YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yeni qanun layihəsi siyasi partiyaların öz arasında səmərəli əməkdaşlığına böyük töhvə verəcək

Naqif Həmzəyev

YAP Təftiş Komissiyasının üzvü, Milli Məclisin deputatı

“Siyasi partiyalar haqqında” yeni qanun layihəsi Milli Məclisin Plenar iclasında  üçüncü  oxunuşda müzakirəyə çıxarılaraq, qəbul edildi.  

Prezident İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə ölkədə müxtəlif sahələrdə həyata keçirilən ardıcıl və sistemli islahatlar nəticəsində dövlət və cəmiyyət həyatında böyük dəyişikliklər baş verdi və bu proseslər Milli Məclisin qanunvericilik müstəvisində də öz əksini tapdı.

Bu gün 30 ildən çox işğal altında olan torpaqlarını azad edən qalib Azərbaycan artıq beynəlxalq münasibətlər sistemində söz sahibidir və bu yeni reallıqların və tələblərin, həmçinin keçən dövr ərzində Azərbaycanda qanunvericiliyin təkmilləşdirilməsində, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunda əldə olunan nailiyyətlərin yeni qanunda özünü tapması olduqca zəruri və təqdirəlayiqdir.

Ölkədəki formalaşmış yeni siyasi-ictimai mühit və konfiqurasiya sistemin təkmilləşdirilməsi üçün qanunvericilikdə də müəyyən dəyişikiklərin edilməsi məqsədilə mövcud “Siyasi partiyalar haqqında” yeni qanun layihəsində müvafiq dəyişikliklərin edilməsi zəruri idi.  Və bu dəyişikliklər bir çox baxımdan böyük əhəmiyyət kəsb edir. Bilirsiniz ki, cəmiyyətin bütün siyasi seqmentlərinin prosesdə iştirak etməsini təmin etmək məqsədilə Milli Məclis tərəfindən şəffaf mühit yaradılmış, ölkədə fəaliyyət göstərən 47 siyasi partiyadan 250-dən çox təklif daxil olmuşdur. Qanun layihəsinin daha da təkmilləşdirilməsi üçün müxtəlif siyasi partiyaların, vətəndaş cəmiyyəti subyektlərinin, ekspertlərin, dövlət orqan və qurumlarının nümayəndələrinin rəy və təklifləri ictimai dinləmələrdə nəzərə alınaraq, layihə dəyişiklik edildikdən sonra yeni variantda müzakirəyə çıxarılıb. Xüsusilə vurğulamaq istəyirəm ki, sözügedən təkliflər əlavə edilərək, qanun layihəsində 66 dəyişiklik edilmişdir və bu dəyişiklərin əsas məqsədi qanun layihəsinin Konstitusiyaya və Avropa İnsan Hüquqları Konvensiyasına uyğun olması, habelə birləşmək azadlığı hüququnu özündə ehtiva etməsidir.

Qanun layihəsində edilən əsas dəyişikliklərdən biri də sənədlərin toplanması ilə bağlı müddətin  artırılması, eyni zamanda partiyanın təsis edilməsi, qeydiyyatı, sənədlərin yoxlanılması ilə bağlı rəqəmlərin (say tələbinin) azaldılmasıdır. Belə ki, partiyaların yaradılması üçün üzv tələbi 10 mindən 5 min nəfərə endirilib, siyasi partiya Azərbaycan Respublikasının tam fəaliyyət qabiliyyətli olan azı 50 vətəndaşı (təsisçilər) tərəfindən təsis edilə bilinəcək.

Siyasi rəqabəti gücləndirmək, cəmiyyətdə seçki prosesinə marağı artırmaq və təbliğat prosesini daha da gücləndirmək məqsədilə ilk dəfə olaraq Azərbaycanda dövlət hər hansı kvota qoymadan, yəni 3 faizlik baryer müəyyənləşdirmədən seçiciləri nizami və strukturlaşmış partiyalara cəlb etmək üçün Avropa siyasi təcrübəsində geniş tətbiq olunan bir model qanunvericiliyə daxil edilir.

Ümumilikdə yeni qanun layihəsinin hazırlanması və dəyişikliklərin edilməsi zamanı beynəlxalq təcrübəyə istinad edilmiş, demokratik norma və prinsiplərə daha çox üstünlük verilmişdir. Burada məqsədin beynəlxalq təcrübəyə uyğun mütərəqqi qanun layihəsinin hazırlaması olduğu diqqətdə saxlanılmalıdır.

Əminəm ki, hazırlanmış yeni təklif yalnız siyasi plüralizm, açıq və ədalətli rəqabət mühitinin gücləndirilməsinə xidmət etməyəcək, həm də Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafına, dövlətlə siyasi partiyalar, o cümlədən siyasi partiyaların öz arasında səmərəli əməkdaşlığa böyük töhvə verəcəkdir. Eyni zamanda, yeni qanun layihəsi ümumilikdə siyasi partiyaların tənzimlənməsi sahəsində olan mövcud problemlərin həllini və yeni inkişafları özündə ehtiva edəcək və siyasi sistemimizin siyasi sistemimizin daha da təkmilləşdirilməsinə gətirib çıxaracaqdır.