YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şuşa-Laçın yolunda keçirilən aksiya kütləvi mübarizədir

Rövlan Heydərov

YAP Naftalan şəhər təşkilatının sədri

Ermənistanın Azərbaycana qarşı 30 ilə yaxın müddət ərzində davam edən təcavüzünün qurbanları təkcə soydaşlarımız deyil, həm də yaşı minilliklərlə ölçülən tarixi, dini və mədəni abidələrimizdir. Uzun müddət işğal altında saxlanılmış Azərbaycan ərazilərində erməni vandalları tərəfindən çoxsaylı məscid, muzey, maddi-mədəniyyət nümunəsi yerlə-yeksan olunub, maddi və mənəvi sərvətlərimiz olan bu abidələrin özününküləşdirilməsi cəhdləri edilib.

Ermənistan işğal edilən ərazilərin təbii sərvətlərinə və ətraf təbii mühitinə bərpası mümkün olmayan külli miqdarda ziyan vurub. İşğal olunan ərazilərin təbii sərvətləri işğalçı dövlətin himayədarlığı nəticəsində müxtəlif şirkətlər tərəfindən qanunsuz istismara məruz qalıb və talan edilib. Həmin  ərazilərin ətraf təbii mühitinə vurulan ziyan, regionda ekoloji tarazlığın pozulmasına səbəb olub. İşğala məruz qalmış yaşayış məntəqələrimiz erməni silahlı birləşmələri tərəfindən qarət edilib, evlər dağıdılıb, su, elektrik, qaz və digər kommunikasiya xətləri isə tamamilə sıradan çıxarılıb. Respublika əhəmiyyətli dəmiryolu xətləri sökülüb və yararsız hala salınıb. Ümumiyyətlə, Ermənistan tərəfindən ekoloji terrora məruz qalan Azərbaycan əraziləri regional ekoloji fəlakət zonasına çevrilib.

Bu illər ərzində Ermənistan Azərbaycanın bütün növlərdən olan faydalı qazıntılarını xarici şirkətlər tərəfindən necə gəldi vəhşicəsinə talan  etdirib və bu gündə davam etdirərək  ərazidən çıxarılmasına şərait yaradır.

İllərdir xalqımız bu əməllərə qarşı çarəsiz idi. Lakin Silahlı Qüvvələrin müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi və yenilməz, rəşadətli Azərbaycan Ordusunun misilsiz qəhrəmanlığı nəticəsində 44 gün ərzində ərazi bütövlüyümüz bərpa edildi. Artıq Azərbaycan xalqı ərazi bütövlüyünü pozmağa çalışan və təbii sərvətlərimizi talan edən bir qrup  erməni quldurunun əməllərinə göz yummağa məcbur deyil.

Laçın-Şuşa yolunda Azərbaycan ekoloqları, qeyri-hökumət təşkilatlarının nümayəndələri və fəalların keçirdiyi ədalətli tələblərinə dəstəyin günü-gündən artması, bu etirazın  xalqımız adından keçirildiyini bir daha təsdiqləyir. Azərbaycan xalqının bu sarsılmaz iradəsi qarşısında ermənipərəst şəxslər və qüvvələr geri çəkilməlidirlər.

23 dekabr 2022-ci il tarixindən etibarən Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji, digər fəsadlarla bağlı müvafiq dövlət qurumları təmsilçilərindən ibarət nümayəndə heyətinin sülhməramlı kontingentin komandanı general Volkovla apardığı danışıqlar da buna xidmət edirdi. Əldə olunmuş razılığa uyğun olaraq, Azərbaycan rəsmi qurumları təmsilçilərindən ibarət nümayəndə heyətinin dekabrın 10-da faydalı qazıntıların qanunsuz istismar olunduğu ərazilərə səfər etmə cəhdinə baxmayaraq, bu səfərə süni  əngəl yaradılıb. Əlbəttə, belə etibarsız hərəkətlər, razılaşmaların pozulması Azərbaycan vətəndaş cəmiyyəti fəallarının, ümumən xalqımızın haqlı etirazına səbəb olub. Əslində, Şuşa-Laçın yolundakı aksiyada olmaq istəyənlərin sayı orda olanlardan qat-qat çoxdur.

Azərbaycanın ekologiya fəallarının, ümumən vətəndaş cəmiyyəti təmsilçilərinin Şuşa-Laçın yolunda keçirdiyi etiraz aksiyası mülki ermənilərə qarşı olmayıb, Rusiya sülhməramlılarının yerləşdiyi Azərbaycan ərazilərində həyata keçirilən qanunsuz iqtisadi fəaliyyətlə, respublikamızın təbii sərvətlərinin talanması, ekologiyaya dəyən zərərlə bağlıdır. Bu, Azərbaycan ictimaiyyətinin tam haqlı narazılığıdır və hər kəs bundan nəticə çıxarmalıdır.

Etiraz aksiyası ilə təmsil olunan bu haqlı hərəkat ölkəmizdə Vətən müharibəsindən sonra milli hədəflər uğrunda ən kütləvi mübarizədir. İştirakçılarının konkret tələbi budur. Qondarma rejim Azərbaycan torpağında özbaşınalıq edə bilməz. Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələrinin və ekologiya fəallarının Şuşa-Laçın yolunda həyata keçirdiyi etiraz aksiyası Azərbaycan ictimaiyyətinin haqlı narazılığının göstəricisidir və vətəndaş cəmiyyətinin bu mövqeyinə hörmətlə yanaşılmalıdır