YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanın enerji strategiyası Avropa üçün böyük önəm kəsb edir

Samir Vəliyev

YAP Nərimanov rayon təşkilatının sədri

Beynəlxalq aləmdə mövcud geosiyasi proseslər fonunda Avropa İttifaqı məkanında enerji təhlükəsizliyinin aktuallığı xeyli dərəcədə artıb. Enerji daşıyıcılarının ənənəvi təchizat zəncirinin qırılması Avropanı yeni çağırışlarla üz-üzə qoyub. Bu çağırışlardan ən mühümü enerji daşıyıcılarının yeni, daha etibarlı mənbələrinin tapılması ilə bağlıdır. Həm mənbələr, həm də nəql marşrutları şaxələndirilməlidir. Belə bir məqamda qoca qitənin üz tutduğu enerji mənbələrindən biri də Azərbaycandır ki, bu da təsadüfi deyildir. Azərbaycan Avropa üçün sınanmış tərəfdaşdır. Son illərədək Avropaya əsasən neft və neft məhsulları ixrac edən Azərbaycan özünü etibarlı tərəfdaş kimi təsdiqləyib və müqavilə öhdəliklərini heç vaxt pozmayıb. Bunun sayəsində qoca qitədə ölkəmizə böyük inam yaranıb.

Bu ilin iyul ayında Bakıda Prezident İlham Əliyev və ölkəmizdə səfərdə olan Avropa Komissiyasının rəhbəri xanım Fon der Lyayen Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumu imzaladılar. Bundan sonra respublikamızla bir sıra Avropa ölkələri arasında enerji əməkdaşlığına dair oxşar sənədlərin imzalanması mərasimləri keçirilib. Dekabrın 17-də isə Buxarestdə “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş” imzalanıb. Sazişi Azərbaycan Prezidenti İlham Əliyev, Rumıniyanın Baş naziri Nikolae Çuke, Gürcüstanın Baş naziri İrakli Qaribaşvili, Macarıstanın Baş naziri Viktor Orban imzalayıblar. İmzalanma mərasimində Rumıniya Prezidenti Klaus Yohannis və Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen iştirak ediblər.

2021-ci ildən etibarən respublikamız Avropa üçün həm də alternativ mavi yanacaq mənbəyi qismində çıxış edir. Azərbaycan çox böyük səylər göstərməklə, qətiyyətli siyasi iradə nümayiş etdirməklə Xəzərdən, Türkiyədən keçməklə Avropayadək uzanan Cənub Qaz Dəhlizinin inşasının tamamlanmasına nail oldu. Bir vaxtlar Avropanın özündə müəyyən skeptik yanaşmalarla qarşılanan bu layihə indi bir növ xilaskarlıq rəmzinə çevrilib. Dörd mühüm seqmentdən ibarət olan yeni nəql marşrutunun inşası 2020-ci ilin sonlarında tamamlandı. Həmin vaxtdan etibarən Azərbaycan Avropaya mavi yanacaq nəqlinə start verib. 2021-ci ildə respublikamızın  Avropa İttifaqı bazarına təbii qaz ixracı 8,2 milyard kubmetr təşkil edib. Cari ildə bu rəqəmin 11,3 milyard kubmetrə çatacağı gözlənilir. Növbəti ildə ölkəmizdən Avropaya qaz ixracının həcmi ən azı 11,6 milyard kubmetrə qədər artacaq. 2027-ci ilədək isə respublikamızdan qoca qitəyə mavi yanacaq ixracının hazırkı səviyyəsinin iki dəfə artırılması hədəflənib. 2023-cü ildə Azərbaycandan mavi yanacaq ixracının həcmini təxminən 24 milyard kubmetrə çatdırmaq nəzərdə tutulub. Müqayisə üçün bildirək ki, 2021-ci ildə ölkəmizin qaz ixracı 19 milyard kubmetr həcmində olub. Respublikamız Aİ məkanına daxil olan ayrı-ayrı ölkələrlə yanaşı, qonşu Gürcüstana və Türkiyəyə də mavi yanacaq ixracını həyata keçirir. Prezident İlham Əliyev dekabrın 17-də Buxarestdə “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in imzalanması mərasimi ilə bağlı keçirilən  plenar iclasdakı çıxışında ölkəmizin ixrac çoğrafiyasını genişləndirməsindən məmnunluğunu ifadə edərək vurğulayıb: “Dünən Dövlət Neft Şirkəti və Romqaz 2023-cü il yanvarın 1-dən Azərbaycandan Rumıniyaya qazın təchizatı barədə müqavilə imzaladılar. Beləliklə, Azərbaycan özünün qaz təchizatının coğrafiyasını Avropa bazarına qədər genişləndirir. Bu, hamı üçün uduşlu vəziyyətdir, çünki Avropaya öz enerji təhlükəsizliyinin qorunması üçün qaz lazımdır, Azərbaycanın isə özünün nəhəng enerji resursları üçün etibarlı bazara ehtiyacı var”.

Hazırda Azərbaycan və Aİ Xəzər sahillərindən Avropaya daha böyük həcmlərdə mavi yanacaq daşınmasını təmin etmək üçün Cənub Qaz Dəhlizinin genişləndirilməsi ilə bağlı intensiv müzakirələr aparırlar. O cümlədən təxminən 3500 kilometr uzunluğa malik bu kəmərin TANAP və TAP seqmentlərinin ötürücülük imkanlarının artırılması hədəflənib. TANAP-ın indiki ötürmə qabiliyyəti 16 milyard kubmetrdir. TAP-ın illik ötürmə imkanları isə 10 milyard kubmetrə bərabərdir. Bu göstəricilər müvafiq olaraq 32 və 20 milyard kubmetrə çatdırılacaq.

Azərbaycanın enerji strategiyasının daha bir istiqaməti ölkənin zəngin bərpa olunan enerji potensialından istifadə olunmasını özündə ehtiva edir. Müasir dövrdə dünya üzrə meydana çıxan əsas çağırışlardan biri enerji keçidinin təmin edilməsi ilə bağlıdır. Yeni geosiyasi reallıqlar fonunda Avropa İttifaqı ölkələrində enerji transformasiyasının sürətləndirilməsinə və bunun üçün bir sıra zəruri tədbirlərin görülməsinə başlanılıb. Avropa Komissiyasının hazırladığı və hazırda reallaşdırılmaqda olan xilas planında enerji keçidi ilə bağlı mühüm müddəalar yer alıb. Müasir dövlət kimi inkişaf edən Azərbaycan da özünün bərpa olunan enerji potensialından səmərəli şəkildə istifadə etməyi planlaşdırır. O cümlədən perspektivdə Azərbaycanla Avropanın enerji dialoqu yalnız nefti və qazı deyil, həm də enerji bazarının digər seqmentlərini, xüsusilə də elektrik enerjisini, hidrogen və yaşıl hidrogen enerjisini əhatə edəcək. Respublikamızın bərpa olunan enerji potensialı kifayət qədər böyükdür. Bu sahədə Xəzərin Azərbaycan sektorunda təsdiq olunmuş potensial kifayət qədər böyükdür. Bu baxımdan Buxarestdə imzalanmış saziş böyük əhəmiyyətə malikdir.