YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Vüqar Rəhimzadə: Azərbaycan sülh gündəliyinin, yeni əməkdaşlıq formatlarının müəllifidir

“Azərbaycan daim iqtisadi, siyasi, humanitar mərkəz kimi dünyanın diqqətində olub. Tarixi Zəfərimizdən sonra ölkəmizin bu istiqamətdə mövqeyinin  daha da möhkəmləndiyi göz qabağındadır. Azərbaycan 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfəri ilə dünyaya ədalətin və beynəlxalq hüququn mövcudluğunu çatdırdı,   yaratdığı  reallıqlarla regionda dayanıqlı  sülhün, təhlükəsizliyin və əməkdaşlığın vacib amil olduğunu önə çəkdi. Bütün bunlar ümumilikdə Azərbaycanın yürütdüyü uğurlu siyasətin nəticəsidir. Dövlət  başçısı İlham Əliyevin  həyata keçirdiyi təkmil islahatlar,  yeniliyi özündə əks etdirən mükəmməl siyasəti  Azərbaycanı beynəlxalq birliyin fəal üzvünə çevirib. Dövlət başçısı çıxışlarında da bu məqamı xüsusi qeyd edir ki, sözümüzlə imzamız arasında heç bir fərq yoxdur. Hazırkı dövrdə ən diqqətçəkən məqamlardan biri də odur ki, paytaxt Bakı ilə yanaşı, işğaldan azad edilmiş ərazilərimiz də  diplomatik mərkəzə çevrilməkdədir. Qarabağın tacı, Azərbaycanın döyünən ürəyi Şuşadan  dünyaya ünvanlanan mesajların hər birində ədalət, beynəlxalq hüquq anlayışlarına dəyər verilməsi, onların tətbiqi üçün vahid mexanizmin müəyyənləşdirilməsinə çağırışlar öz əksini tapıb. Cari ildə ölkəmizin ev sahibliyi etdiyi tədbirlərin xronologiyasına diqqət yetirdikdə onların böyük əksəriyyətinin məkanının məhz Şuşa olduğunu görürük. Paytaxt Bakıda keçirilən tədbirlərə isə məhz mədəniyyət paytaxtımız Şuşada yekun vurulması artıq ənənə halını almaqdadır.

Bir məqamı da qeyd etmək istəyirəm ki, keçirilən  konfrans və forumların əhatə dairəsinin genişlənməsi, iştirakçılarının sayının artması həmin tədbirlərə beynəlxalq səviyyədə marağın artdığını göstərir. Bu, həm də Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın Vətən müharibəsində qazandığı Qələbədən dərhal sonra dövlətimizin başçısının Cənubi Qafqazın sülh və əməkdaşlıq regionuna çevrilməsi istiqamətində həyata keçirdiyi ardıcıl və mütərəqqi siyasətə beynəlxalq ictimaiyyətin yüksək diqqətinin, eyni zamanda, artan marağının əyani ifadəsidir. Azərbaycan bu gün sülh gündəliyinin müəllifi kimi dünyanın diqqətindədir.”

Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

Vüqar Rəhimzadə qeyd edib ki, regionda dayanıqlı sülhün, təhlükəsizliyin və əməkdaşlığın təmin olunması prosesi Ermənistanla Azərbaycan arasında  münasibətlərin normallaşdırılmasını vacib amil kimi önə çəkir: “Azərbaycan tarixi Zəfərimizin ilk günlərindən qarşı tərəfə sülh müqaviləsinin imzalanması ilə bağlı  beynəlxalq hüququn 5 əsas prinsipini özündə əks etdirən  təklifini təqdim etdi. Bu prinsiplərdən biri təbii ki, BMT-nin sənədlərində təsbit olunmuş hər bir ölkənin ərazi bütövlüyü, sərhədlərinin toxunulmazlığı prinsipidir. Zəfərimizdən sonra Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə keçirilən dörd görüşün, eyni zamanda, Rusiya Prezidenti Vladimir Putinin təşəbbüsü ilə bir dəfə Moskvada, iki dəfə Soçidə baş tutan görüşlərin hər biri sülh müqaviləsinin imzalanması istiqamətində mühüm addım kimi dəyərləndirilsə də bəzi ermənipərəst mövqeli dövlətlərin məsələnin həlli prosesinin uzanmasında, yaxud sülh müqaviləsinin imzalanmamasında  maraqlı olması diqqətdən kənarda qalmır. Bu əngəllər, həmçinin vaxtın uzadılmasına səbəb olur. Ötən ilin aprelində ADA Universitetində “Cənubi Qafqaza yeni baxış: Münaqişədən sonra inkişaf və əməkdaşlıq”, bu il aprelin  29-da isə “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfransların ardınca noyabrın 24-də  yenə də bu universitetdə “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransın işə başlaması da bu kimi məqamlara aydınlıq gətirilməsində əhəmiyyətli rol oynayır. Belə ki, dövlət başçısı İlham Əliyev konfranslarda çıxışı və iştirakçıların suallarına cavabı zamanı hazırkı dövrün reallıqlarını əsaslı şəkildə diqqətə çatdırır. Prezident İlham Əliyev noyabrın 25-də ADA Universitetində beynəlxalq konfransdakı çıxışında diqqəti dekabrın 7-də Brüsseldə Ermənistanın baş naziri Nikol Paşinyan ilə nəzərdə tutulan görüşünə yönəltdi. Möhtərəm Prezidentimiz bildirdi ki, həmin görüş keçirilməyəcək. Dövlət başçısı görüşün baş tutmamasının səbəblərindən danışarkən diqqətə çatdırdı ki, Ermənistanın baş naziri həmin görüşə yalnız orada Fransa Prezidenti Emmanuel Makronun iştirak edəcəyi təqdirdə razılıq verə biləcəyini bildirir.  Bu isə o deməkdir ki, həmin görüş baş tutmayacaq.”

“Göründüyü kimi, Fransa açıq-aşkar regionda dayanıqlı sülhün və təhlükəsizliyin bərqərar edilməsində maraqlı olmadığını təsdiqləyir. Bu yanaşma isə  Ermənistanın planlarına tam uyğundur. Oktyabrın 6-da Praqada Fransa Prezidenti  Emmanuel Makronun da iştirakı ilə Azərbaycan Prezidentinin, Avropa İttifaqı Şurası Prezidentinin və Ermənistanın baş nazirinin iştirakı ilə dördtərəfli görüş keçirildi. Bu görüş çoxsaylı sualların yaranmasına rəvac verdi. Görəsən Ermənistana dəstək yolunu seçən Fransanı bu gün saxta ədalət donunu geyinib  danışıqlarda iştirak etməyə nə sövq edir?  Bəlkə Fransa Prezidenti belə cəhdləri ilə 30 ildə  ölkəsinə qarşı formalaşan etimadsızlıq mühitini  bərpa edə biləcəyini düşünür? Ümumilikdə  44 günlük İkinci Qarabağ müharibəsinin davam etdiyi günlərdə belə özlərinin iştirakı ilə hazırlanan və qəbul olunan qətnamələrin əleyhinə çıxış edən bəzi dövlətlər və onların rəhbərləri bu gün  həmin savaşda yaşananları unuda biləcəklərmi? Müharibənin başa çatdığı, Qarabağ münaqişəsinin tarixə qovuşduğu halda Fransa Prezidenti Ermənistana dəstəyini davam etdirərək  problemin hələ də həll olunmaması barədə absurd fikirlərinə necə haqq qazandıra bilər? Ən əsası Fransa Prezidenti  dekabrın 7-də keçirilməsi nəzərdə tutulan görüşə qatılsa belə rəhbərlik etdiyi ölkə Senatının Azərbaycanla bağlı qəbul etdiyi qərəzli qətnamənin zəruriliyini necə əsaslandıracaq? Fransa Prezidentinin “qorxma-qorxma” demək üçün Ermənistanın baş naziri ilə birlikdə görüşlərə qatılmaq istəyini şərtləndirən amillər hansılardır? Fransa və Ermənistanı eyni dəyərlər birləşdirə bilər, amma  kiçik dövlətlərə “ədalət və beynəlxalq hüquq” dərsi keçməyə cəhd edən Fransa görəsən bilmirmi ki, qəbul etdiyi absurd qətnamələr bumeranq effekti verərək onun özü üçün problemlər yaradacaq? Göründüyü kimi, suallar çoxdur. Bütün bu sualların bir cavabı var. Prezident İlham Əliyevin konfransda vurğuladığı kimi, Fransa sülh danışıqlarında iştirak edə bilməz və bu, onun günahıdır. Prezident İlham Əliyev Paşinyanın Brüssel görüşündə Makronun iştirak etməsi tələbini irəli sürməsini sülh danışıqlarını pozmaq cəhdi kimi qiymətləndirib.”-  deyə, YAP Xətai rayon təşkilatının sədri bildirib.

