YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Birinci Avropa Oyunlarının əhəmiyyəti Avropa Şurasının sosial məsələlər üzrə iclasında yüksək qiymətləndirilib

Xəbər verdiyimiz kimi, Moldovanın paytaxtı Kişineuda Avropa Şurası Parlament Assambleyasının Avropa Sosial Nizamnaməsi üzrə alt-komitəsinin “Şərq əməkdaşlığı çərçivəsində sosial hüquqların möhkəmləndirilməsi: Avropa Sosial Nizamnaməsi üzrə müzakirə” adlı parlament iclası keçirilib. Azərbaycan, Gürcüstan, Ukrayna, Moldova, Ermənistan və Yunanıstanın parlamentlərinin sosial hüquq məsələləri komitələrinin üzvləri üçün nəzərdə tutulan iclasda ölkəmizi Milli Məclisin sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli, deputatlar Musa Quliyev, İlham Məmmədov, Sədaqət Vəliyeva və Sevinc Hüseynova təmsil ediblər.

İclasda “Qanunvericilikdə və onun tətbiqində sosial hüquqlar”, “Sosial hüquqlarla bağlı standartların həyata keçirilməsi sahəsində çağırışlar və imkanlar” mövzularında keçirilən müzakirələrdə Milli Məclisin deputatları fəal iştirak ediblər.

Məruzəçi qismində çıxış edən Avropa Şurasının Parlamentlərarası Assambleyasının nümayəndələri Avropa Sosial Xartiyasının dövlətlər tərəfindən icra olunmasının reallıqlarını diqqətə çatdırıblar. Bildirilib ki, Fransa istisna olmaqla, Avropa Şurasına daxil olan ölkələrin heç biri Avropa Sosial Xartiyasının bütün maddələrini qəbul etməyib.

İclasda iştirak edən Yunanıstan, Ukrayna, Moldova, Gürcüstan və Ermənistan nümayəndələri ölkələrindəki mövcud ağır sosial-iqtisadi vəziyyət haqqında danışıb, eyni zamanda, qeyd ediblər ki, qlobal dünya böhranı fonunda cərəyan edən ictimai-siyasi proseslər nəticəsində Avropa Sosial Xartiyasının tələblərinin tam yerinə yetirilməsi mümkün olmayıb.

“İş prosesində əmək təhlükəsizliyi” və “Qloballaşan iqtisadiyyatda sosial dialoq problemləri” mövzuları ətrafında aparılan müzakirələrdə geniş və arqumentlərlə çıxış edən Milli Məclisin sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli Azərbaycandakı sosial durum haqqında ətraflı məlumat verib, ölkəmiz tərəfindən Avropa Sosial Xartiyasının 18 maddəsinin ratifikasiya edildiyini və daha 4 maddə üzrə sənədləşmə işlərinin aparıldığını diqqətə çatdırıb. H.Rəcəbli xüsusi olaraq, statistik rəqəmləri və faktları diqqətə çatdıraraq qeyd edib ki, Azərbaycanda Avropa Sosial Xartiyasının ratifikasiya edilmiş maddələri yüksək səviyyədə həyata keçirilir.

Müzakirələrdə bildirilib ki, Azərbaycanda əhalinin səmərəli məşğulluğunun təmin edilməsi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2005-ci il 26 oktyabr tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasının Məşğulluq Strategiyası (2006-2015-ci illər)”nı təsdiqlənib. Bu sahədə prioritet istiqamətlərin reallaşdırılması nəticəsində son 10 il ərzində Azərbaycanda 1 milyon 200 min yeni iş yeri açılıb ki, onlardan da 900 mini daimi iş yeridir. İşsizlik kimi ciddi problemin böyük hissəsi həllini tapıb və bunun səviyyəsi təxminən 5 faiz civarındadır. Eyni zamanda, əmək prosesində texnogen ölüm və yaralanma halları da son 10 il ərzində iki dəfə azalıb.

Milli Məclisin sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev və parlamentin digər deputatları da müzakirələrdə fəal çıxış edərək, iştirakçı ölkələrdəki mövcud münaqişələrdən danışıblar. Bildirilib ki, münaqişə amili, ikili standartlar Avropa Sosial Xartiyasının bütün maddələrinin reallaşdırılmasına mane olur.

Azərbaycan nümayəndə heyəti iclas iştirakçılarına Bakıda keçiriləcək birinci Avropa Oyunları çərçivəsində görülmüş işlər haqqında da geniş məlumat verib, həmçinin bəzi Avropa institutlarının, siyasətçilərinin Azərbaycana qarşı tutduğu qərəzli və ikilistandartlı mövqeyini sərt şəkildə tənqid ediblər.

Çıxışlarda iştirakçı ölkələrin nümayəndələri görülən işləri çox yüksək qiymətləndirib və ilk Avropa Oyunlarında iştirak etmək arzularını bildiriblər.

Milli Məclisin deputatları eyni zamanda, Moldovadakı Azərbaycan diasporunun nümayəndələri ilə görüşüb, onlara ölkəmizdəki mövcud sosial-iqtisadi və ictimai-siyasi proseslər haqqında məlumat verib, ilk Avropa Oyunları ilə əlaqədar gedən hazırlıq işlərindən danışıblar. Diaspora nümayəndələri də öz növbələrində Moldovada onlar üçün yaradılmış şəraitdən razılıqlarını bildirib və Azərbaycanda qitəmiqyaslı idman yarışlarının keçirilməsini yüksək dəyərləndiriblər.

Eyni zamanda, Azərbaycan nümayəndə heyəti və diaspor nümayəndələri Kişineudakı görüş zalında mayın 19-da Bakının Binəqədi rayonunda yaşayış binasında yanğın zamanı vəfat etmiş şəxslərin xatirəsini birdəqiqəlik sükutla yad edib, ailələrinə və yaxınlarına başsağlığı veriblər.