YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Kəlbəcərin yeni inkişaf dövrü

Sahib Şükürov

YAP Göyçay rayon təşkilatının sədri

Azərbaycanın ən yüksək dağ rayonlarından olan Kəlbəcər rayonu 1993-cü il aprelin 2-də Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi. İşğal nəticəsində 511 dinc sakin öldürülüb, 321 adam əsir götürülüb və itkin düşüb. Onlarla tarixi-mədəniyyət abidəsi, məktəblər, uşaq bağçaları, xəstəxana, tibb məntəqələri, yüzlərlə inzibati bina, minlərlə mənzil, yüzlərlə maşın, texnika və s. talan edilib, dağıdılıb.

Məlum olduğu kimi, 2020-ci il sentyabrın 27-də başlanan və 44 gün davam edən Vətən müharibəsi Azərbaycanın parlaq qələbəsi ilə nəticələndi. Müzəffər Ali Baş komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun gücü, qüdrəti sayəsində 30 ilə yaxın düşmən tapdağında olan torpaqlarımız işğaldan azad edildi. Tarixi ədalət bərpa olundu. Azərbaycan öz gücünə 30 il sürən ədalətsizliyə son qoydu.

10 noyabr 2020-ci il tarixində Azərbaycan, Ermənistan və Rusiya dövlət başçıları tərəfindən bəyanat imzalandı. Bununla da Azərbaycanın qələbəsi tam olaraq rəsmiləşdirildi.

Bəyanatın 6-cı maddəsinə əsasən, Kəlbəcər rayonunun 15 noyabr tarixində təhvil verilməsi qərarlaşdırılsa da, bu müddət 25 noyabr tarixinə qədər uzadıldı.

Beləliklə, noyabrın 25-də Kəlbəcər rayonu bir güllə atılmadan, şəhid verilmədən işğaldan azad edildi.

Vətən müharibəsi zamanı da mənfur düşmən beynəlxalq qanunlara məhəl qoymur, qanunları kobud şəkildə pozaraq mülki əhalini hədəf alırdı. Məğlubiyyətlə barışmaq istəməyən ermənilər Azərbaycan torpaqlarını tərk edərkən evlərlə yanaşı, meşələri də yandırdılar. Bütün bunlar ermənilərin əsl simasını, onların vandallıqda sərhəd tanımadıqlarını nümayiş etdirən əlamətlərdir.

Bu gün işğaldan azad olunmuş bütün ərazilərdə, o cümlədən Kəlbəcər rayonunda da genişmiqyaslı tikinti quruculuq işləri aparılır. Kəlbəcər şəhərinin Baş planı artıq dövlət başçısına təqdim edilib. Baş plana əsasən, ilin sonuna qədər müfəssəl layihələndirmə gedəcək və ondan sonra yaşayış binaları, məktəb, xəstəxana inşa ediləcəkdir. Hərbi hissələr, ictimai yerlər artıq fəaliyyət göstərir. Prezident İlham Əliyev Kəlbəcər rayonuna səfəri zamanı Kəlbəcərdə aşıq mərkəzi və lazım olan digər tikililərin inşa ediləcəyini bildirib. Prezident onu da qeyd edib ki, kəndlərin yenidən qurulması konsepsiyası hazırdır.

Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2020-ci il noyabrın 26-da “Kəlbəcərin azad olunmasına görə” medalı təsis edilib. Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğurunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 9424 hərbi qulluqçusu “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif olunub.

İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış Azərbaycanın 2030-cu ilədək beş milli prioritetlərindən biri kimi müəyyən olunub.

Qısa zamanda işğaldan azad edilmiş ərazilərdə görülən işlərə nəzər saldıqda əminliklə deyə bilərik ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə tezliklə bərpa-quruculuq işləri uğurla başa çatacaq və Kəlbəcərimiz yenidən cənnətə çevriləcəkdir.