YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“İl Giornale” qəzeti: Azərbaycan son illərdə böyük uğurlara imza atıb

İtaliyanın “İl Giornale” qəzetinin saytında Azərbaycanda səfərdə olan jurnalist Fausto Biloslavonun “Qafqazın Dubayı” sərlövhəli növbəti məqaləsi və reportajı yerləşdirilib.

Azərbaycanın paytaxtını Qafqazın Dubayı adlandıran jurnalist Bakının kosmopolit bir şəhər sayıldığını vurğulayır. O yazır: “Azərbaycan son illərdə böyük uğurlara imza atıb. Bakının mərkəzi küçələrində azərbaycanlılar tərəfindən çox sevilən məşhur İtaliya geyim markalarının mağazaları yerləşir. Əhalisinin əksəriyyəti müsəlman olan Azərbaycanda fundamentalizm mövcud deyil”.

Fausto Biloslavo Heydər Əliyev Mərkəzində keçirilmiş III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun rəsmi açılış mərasimindən bəhs edib. O, açılış mərasimində nitq söyləyən Prezident İlham Əliyevin səsləndirdiyi fikirlərə yer verir: “Azərbaycan sivilizasiyaların, mədəniyyətlərin və dinlərin kəsişməsində yerləşir. Biz Avropa və Asiya arasında yerləşirik. Əlbəttə ki, bu coğrafi yerləşmə Azərbaycanın mədəni müxtəlifliyində öz rolunu oynamışdır”. Azərbaycanın dünyəvi dövlət olduğunu vurğulayan müəllif bildirir ki, bu ölkədə məscidlərlə yanaşı, sinaqoq və kilsələr də fəaliyyət göstərir.

Fausto Biloslavo məqalədə və reportajda İtaliyanın Azərbaycandakı səfiri Ciampaolo Kutillodan aldığı müsahibəyə də yer verib. Səfir yazır: “Azərbaycan ilə İtaliya arasında müxtəlif sahələrdə, xüsusilə enerji sektorunda strateji əlaqələr mövcuddur. Ötən il Azərbaycan İtaliyanın birinci xam neft təminatçısı olub. 2019-cu ildə yekunlaşdırılması nəzərdə tutulan TAP layihəsi Azərbaycan qazını İtaliya vasitəsilə Avropaya çatdıracaq”.

Məqalədə və reportajda ilk Avropa Oyunlarının Bakıda keçirilməsinin əhəmiyyətindən də bəhs olunur.