YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ümummilli lider Heydər Əliyevin xatirəsi Koreya Respublikasında anılıb

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anım günü ilə əlaqədar Azərbaycanın Koreya Respublikasındakı səfirliyində tədbir keçirilib.

Əvvəlcə Ulu Öndərin səfirlikdəki guşəsi önünə əklil qoyulub, xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Səfir Ramin Həsənov ömrünü Azərbaycanın inkişafına həsr etmiş ümummilli lider Heydər Əliyevin vətənimiz qarşısında tükənməz xidmətlərindən bəhs edib. Bildirib ki, Heydər Əliyev tariximizə parlaq və silinməz iz qoymuş böyük şəxsiyyət, qeyri-adi zəka, fitri istedad sahibi, müdrik dövlət xadimi kimi düşüb. Müstəsna xidmətləri ilə əbədilik qazanan ümummilli lider Heydər Əliyevin mənalı həyat yolu, zəngin və çoxşaxəli irsi tükənməz məktəbdir. Ötən illərə nəzər salarkən Azərbaycan xalqının öz müdrik liderinin rəhbərliyi ilə qazanmış olduğu mühüm tarixi nailiyyətlərin bir daha şahidi oluruq. İntibah və milli şüurun oyanışı Heydər Əliyevin hakimiyyətə gəlişi ilə başlayıb, müstəqilliyimiz məhz onun sayəsində əbədi və dönməz xarakter alıb. Ölkəmiz dünyada layiq olduğu mərtəbəyə Ulu Öndərin uzaqgörənliyi, müdrikliyi, qətiyyəti, dəmir iradəsi, zəngin dövlətçilik təcrübəsi sayəsində yüksələ bilib.

Səfir vurğulayıb ki, bu günlərdə ümummilli lider Heydər Əliyevin anım günü ölkəmizin hər yerində və onun hüdudlarından kənarda hər bir azərbaycanlının böyük ehtiramı və dərin minnətdarlıq hissi ilə geniş qeyd olunur.

Diqqətə çatdırılıb ki, Heydər Əliyevin əsasını qoyduğu siyasəti Azərbaycan Prezidenti İlham Əliyev uğurla davam etdirir. Məhz bu məqsədyönlü siyasət nəticəsində ölkəmiz bütün sahələrdə mühüm nailiyyətlər əldə edib və Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu işğal altında olan torpaqlarımızı düşmən əsarətindən azad edib.

R.Həsənov ömrünü Vətəninin inkişafına və çiçəklənməsinə həsr etməklə Azərbaycan xalqının Ümummilli Lideri adını qazanmış dünya miqyaslı siyasi xadim, ulu öndər Heydər Əliyevin xatirəsinin xalqımızın qəlbində əbədi olaraq qalacağını vurğulayıb.

Tədbirdə diaspora nümayəndələri, Koreya Respublikasında təhsil alan azərbaycanlı tələbələr və digər qonaqlar iştirak ediblər.

Tədbir iştirakçıları Ümummilli Lider haqqında xoş xatirələrini bölüşüblər.