Vüqar Rəhimzadə vurğulayıb ki,  noyabrın 25-də dövlət başçısı İlham Əliyev  Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar ilə görüşündə Ermənistan-Azərbaycan  münasibətlərinin normallaşdırılması, iki ölkə arasında sülh müqaviləsi ilə bağlı danışıqlar prosesi, sərhədlərin delimitasiyası üzrə Brüsseldə keçirilmiş görüşün nəticələri barədə fikir mübadiləsi apardı. Bu görüşlər, eyni zamanda, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin dövlət başçısı İlham Əliyevlə telefon danışıqları bir daha təsdiqləyir ki, Azərbaycanın müəllifi olduğu Brüssel gündəliyi yeganə məqbul variantdır.

“Dövlət başçısı İlham Əliyevin hər bir çıxışı Azərbaycan reallıqlarının təqdimatı, eyni zamanda, ölkəmizə qarşı qərəzli mövqeyi əks etdirən  suallara cavabında verilən tarix, hüquq dərsi olur” söyləyən YAP Xətai rayon təşkilatının sədri bildirib ki, cənab Prezident konfransdakı çıxışında  son dövrlər Azərbaycana qarşı qərəzli mövqeyini açıq-aşkar  ortaya qoyan İranla bağlı da fikirlərini çatdırdı. Bildirdi ki,  İranın üç prezidenti – Hatəmi, Əhmədinejad və Ruhani ilə işləmişəm. Bütün bu illər ərzində bugünkünə bənzər vəziyyət yaranmamışdı. Heç vaxt İran bizim sərhədimizdə bir neçə ay müddətində iki hərbi təlim keçirməmişdi. Heç zaman Azərbaycana qarşı bu qədər nifrət və hədə-qorxu ilə dolu bəyanat verilməmişdi. Dövlət başçısı bildirdi ki, biz hər zaman istənilən anti-Azərbaycan bəyanatına və hərəkətinə cavab vermişik və verəcəyik. Bu səbəbdən biz İran ilə sərhəddə hərbi təlimlər keçirməli olduq ki, onlardan qorxmadığımızı nümayiş etdirək. Biz həyat tərzimizin, Azərbaycanın dünyəvi inkişaf vektorunun və azərbaycanlıların, o cümlədən İranda yaşayan azərbaycanlıların müdafiəsi üçün əlimizdən gələni edəcəyik. Onlar xalqımızın bir hissəsidir”.

Vüqar Rəhimzadə diqqətə çatdırıb ki, belə konfranslar  ötən qısa dövr ərzində bu istiqamətdə atılan addımlara, regionda sülhün və təhlükəsizliyin təmin olunmasında səylərin birləşdirilməsinin vacibliyi amilinə bir daha işıq salır: “Bu mühüm tədbirin iştirakçıları arasında ABŞ, Belçika, Bolqarıstan, Böyük Britaniya, Fransa, İsrail, İsveçrə, İtaliya, Gürcüstan, Kanada, Misir, Pakistan, Polşa, Rumıniya, Rusiya və Türkiyənin aparıcı beyin mərkəzlərinin rəhbərləri və nümayəndələri də iştirak edirlər. Konfransda Orta Dəhlizin təhlükəsizlik aspektləri, regionun iqtisadi imkanları müzakirə olunur. Xüsusilə bu baxımdan Zəngəzur dəhlizinin əhəmiyyəti, Şərq-Qərb dəhlizinin yaradacağı yeni nəqliyyat imkanları, beynəlxalq yükdaşımalarının genişləndirilməsi və şaxələndirilməsi məsələləri ilə bağlı fikir mübadiləsi aparılır. Bütün hallarda Azərbaycanın mövqeyi dünya birliyi üçün önəmlidir. Qalib Azərbaycan hər zaman olduğu kimi, bu gün də sülh gündəliyinin, yeni əməkdaşlıq formatlarının müəllifi kimi çıxış edir və dövlətimizin bu prinsipial mövqeyi beynəlxalq səviyyədə dəstəklənir.”