YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ümummilli Liderin gerçəkləşən ideyaları inkişaf yolumuzu daim işıqlandıracaq

Məhəmməd Balaqadaşov

YAP Xaçmaz rayon təşkilatının sədri

Azərbaycan bu gün beynəlxalq maliyyə qurumlarının hesabatlarında ən islahatçı ölkə kimi qərarlaşıb. Dövlətimizin uğurlu iqtisadi siyasəti bütün sahələrdə mühüm addımların atılmasını şərtləndirir. Hazırda Azərbaycanın  iqtisadi möcüzələr ölkəsi kimi tanınması  müstəqilliyimizin bərpasının ilk illərində yaşadıqlarımızı yada salmağı bir zərurətə çevirir.  Həmin dövrdə digər istiqamətlər kimi, iqtisadi sahədə də böyük uğursuzluqlar hökm sürürdü. Azərbaycanda sabitliyin olmaması ölkəmizlə iqtisadi əlaqələrin qurulmasında maraqlı olan dövlətlərin tərəddüdlərinə səbəb olurdu. İnvestorlar yatıracaqları investisiyaların təhlükəsizliyinə tam əmin deyildilər. 1993-cü ildə ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından  sonra ölkədə sabitliyin, təhlükəsizliyin yaradılması bu tərəddüdlərə son qoydu.  Ümummilli Lider ilk gündən bu çağırışı etdi ki, xarici investorlar yatıracaqları investisiyaların təhlükəsizliyinə tam əmin ola bilərlər. Azərbaycan qısa zamanda böyük investisiyalar məkanına çevrildi.

Hazırda Azərbaycanın təkmil inkişaf modelindən bəhs edərkən bu fikri xüsusi qeyd etməliyik ki, bütün sahələrdə qazanılan uğurların əsasında Azərbaycanın iqtisadi inkişafı dayanır. Ulu öndər Heydər Əliyev bildirirdi ki, iqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir. İqtisadi tərəqqi digər sahələrin inkişafı üçün əsasdır. Müstəqilliyini bərpa etdikdən sonra  öz sərvətlərinin tam sahibi olan Azərbaycan xalqının gələcəyini düşünən və ölkənin iqtisadi inkişafı üçün ən səmərəli yollar axtaran ümummilli lider Heydər Əliyev iqtisadiyyatın inkişafında neft amilinə önəm verməklə bugünkü inkişafın əsasını qoydu.  “1994-cü ildən Azərbaycan özünün yeni neft strategiyasını həyata keçirir və bu strategiyanın da əsas prinsipləri Azərbaycanın zəngin təbii sərvətlərindən Azərbaycan xalqının rifahı naminə daha səmərəli istifadə etməkdən asılıdır” söyləyən Ulu Öndərin proqram xarakterli bu fikirləri tək neft sənayesinin deyil, iqtisadiyyatın bütün sahələrinin inkişaf yollarını aydın göstərir.  Ümummilli lider Heydər Əliyevin iqtisadiyyatın onurğa sütunu kimi dəyərləndirdiyi neft-qaz sənayesi inkişafın yeni mərhələsinə qədəm qoydu. Dünyada elə dövlət yoxdur ki,  müəyyən qədər təbii sərvətlərə malik olmasın. Azərbaycan isə payına düşən sərvətlərin zənginliyinə, strateji əhəmiyyətinə görə fərqlidir. Bu gerçəklik də hər zaman vurğulanır ki,  təbii ehtiyatlardan düzgün istifadə edildikdə o, zəngin sərvətə çevrilir. “Əsrin müqaviləsi”ndən ötən 28 ildə Azərbaycanın qazandığı uğurların miqyasına diqqət yetirsək, bu fikrin reallıqda öz əksini tapdığını görərik. Artıq 2017-ci ildə  “Yeni əsrin müqaviləsi” imzalandı. Azərbaycan etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirir. BTC və BTƏ neft-qaz kəmərlərinin ardıcılları sırasında Cənub Qaz Dəhlizinin tam tərkibdə istifadəyə verilməsini qeyd edə bilərik.  Azərbaycan həm özünün iqtisadi imkanlarını artırmaq, həm də dünyanın enerji təhlükəsizliyinin təminatına davamlı töhfələrini vermək  üçün yeni-yeni layihələrin müəllifi olmaqla iqtisadi və siyasi mövqeyini daha da möhkəmləndirir.  

İqtisadi qüdrətini günbəgün möhkəmləndirən Azərbaycan digər sahələrin inkişafı istiqamətində də əhəmiyyətli addımların atılmasına nail oldu. Bu gün böyük fəxrlə bəhs etdiyimiz tarixi Zəfərimizdə Azərbaycanın iqtisadi və siyasi müstəqilliyinin  rolu inkaredilməzdir.  

Bu mühüm faktı da xüsusi qeyd etməliyik ki, 2003-cü ildən ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev qarşıya  “İqtisadi artım qeyri-neft sektorunun hesabına olmalıdır” hədəfini qoydu və qeyri-neft sektorunun inkişafına yönələn addımları ilə diqqətdə oldu. Bu məqsədə nail olmaq üçün Regional inkişaf proqramları təsdiqləndi, uğurla icra edilir. Hazırda təkcə işğaldan azad edilmiş ərazilərimiz deyil, bütün regionlarımız quruculuq  meydanına çevrilib. Yeni texnologiyaların tətbiqi şəraitində  insanlaın rahat yaşayışı üçün bütün zəruri addımlar atılır.

Arxada qalan illərin uğurlarını bir yazıda əhatə etmək qeyri- mümkündür. Heydər Əliyev yolu hər günü Azərbaycan tarixinə əlamətdar hadisə kimi yazır. Bu gün harada yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı belə güclü, qüdrətli dövlətin vətəndaşı olması ilə qürur duyur. Nə qədər ki müstəqil  Azərbaycan dövləti, xalqı var, ulu öndər Heydər Əliyev ürəklərdə yaşayacaq, gerçəkləşən ideyaları inkişaf yolumuzu işıqlandıracaq.