YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Siyasi münasibətlərin inkişafına xidmət edən qanun

Anar Məmmədov

Milli Məclisin deputatı

Cəmiyyət həyatının hər bir sahəsində inkişafın, dəyişikliyin, dinamizmin, iş ahəngdarlığının təmin edilməsi yeni yanaşmaların tətbiqini, daha dəqiq ifadə etsək, zamanın nəbzini tutan islahatların həyata keçirilməsini tələb edir. Respublikamızın son illərdə nail olduğu inkişaf göstəriciləri də islahatların labüdlüyünün və məntiqi nəticəsinin ən gözəl nümunələridir. Son illərin reallıqları da göstərir ki, bu islahatlar real nəticələrini verir, inkişafa və cəmiyyətin yüksək əhvali-ruhiyyəsinin təmin olunmasına xidmət edir. Əsas məqamlardan biri də odur ki, islahatlar məhdud sfera ilə məhdudlaşmayaraq kompleks xarakter daşıyır. İqtisadi, sosial və digər sahələrlə yanaşı, siyasi spektrdə də islahatların aparılması  cəmiyyətimizdə bu müstəvidə yeni münasibətlərin yaranması ilə müşahidə olunur. Siyasi sistemdə yeni konfiqurasiyanın formalaşması, yeni dialoq mühitinin yaradılması, müxalifət təmsilçilərinin parlament idarəçiliyində iştirakçılıq imkanlarının artırılması öz fəaliyyətini sağlam müxalifətçilik prinsipləri əsasında, milli maraqların qorunması yönündə quran bütün partiyalar tərəfindən təqdir olunur.  

Məlum olduğu kimi, Azərbaycanda “Siyasi partiyalar haqqında” yeni qanun qəbul edildi. Sənədin hazırlanmasında Avropanın qabaqcıl ölkələrinin təcrübəsi, milli-mənəvi dəyərlərin qorunub saxlanması, ölkədə mövcud olan siyasi sistem nəzərə alındı, həmçinin, Avropa Şurasının Venesiya Komissiyasının siyasi partiyaların fəaliyyətinin tənzimlənməsi ilə bağlı tövsiyələri də nəzərdən keçirildi. Keçirilən dinləmələrdən də aydın oldu ki, qanun layihəsinin hazırlanması prosesi demokratik və şəffaf şəkildə təşkil edilib. Belə ki qanun layihəsi Milli Məclisin plenar iclasına, həmçinin komitələrin iclasına çıxarılmazdan əvvəl Milli Məclisin saytında yerləşdirildi. Digər əhəmiyyətli məqam isə qanun lahiyəsinin hazırlanması prosesində ölkəmizdə mövcud olan siyasi partiyaların yaxından iştirakıdır. Yeni qanunda siyasi partiyanın necə təsis edilməsi, reyestrdə onlarla bağlı hansı məlumatların olması, partiya fəaliyyəti üçün tələblər, habelə siyasi partiyaların fəaliyyətinə nəzarət mexanizmləri, partiya üzvlüyünə məhdudiyyətlər, partiyaların rəmzlərinin müəyyənləşməsi, onların maliyyələşməsinin təşkili, qeydə alınmayan və ya qeydiyyatı ləğv edilən siyasi partiyanın fəaliyyətinin nədən ibarət ola biləcəyinə və sair məsələlərə dair məqamların yer alması qanunun yüksək səviyyədə hazırlanmasından xəbər verir. Ümumilikdə, Milli Məclisdə qəbul edilən yeni qanun 200-ə qədər əlavə və dəyişikliklər edilərək təkmilləşdirildi və eyni zamanda, 20-dən çox ölkənin müvafiq qanunları ilə müqayisəli təhlil edilərək, beynəlxalq təcrübə ilə zənginləşdirilərək hazırlandı.

Bildiyimiz kimi, dövlətin idarə olunmasında və hakimiyyətin formalaşmasında əsas institutlardan biri partiyalardır. Odur ki, partiyalarla bağlı yeni qanun layihəsi demokratik prinsiplərə əməl edilməklə, şəffaflıq şəraitində hazırlanıb. Qəbul edilən qanun layihəsi siyasi partiyaların cəmiyyətdə nüfuzunun artması ilə yanaşı ictimai-siyasi proseslərə təsir imkanlarının da genişlənməsinə stimul verəcək. Layihədə müdafiə olunmayan təkliflərin sənəddən çıxarılması, əvəzində demokratik norma və prinsiplərə daha çox üstünlük verilməsi sübut edir ki, qanun layihəsi xalqın siyasi iradəsini ifadə edir. “Siyasi partiyalar haqqında” yeni qanun layihəsi sağlam siyasi mühitin formalaşmasında, yeni cəmiyyət quruculuğu prosesinin sürətləndirilıməsində mühüm əhəmiyyətə malik olmaqla yanaşı, yeni reallıqda siyasi sistemimizdə milli maraqlarımız baxımından səmərəli nəticələrə gətirib çıxara biləcək bir sənəd kimi də öz təsdiqini tapacaq.