YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Səfir: Azərbaycan Cənubi Qafqazda Almaniya üçün vacib iqtisadi tərəfdaşdır

Dekabrın 9-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Almaniyanın ölkəmizdəki səfiri Ralf Hörleman ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildiriblər ki, nazir Ceyhun Bayramov yeni təyinatı münasibətilə səfiri təbrik edərək, Azərbaycan-Almaniya əlaqələrinin inkişafı istiqamətində fəaliyyətində uğurlar arzulayıb. Bu il diplomatik münasibətlərin 30 illiyinin qeyd olunduğu Almaniya ilə ikitərəfli münasibətlərin inkişaf etdirilməsinin vacibliyini diqqətə çatdıran nazir ötən martda Almaniyaya səfərini və xarici işlər naziri Annalena Beerbok daxil olmaqla, keçirdiyi görüşləri məmnunluqla xatırlayıb.

Söhbət zamanı ikitərəfli və regional vəziyyət, enerji təhlükəsizliyi ilə bağlı məsələlər barədə fikir mübadiləsi aparılıb. Azərbaycanın enerji təhlükəsizliyi, enerji resurslarının Avropaya ixracı və alternativ enerji resurslarının inkişaf etdirilməsi sahəsində həyata keçirdiyi işlər və perspektivlər müzakirə olunub.

Görüşdə, həmçinin 44 günlük Vətən müharibəsindən sonra cari regional vəziyyət, sülh quruculuğu səyləri, işğaldan azad edilmiş ərazilərdə yenidənqurma işləri, eləcə də işğaldan azad edilmiş ərazilərdə “yaşıl enerji” layihələri barədə qarşı tərəfə məlumat verilib.

Səfir Hörleman diplomatik münasibətlərinin qurulmasının 30 illiyinin qeyd olunması münasibətilə təbriklərini çatdıraraq, Azərbaycanın Cənubi Qafqazda Almaniya üçün vacib iqtisadi tərəfdaş olduğunu vurğulayıb. Azərbaycan və Almaniya arasında tarixi əlaqələrə nəzər salınıb. Səfir ölkələrimiz arasında energetika və digər sahələrdə əməkdaşlığın daha da inkişaf etdirilməsinin zəruriliyini bildirib.

Daha sonra Azərbaycanla Almaniya arasında humanitar və mədəniyyət sahəsində əməkdaşlıq, habelə qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.