YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Laçın-Xankəndi yolu: Hamının qəlbi Vətən üçün döyünür və ya hər kəs yaradılmış şəraitdən məmnundur

Bu gün Laçın-Xankəndi yolunda təşkil olunan aksiyanın on ikinci günüdür. Aksiya həmişəki kimi, dinc və sivil şəkildə davam edir. Etirazçılar ənənəvi olaraq plakat qaldırıb, şüarlar səsləndirirlər. Ərazidə aksiyanın iştirakçısı olan ekofəallar və könüllülər üçün lazım olan bütün şərait yaradılıb. Onlar bu şəraitdən məmnundurlar.

Oxucuları aksiya iştirakçılarına göstərilən xidmət şəraiti ilə yaxından tanış edirik.

Aksiyanın ümumi mənzərəsindən müşahidə olunur ki, etirazçılar özlərini gümrah hiss edirlər, heç nədən narazılıqları yoxdur. Burada hamı üzərinə düşən vəzifəni təmkinlə, heç nəyə mane olmadan yerinə yetirir. Hər kəs Azərbaycan ərazilərində qazıntı yataqlarının istismarına etiraz edir. Qida təminatında iştirak edənlərdən tutmuş insanların asayişini qoruyan igidlərə kimi hər kəsin qəlbi Vətən - Azərbaycan üçün döyünür.

Tibbi heyət və təminat insanların xidmətində

Aksiya yerində insanların qida təminatı ilə bağlı yaradılan şərait gözləniləndən də yaxşıdır.

Qida təminatının təşkilatçılardan olan Fariz Məmmədov bizə bu barədə dolğun məlumat verib. O vurğulayıb ki, aksiya başladığı gündən komandası ilə buradadır və ona aid sahə üzrə əməkdaşlarla birlikdə işə məsuliyyətlə yanaşır: “Hər iki-üç saatdan bir aksiya iştirakçıları çay, kofe və müxtəlif lazımi təamlardan istifadə edə bilirlər. Bu proses hər gün səhərə kimi davam edir. Aksiya iştirakçılarının yemək-içməklə bağlı heç bir problemi yoxdur”.

Ərazidə tibb məntəqəsi fəaliyyət göstərir. Mütəmadi olaraq aksiya iştirakçılarının səhhəti yoxlanılır, onlara zəruri tibbi yardımlar göstərilir. Sağlamlıq problemi yaşayan hər kəsə dərhal lazım olan dərmanlar verilir.

Tibb məntəqəsinin fəaliyyəti haqqında məlumat verən Azərbaycan Könüllü Həkimlər Assosiasiyasının rəhbəri Oqtay Mehdiyev qeyd edib ki, aksiyanın ilk günündən rəhbərlik etdiyi qurumun üzvləri ilə insanlara xidmət göstərir.

O vurğulayıb ki, məntəqə bütün dərman preparatları ilə təchiz olunub. Müsahibimiz gün ərzində 100-150-dək insana məntəqədə xidmət göstərildiyini deyib: “Hava şəraiti ilə əlaqədar ən çox suyuqdəymə, səs tellərinin tutulması, qrip, təzyiq, mədə-bağırsaq problemləri ilə əlaqədar müraciət olunur. Biz burada simptomatik müalicə ilə məşğul oluruq. Məntəqədə hər sahədən həkimlər var. Hər hansı xəstəlik olduqda, ona diaqnoz qoyulur və müalicə edilir. Növbəlilik prinsipi əsasında 24 saat işləyirik”.

Jurnalistlər yaradılmış şəraitdən məmnundur

Burada media mənsubları üçün əlverişli şərait yaradılıb. Jurnalistlər onlar üçün qurulmuş media çadırının imkanlarından rahat şəkildə istifadə edirlər. Elə biz özümüz də aksiya ilə bağlı bütün xəbərləri bu məntəqənin imkanlarından istifadə etməklə hazırlayırıq. Bizdən bir neçə gün əvvəl aksiya yerinə ezam olunan həmkarlarımız da mənimlə həmfikirdirlər.

“Trend” İnformasiya Agentliyinin əməkdaşı Sədrəddin Ağcayev media çadırının imkanlarından razı qaldığını deyib.

Beş gündür aksiya yerinə ezam olunduğunu söyləyən həmkarımız bu çadırda informasiyanın rahat şəkildə hazırlanmasının əlverişli olduğunu bildirib.

Bütün bunlar onu deməyə əsas verir ki, burada istər media mənsubları, istərsə də aksiya iştirakçıları üçün ən yaxşı imkanlar yaradılıb. Hamı yaradılmış şəraitdən məmnundur.

Könüllülər şəraitdən razıdırlar

Aksiya iştirakçısı Ceyhun Rzayev də şəraitdən razılığını ifadə edib.

“Şuşanın təmiz və soyuq havası aksiyada daha fəal olmaq üçün bizə yeni ovqat, yüksək əhvali-ruhiyyə verir. Gördüyünüz kimi, aksiyada gənclərimizin tələbkar iradəsi özünü qabarıq göstərir. Burada bizim üçün bütün şərait yaradılıb. Aksiyanın hər bir iştirakçısına zəruri qayğı göstərilir, bizə olan hər cür dəstəyi mənən hiss edirik. Biz erməni vandalizminin və talançılığının qarşısını almalıyıq. Yaşasın Azərbaycan! Sonadək dövlətimizin yanındayıq”, - deyə aksiya iştirakçısı qeyd edib.

Aksiya könüllüsü Əlabbas Quliyev xoş əhvali-ruhiyyədə olduğunu bildirərək təəssüratlarını bölüşüb. O söyləyib ki, yaradılan şərait bütün iştirakçılar kimi onun da ürəyincədir: “Şəraitdən razıyıq. Qidalanma və tibb personalı 24 saat buradakı insanların xidmətindədir. Az əvvəl tibbi xidmətdən istifadə etdim. Əsas məsələ odur ki, biz var gücümüzlə haqq səsimizi dünyaya çatdırırıq. Məqsədimizə çatmağa çalışırıq, inanıram, buna nail olacağıq”.

Fəallar qalın geyimlə təmin olunurlar

Ərazidə yağ çəlləklərində qalanan tonqallar da insanların xidmətinə verilib. Bu tonqallar həm gündüz, həm də gecə saatlarında mütəmadi şəkildə yandırılır. Aksiya iştirakçıları açıq havada bu tonqalların sayəsində isinə bilirlər. Bundan başqa, könüllülər üçün isinmə otaqları da fəaliyyət göstərir. Aksiya iştirakçıları mütəmadi olaraq qalın geyimlərlə təmin olunurlar. Bu prosesdə vətəndaş cəmiyyətinin üzvləri fəal iştirak edirlər.

Qeyd edək ki, dekabrın 12-dən Xankəndi-Laçın yolunun Rusiya sülhməramlılarının nəzarətində olan hissəsində azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə aksiya keçirilir.