YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan-Serbiya əlaqələrində yeni mərhələ

“Azərbaycan uğurlu  xarici siyasət həyata keçirir. Bu siyasətdə dünya dövlətləri ilə bərabərhüquqlu əməkdaşlıq, qarşılıqlı etimada əsaslanan münasibətlərin qurulması xüsusi yer tutur. Bu istiqamətdə dövlətimiz mühüm nailiyyətlər əldə edib. Hazırda Azərbaycanla dost və tərəfdaş olan ölkələrin sayı kifayət qədərdir. Belə dövlətlərindən biri də Serbiyadır”. Bu fikirləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.

Deputat bildirib ki, Azərbaycanın dost və tərəfdaş ölkələri dünyanın müxtəlif qitələrini əhatə edir. Bu baxımdan, Balkan ölkələri, o cümlədən Serbiya ilə ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişafı ölkəmizin xarici siyasətinin vacib istiqamətlərindən biridir. Ölkəmizə səfər edən Serbiya Prezidenti Aleksandar Vuçiçin dekabrın 21-də Prezident İlham Əliyevlə görüşü və aparılan müzakirələr bu mənada xüsusi vurğulanmalıdır. Səfər ölkələrimiz arasında yüksək səviyyədə olan əlaqələrin daha da inkişafına və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın gücləndirilməsi baxımından böyük əhəmiyyət kəsb edir. Müzakirələrdən sonra dövlət başçıları mətbuata bəyanatlarla çıxış ediblər. Qarşılıqlı səfərlərin intensivliyi hər iki ölkənin münasibətləri daha da möhkəmlətmək və keyfiyyətcə yeni səviyyəyə qaldırmaq istəyinin təzahürüdür.

S.Fətəliyeva xatırladıb ki, ötən ayın sonunda  Azərbaycan Prezidenti Serbiyaya səfər etmişdi. Həmin səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və Serbiya Prezidenti Aleksandar Vuçiç “Azərbaycan Respublikası Prezidenti ilə Serbiya Respublikası Prezidenti arasında Birgə Bəyanat”ı, “Azərbaycan Respublikası və Serbiya Respublikası arasında Strateji Tərəfdaşlıq Şurasının yaradılması haqqında Memorandum”u və onun əlavəsi olan “Azərbaycan Respublikası və Serbiya Respublikası arasında Strateji Tərəfdaşlıq Şurasının Əsasnaməsi”ni imzalayıblar. Bu sənədlərin imzalanması iki ölkə arasında əməkdaşlığı yeni səviyyəyə yüksəldəcək.

Serbiya Prezidentinin ölkəmizə səfəri çərçivəsində dövlət başçıları mətbuata bəyanatlarında vacib mesajlar verdilər. Prezident İlham Əliyev Serbiya və Azərbaycanın strateji tərəfdaş olduqlarını bildirib: “Biz hər zaman bir-birimizin ərazi bütövlüyünü və suverenliyini dəstəkləmişik, dəstəkləyirik və bu siyasət dəyişməz olaraq qalacaq. Biz beynəlxalq hüququn tərəfdarıyıq və əminik ki, ölkələr arasında münasibətlər ancaq beynəlxalq hüququn norma və prinsipləri əsasında tənzimlənə bilər. Bu sahədə dünyada müşahidə olunan ikili standartların təzahürləri, əlbəttə ki, bizi çox narahat edir. Beynəlxalq hüququn norma və prinsipləri bütün ölkələr üçün əsas olmalıdır. Belə gözəl strateji tərəfdaşlıq münasibətlərindən və eyni zamanda, şəxsi dostluq münasibətlərimizdən istifadə edərək, əlbəttə, biz ümid edirik ki, bütün sahələrdə bunun nəticəsi olacaq, ilk növbədə, ticarət sahəsində. Əminəm ki, əldə edilmiş razılaşmaların icrası nəticəsində ticarət dövriyyəsi artacaq, hələ ki, o, istənilən səviyyədə deyil. Nəqliyyat-logistika sahəsində böyük potensial var. Xüsusilə nəzərə alsaq ki, Azərbaycan və Serbiya ərazilərindən beynəlxalq nəqliyyat dəhlizləri keçir, burada da uzlaşma və bağlantının yaradılması üçün bizim müvafiq qurumlar fəal işləməlidir. Aidiyyəti qurumlar arasında təmaslar artıq yaranıbdır”. Serbiyanın dövlət başçısı isə Azərbaycanla strateji tərəfdaşlığın önəmindən, ölkəmizin uğurlu siyasətinin nəticələrindən bəhs edib.

“Beləliklə, Azərbaycan-Serbiya əlaqələrində yeni mərhələnin başlandığını görürük. Bu əlaqələr perspektiv üçün mühüm nəticələr vəd edir”, - deyə Sevinc Fətəliyeva vurğulayıb.