YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev Azərbaycanın dayanaqlı inkişafının təminatçısıdır

Fidan Hüseynova

YAP Quba rayon təşkilatının sədri                       

Böyük qürur və sevinc hissi ilə deyə bilərik ki, Ümummilli İider Heydər Əliyevin qurduğu müstəqil Azərbaycan dövləti, Prezident İlham Əliyevin liderliyi ilə öz tarixinin ən qüdrətli və şərəfli dövrünü yaşayır. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ötən 19 il ərzində ölkəmiz davamlı olaraq inkişaf edib, güclənib, regionda güc mərkəzinə çevrilib. Ulu öndər Heydər Əliyev siyasi məktəbinin varisi və layiqli davamçısı Prezident İlham Əliyevin hələ 2003-cü ildə prezident kimi səlahiyyətlərinin icrasına başladığı ilk gündən ölkəmiz bütün sahələrdə böyük uğurlara imza atıb, dövlətçiliyimiz, siyasi və iqtisadi müstəqilliyimiz daha da güclənib, ölkənin davamlı və dayanıqlı inkişafı təmin edilib, Azərbaycan inkişaf edən ölkələr sırasında layiqli yer tutub. Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət Azərbaycanın güclü, bütün məsələlərlə bağlı öz prinsipial mövqeyi olan, müstəqil siyasi iradə nümayiş etdirən ölkə kimi tanınmasını şərtləndirib. Bütün sahələrdə ardıcıl islahatlar həyata keçirilib və əhəmiyyətli uğurlar qazanılıb. Xüsusi ilə qeyd etmək lazımdır ki, 44 günlük Şanlı Vətən Müharibəsində xalqımız Ali Baş Komandanımız, ölkə Prezidenti İlham Əliyevin ətrafında sıx birləşərək, öz lideri ilə həmrəylik nümayiş etdirdi. Məhz bu həmrəyliyin nəticəsində Ali Baş Komandanımızın rəhbərliyi altında Azərbaycan tarixi Zəfərə imza atdı.

Dövlətimizin başçısı Vətən müharibəsi dövründə bütün təzyiqlərə mətanətlə sinə gərərək Azərbaycanın haqlı mövqeyini qətiyyətlə müdafiə etdi. Bəzi xarici ölkələr, təşkilatlar, siyasi dairələr iddia edirdilər ki, münaqişənin hərbi həlli yoxdur. Lakin Prezident İlham Əliyev “Dəmir yumruq” əməliyyatı ilə sübut etdi ki, münaqişənin hərbi həlli var. Nəticədə ölkəmiz BMT Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı dörd qətnaməsini özü icra etdi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Vətən müharibəsində böyük Qələbə əldə edildikdən sonra regionda yeni reallığın əsası qoyuldu. Artıq Azərbaycan post müharibə dövründə yeni inkişaf mərhələsinə qədəm qoyub. Bu gün işğaldan azad olunmuş ərazilərdə Prezident İlham Əliyevin rəhbərliyi altında dayanıqlı inkişafın uğurlu şəkildə təmin olunması üçün müasir standartlara əsaslanan bərpa və quruculuq işləri aparılır. Böyük Qələbə nəticəsində yaradılmış yeni reallıq təkcə Qarabağın bərpası və inkişafını nəzərdə tutmur, eyni zamanda bütün regiona sülh və davamlı inkişaf imkanını qazandırır. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin gələcəyə xidmət edən strategiyası sayəsində regionun beynəlxalq statusu dəyişmiş və region ölkələrinin inkişafı üçün yeni imkanlar açılmışdır. Qələbə nəticəsində işğaldan azad edilmiş ərazilərin ölkənin ümumi iqtisadiyyatına reinteqrasiyası, yeni beynəlxalq və regional nəqliyyat-logistika dəhlizlərinin imkanlarından faydalanmaq Azərbaycanın inkişafına böyük təkan verəcəkdir.

Qeyd etmək lazımdır ki, Prezident İlham Əliyevin daxili və xarici dövlət strategiyası hər zaman xalq tərəfindən dəstəklənməkdədir və bu xalqın öz Prezidentinə olan sonsuz inamından qaynaqlanır. Dövlətimizin uğurla həyata keçirdiyi sosial, iqtisadi siyasət xəttinin mərkəzində insan faktoru əsas götürülür və nəticə etibarı ilə əhalinin həyat şəraiti gündən günə yaxşılaşdırılır. Həmçinin dövlətimizin yürütdüyü uğurlu xarici siyasət kursu özündə milli maraqları əsas götürərək xalqımızın parlaq gələcəyinə böyük stimul verir.

Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində Azərbaycanın beynəlxalq səviyyədə mövqeləri güclənib və bundan sonra daha da möhkəmlənəcəkdir. Əminliklə deyə bilərik ki, qarşıdakı dövrdə də Prezident İlham Əliyevin liderliyi ilə ərazi bütövlüyünü bərpa etmiş Azərbaycan bütün sahələrdə daha möhtəşəm,əzəmətli nailiyyətlər qazanacaqdır.