8,10 milyon dollar, ixracın həcmi 1,74 milyon dollar təşkil edib. Serbiya Azərbaycanla ikitərəfli iqtisadi əməkdaşlığın, o cümlədən energetika sahəsində daha da inkişaf etdirilməsinə maraq göstərir. Serbiyanın yüksək səviyyəli rəsmiləri Cənub Qaz Dəhlizi Məşvərət Şurasının iclaslarında mütəmadi olaraq iştirak ediblər.

Bu istiqmətlərlə yanaşı, müdafiə sənayesinin inkişaf etdirilməsi, qarşılıqlı olaraq yeni texnologiyaların tətbiqi sahəsində əldə olunan razılaşmalar da əsas məsələlərdən biridir. Son bir ay ərzində Azərbaycan və serbiya dövlət başçılarının qarşılıqlı rəsmi səfərləri, mətbuata verdikləri açıqlamalar göstərir ki, bu sahə üzrə razılaşmalar hər iki dövlətin mənafeyinə uyğundur. 44 günlük müharibədə qazanılan Zəfər Azərbaycan Ordusunun tarixi qələbəsi olmaqla bərabər, dünyada Azərbaycanın ordu quruculuğuna da diqqəti artırıb. Bunu dekabrın 21-də bakıda rəsmi səfərdə olan Serbiya prezidenti Aleksandr Vuçiç belə ifadə etmişdir: “Hesab edirəm ki, müdafiə sektorunun nümayəndələri ilə biz silahlı qüvvələrin fəaliyyətinə dair, habelə silahlı qüvvələrin strukturu ilə bağlı Azərbaycandan çox şey öyrəndik. Biz çox məsələlərlə bağlı məlumat mübadiləsinə hazırıq. Biz müəyyən yaxşı sursat, silah istehsal edirik. Biz hər şeyi birlikdə müasirləşdirməyin yollarını nəzərdən keçirməyə və özümüzü təmin etmək üçün dünya ilə ayaqlaşmağa hazırıq. Çünki bu çətin dövrdə gördük ki, böyük ölkələr qısa zamanda necə bu qədər güc itirə bilərlər, sanksiyaların təsiri, məhvedici təsiri ola bilər. Biz çox da dinc olmayacaq gələcəkdə ölkələrimizi qorumağa və təhlükəsizliyini təmin etməyə hazır olmalıyıq.”

Prezident İlham Əliyevin bəyanatında qeyd etdiyi “Serbiyada səfərdə olarkən biz, eyni zamanda, müdafiə sənayesi sahəsi ilə bağlı müvafiq göstərişlər verdik. Bu sahədə də hər iki ölkədə potensial var və bu potensialın birləşdirilməsi üçün praktiki addımların atılması da gözlənilir” fikri onu deməyə əsas verir ki, bu Avropa ölkəsi ilə müxtəlif sahələr, o cümlədən müdafiə sənayesi sahəsində əməkdaşlıq yaxşı nəticələr verəcəkdir. Müdafiə sənayesi sahəsi perspektiv əməkdaşlıq istiqamətlərindən biri kimi diqqət mərkəzindədir və bu hər iki ölkənin qarşılıqlı əlaqələrində starteji əməlkdaşlıq səviyyəsinə yüksələcəyini vəd edir.