YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Kəlbəcər ölkəmizin qabaqcıl bölgələrindən birinə çevriləcək

Fəsli Nəbiyev

YAP Gənclər Birliyinin sədr müavini

Qədim türk dilində “çay üstündə qala” adlanan Kəlbəcər Tərtərçay çayının ətrafında formalaşmış qədim yaşayış məskənidir. Buradakı 30 min ildən çox tarixi olan süni mağaralardan ibarət qədim yaşayış məskənləri, abidələr Azərbaycanda türklüyün, atəşpərəstliyin, xristianlığın və İslamın yayıldığı dövrlərdə yaradılıb. Kəlbəcərə rayon statusu 1930-cu ildə verilib və həmin dövrdə rayonun 53 478 nəfər əhalisi, ərazisi isə 3054 kv. km. olmaqla inzibati cəhətdən 1 şəhər, 1 qəsəbə, 145 kənd və 55 inzibati ərazi dairəsindən ibarət idi.

Azərbaycanın düşmən Ermənistan tərəfindən işğala məruz qalan torpaqlarından biri Kəlbəcər olmuşdur. 2 aprel 1993-cü il tarixində Ermənistan tərəfindən işğal edilən Kəlbəcərdə 511 dinc sakin öldürülüb, 321 nəfər sakin əsir götürülüb və itki düşüb. Kəlbəcərin işğalı nəticəsində məcburi köçkün vəziyyətinə düşən sakinləri Respublikanın 56 rayonunun 770 yaşayış məntəqəsində müvəqqəti məskunlaşmağa məcbur edildi. İşğal nəticəsində Kəlbəcər rayonu dağıntıya və talana məruz qaldı. Rayonun inzibati binaları, tarixi-mədəniyyət abidələri dağıdıldı, təbii sərvətləri Ermənistan tərəfindən istismar edilərək milyardlarla manatlıq sərvət oğurlandı. Kəlbəcərin işğalı ilə əlaqədar BMT Təhlükəsizlik Şurasının 30 aprel 1993-cü il tarixli 822 saylı Qətnaməsinin qəbul edilməsinə baxmayaraq işğalçı Ermənistan bu sənəddəki tələblərə məhəl qoymadı və beynəlxalq təşkilatlar bununla əlaqədar heç bir əsaslı tədbir görmədi. Törətdiyi dəhşətli cinayətlərlə kifayətlənməyən Ermənistan beynəlxalq hüquq və normalara qarşı gedərək 1999-cu ildən Kəlbəcərdə başqa ərazilərdən gətirilmiş ermənilərin qeyri-qanuni məskunlaşmasını həyata keçirdi.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin dönməz iradəsi və qətiyyətli sərkərdəliyi sayəsində, Azərbaycan torpaqları Vətən müharibəsində işğaldan azad edildi. Darmadağın edilərək kapitulyasiya aktını imzalayan düşmən Kəlbəcərin bir güllə atılmadan Azərbaycana qaytarılmasına dair öhdəçilik götürdü və 2020-ci ilin noyabrın 25-də Azərbaycan Ordusu Kəlbəcərə daxil olaraq şanlı bayrağımızı burada dalğalandırdı. Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən Kəlbəcərin azad olunmasında iştirak etmiş və öz canından keçmiş Vətən övladları ən ali diqqətə layiq görüldü. “Kəlbəcərin azad olunmasına görə” medalı təsis edildi və Ordumuzun 9454 hərbi qulluqçusu bu medalla təltif edildi.

Azad olunduğu gündən etibarən Kəlbəcərdə sürətli bərpa və quruculuq işlərinə başlanıldı. Çətin və mürəkkəb relyefə malik Kəlbəcər rayonunun ərazisində rahat hərəkəti təmin edən yolların inşası çox vacib və əhəmiyyətli məsələdir. Strateji əhəmiyyətə malik yol infrastrukturu layihələri icra edilir ki, bu layihələr həm hərbçilərin, həm mülki əhalinin rahat və təhlükəsiz istifadəsi üçün nəzərdə tutulur. Azad olunmuş ərazilərdə ordu quruculuğu istiqamətində Kəlbəcərdə də Ordumuzun hərbi potensialı gücləndirilir.  İyunun 26-da yeni yaradılan komando qüvvələrinin hərbi hissəsi bu görülən işlərin bir nümunəsidir. Kəlbəcərdə elektrik və su təchizatı, mülki infrastrukturun tikilməsi ilə bağlı layihələrdə icra olunur. İyun ayında təməli qoyulan “İstisu” sanatoriyası bölgənin turizm potensialının inkişafında xüsusi rol oynayacaq. Kəlbəcərə şəhəri qəbul olunmuş Baş plana əsasən müasir və dayanıqlı şəhərsalma qaydaları əsasında yenidən qurulacaq. Bir xüsusi məqamı da qeyd etmək lazımdır ki, Kəlbəcərin təbiəti dayanıqlı enerji mənbəyi olan külək enerjisindən yararlanmaq üçün geniş imkanlar verir. Bu baxımdan investorlar burada külək enerjisi infrastrukturunun qurulması üçün müxtəlif müraciətlər olunur. Azad olunmasının ikinci il dönümünü yaşayan Kəlbəcər bu gün özünün yeni inkişaf dövrünü yaşayır.