YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əliabbas Salahzadə: Zəfər paradı qürurumuzun, kimliyimizin təqdimatı oldu

“Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 10 dekabr 2020-ci ildə keçirilən Zəfər paradında söylədiyi “Azadlıq meydanında paradlar çox keçirilib. Ancaq bu paradın xüsusi önəmi var. Bu, Zəfər paradıdır. Bu, tarixi hadisədir. Paradların birində mən demişdim ki, parada 2016-cı ildə Lələtəpə yüksəkliyində qaldırılmış bayraq gətiriləcək. Demişdim ki, gün gələcək və bu gün işğaldan azad edilən torpaqlarda qaldırılan Azərbaycan bayrağı Azadlıq meydanına gətiriləcək və bu gün gəldi. Bu tarixi günün şahidi bizik, Azərbaycan xalqıdır. Biz bundan sonra ancaq və ancaq irəli gedəcəyik” fikirlər həm hərbi paradın əhəmiyyətini açıqlayır, həm də hədəflərə işıq salır. Azərbaycan ordusu 30 ilin nisgilinə son qoydu. 44 günlük müharibədə əldə olunan qələbə 10 noyabr üçtərəfli Bəyanatın imzalanması ilə nəticələndi. Azərbaycan Ordusu Ermənistanı diz çökdürdü, kapitulyasiya aktını imzalamağa məcbur etdi. Dünya bir daha bu reallığın şahidi oldu ki, ermənilər nə qədər havadarlarına arxalanıb işğal altında saxladıqları torpaqlarımızda istehkamlar qursalar da, güclü hərbi texnika ilə  təmin olunsalar da Azərbaycan Ordusu Zəfəri ilə dünyaya səs saldı. Ermənistanın işğaldan azad edilmiş ərazilərdə qurduğu istehkamlar bu reallığın təsdiqi idi ki, torpaqlarımızı danışıqlar əsasında geri qaytarmaq fikrində deyildi. Ermənistanın baş nazirinin müharibənin gedişi dövründə müsahibələrində məsələnin diplomatik yolla həllinin mümkünsüzlüyünü bildirməsi də sadəcə söz deyildi. Azərbaycan Ordusu Ermənistana tarixdə heç zaman unuda bilməyəcəyi dərsi verdi. Hazırda işğaldan azad edilmiş ərazilərimizdə dalğalanan  üçrəngli bayrağımız qürurumuz, milli kimliyimizdir. Tarixi Zəfərimiz bunu bizə qaytardı. 2020-ci il dekabrın 10-da keçirilən hərbi paradda məhz bu bayraqlarımız dalğalandı.”

Bu fikirləri Milli Məclisin deputatı Əliabbas Salahzadə bildirib.

Əliabbas Salahzadənin sözlərinə görə, ulu öndər Heydər Əliyevin düzgün müəyyənləşdirdiyi siyasətin uğurlarını yaşayan Azərbaycanın qarşısında yeni hədəflər, çağırışlar dayanır: “Son 19 ildə Heydər Əliyev siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi Azərbaycanın bugünkü inkişafında özünün aydın ifadəsini tapır. Dövlət başçısı İlham Əliyev Zəfər paradındakı çıxışında Azərbaycanın bu illər ərzində keçdiyi inkişaf yolundan geniş bəhs etdi. “Biz bu illər ərzində güc toplayırdıq, həm siyasi müstəvidə, beynəlxalq təşkilatlar çərçivəsində, həm də ölkə daxilində iqtisadiyyatımızı gücləndirirdik, biz ordumuzu gücləndirirdik” söyləyən cənab İlham Əliyev qeyd etdi ki, bunun nəticəsində Azərbaycan son illər ərzində çox uğurlu inkişaf yolu keçmiş və ildən-ilə bizim üstünlüyümüz özünü daha qabarıq şəkildə büruzə verirdi. Ermənistan bizimlə rəqabət apara bilmədi. Müzəffər Ali Baş Komandan bu fikri də vurğuladı ki, 17 il ərzində dəfələrlə demişdim ki, Ermənistan öz xoşu ilə bizim torpaqlarımızdan işğalçı qüvvələrini çıxarmasa, biz bu məsələni hərbi yollarla həll edəcəyik. 2003-cü ildə Prezident vəzifəsinə seçiləndə Konstitusiyamıza və müqəddəs Qurani-Kərimə əl basaraq and içmişdim ki, Azərbaycanın ərazi bütövlüyünü qoruyacağam. Bu gün böyük qürur hissi ilə deyə bilərəm ki, Azərbaycan öz istədiyinə nail oldu, tarixi ədaləti, beynəlxalq hüququ bərpa etdi.”

“Bu gün Azərbaycan regionda inkişafın aparıcı qüvvəsinə, dünya birliyinin fəal üzvünə çevrilib. Azərbaycanın iştirakı olmadan bölgədə hansısa iqtisadi və siyasi layihənin həyata keçirilməsi mümkünsüzdür. İqtisadi müstəqillik Azərbaycanın siyasi müstəqilliyini şərtləndirdi. Dövlət başçısı İlham Əliyev 44 günlük müharibə dövründə xalqa müraciətlərində, eyni zamanda, 10 noyabr Zəfər tariximiz münasibətilə xalqa təbrikində, bütün çıxışlarında qələbəmizdə iqtisadi, siyasi müstəqilliyin rolunu xüsusi qeyd edir. Azərbaycanın beynəlxalq münasibətlər sistemində möhkəmlənən mövqeyi, ən əsası bu gün tarixə qovuşan Dağlıq Qarabağ münaqişəsinin həlli üçün möhkəm hüquqi bazanın mövcudluğu Azərbaycan Ordusunun döyüş meydanında qələbəsinə yol açdı. Azərbaycan dünyaya sübut etdi ki, beynəlxalq hüququn norma və prinsipləri mövcuddur və onların icrası üçün vahid mexanizm olmalıdır. Bu qələbə dünyanın yeni xarici siyasətinin formalaşmasında, yeni reallıqların yaradılmasında əhəmiyyətli rol oynadı”, - deyə millət vəkili bildirib.

Əliabbas Salahzadə vurğulayıb ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz şərəfli missiyasını uğurla icra edərək 5 şəhəri, 4 qəsəbəni, 300-ə yaxın yaşayış məntəqələrini işğaldan azad etməklə gücünü, qüdrətini dünyaya nümayiş etdirdi: “Ordumuzun gücü, qüdrəti daha da artırılır. Xalq-Prezident-Ordu birliyi sayəsində əldə olunan Zəfərimiz Azərbaycanın qarşısında daha böyük imkanlar yaradır. Əsas olan budur ki, biz məğrur, öz tarixinə sahib çıxan, bir qarış belə torpağını düşmənə verməyən, mübarizəsindən geri dönməyən xalq olduğumuzu nümayiş etdirdik. Bu qürur qarşıdakı dövr üçün stimulverici amil rolunu oynayır.”