YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sədaqət Vəliyeva: I Avropa Oyunları Azərbaycan dövləti və xalqı üçün yalnız uğurlar, iqtisadi və siyasi dividentlər də gətirəcək

“Bakıda keçiriləcək I Avropa Oyunların start götürməsinə sayılı günlər qalır. Bu yarış Avropa qitəsində ilk dəfə ölkəmizdə keçiriləcək və 50-yə qədər dövlətdən 6000-dən çox idmançı iştirak edəcək. Bu mənada, I Avropa Oyunlarının Bakıda keçirilməsi Azərbaycan üçün, ümumiyyətlə, bütün Avropa idman hərəkatı üçün tarixi hadisədir”. Bunu Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

Sədaqət Vəliyeva bildirib ki, Avropa Oyunları kimi beynəlxalq tədbirin keçirilməsi üçün Azərbaycanın seçilməsi qitə ölkələri içərisində inkişaf və sabitlik göstəricilərinə görə ən əlverişli dövlətlərdən biri olan Azərbaycana qlobal səviyyədə səmimi inamın, etibarın təsdiqi və təntənəsidir: “Bu inam və etibarın arxasında isə məhz Azərbaycanın inkişafı, müasir infrastrukturu və təhlükəsiz ölkə olması amili dayanır. Çox qürurverici hadisədir ki, Azərbaycan dövləti 7 ilə ərsəyə gələ biləcək hazırlıq işlərini 2 il yarıma başa vurmaqla dünya tarixində yeni rekorda imza atdı”.

Deputat vurğulayıb ki, kütləviliyilə seçilən istər idman, istərsə də mədəniyyət tədbirləri ölkələrin dünya ictimaiyyətinə tanıdılması, imicinin formalaşdırılması baxımından xüsusi əhəmiyyət kəsb edir: “Təsadüfi də deyildir ki, həm idman, həm də mədəniyyət hər bir xalqın dünyada tanınması üçün “vizit kart” hesab edilir. Bu günə qədər idmançılarımız ölkəmizin bayrağını yüksəltməklə, himnimizi səsələndirməklə Azərbaycanı dünyaya bir idman ölkəsi kimi tanıda biliblər. Elə son London-2012 Yay Olimpiya Oyunlarında idmançılarımızın 10 medal qazanması ölkə tarixinə rekord göstərici kimi düşdü. Eyni zamanda, Azərbaycanın 2012-ci ildə “Eurovision” mahnı yarışmasına ev sahibliyi etməsi, minlərlə musiqisevəri Bakıya toplaması, 700 milyonluq tamaşaçıya mədəniyyət bayramı bəxş etməsi ölkəmizin beynəlxalq miqyasda tanıdılması baxımından xüsusi əhəmiyyət kəsb etdi. Bununla bərabər Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın ABŞ-da, Avropanın mədəniyyət beşiyi olan Fransada, Almaniyada, İtaliyada möhtəşəm tədbirlərlə ölkə mədəniyyətini təbliğ etməsi Azərbaycanın müasir, sivil və zəngin mədəni irsə malik ölkə kimi tanınmasına gətirib çıxardı. Məhz, bir daha zəngin mədəniyyətimizin, müasirliyimizin, sürətli inkişaf göstəricilərimizin, qonaqpərvərliyimizin və digər yalnız xalqımıza məxsus keyfiyyətlərin Avropa və dünya ictimaiyyətinə əyani şəkildə təqdim etməyimiz üçün I Avropa Oyunları ideal şansdır”.

Sədaqət Vəliyeva əlavə edib ki, I Avropa Oyunlarına hazırlıqla bağlı cənab Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə yaradılmış Təşkilat Komitəsi Mehriban xanım Əliyevanın rəhbərliyilə misilsiz işlər həyata keçirməkdədir: “Bu baxımdan, həyata keçirilən işlərin nəticəsi olaraq, I Avropa Oyunları Azərbaycana gətirəcəyi iqtisadi-maliyyə dividentlərilə yanaşı, perspektivdə ölkəmizin vurğunu olacaq potensial turistlər kontingenti də formalaşdıracaq. Onsuz da bu gün Azərbaycan dünya turistlərinin seçimidir. Lakin bu cür tədbirlərdən sonra onların sayı daha da artacaq, ölkənin nüfuzu, reytinqi yüksələcək”.