YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan və Albaniya arasında qarşılıqlı əməkdaşlıq uğurla inkişaf edir

Ramiz Hüseynov

YAP İdarə Heyətinin üzvü, Sumqayıt şəhər təşkilatının sədri

Dünya ölkələri ilə Azərbaycan arasında qarşılıqlı əməkdaşlıq bu gün uğurla inkişaf etdirilir. Bu baxımdan noyabrın 15-də Albaniya Respublikasının Prezidenti Bayram Beqayın dəvəti ilə Prezident İlham Əliyevin Albaniyaya rəsmi səfəri iki ölkə arasında münasibətlərin inkişafına bariz nümunədir. Dövlət başçıları arasında keçirilən təkbətək görüş, aparılan müzakirələr qarşılıqlı əlaqələrin daha da inkişafı və genişlənməsi istiqamətində böyük potensialın olduğunun göstəricisidir. Qeyd etmək lazımdır ki, dövlət başçılarının mətbuata bəyanatla çıxışı, Azərbaycanın Beynəlxalq təşkilatlarda Albaniya ilə uğurlu əməkdaşlığı dövlətlərarası dialoqu gücləndirir. Azərbaycanın ərazi bütövlüyünü Albaniyanın həmişə dəstəkləməsi və bu dəstəyin həmişə qarşılıqlı olması təqdirəlayiq haldır. Bundan başqa, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı dövründə və həmçinin, İkinci Qarabağ müharibəsi dövründə Albaniya rəsmilərinin bəyanatları, Azərbaycanın ərazi bütövlüyünə göstərilən dəstək dövlətimiz tərəfindən yüksək qiymətləndirilir.

Ölkələrimiz arasında, xüsusilə qaz sahəsində əməkdaşlığın inkişafına daha çox fikir verilsə də, bu gün Albaniya ilə iqtisadi əlaqələrin genişləndirilməsi üçün qarşılıqlı sərmayə qoyuluşu, iki ölkənin şirkətlərinin birgə fəaliyyəti, birgə müəssisələrin yaradılması, turizm, kənd təsərrüfatı, müasir texnologiyalar sahəsində əməkdaşlığın inkişaf etdirilməsi prioritet təşkil edir və iqtisadiyyat və sənaye üzrə yaradılmış müştərək işçi qrupun fəaliyyəti üçün əsas istiqamətləri müəyyən edir.

Azərbaycan və Albaniya TAP layihəsinin üzvləridirlər və Cənub Qaz Dəhlizi Məşvərət Şurasının toplantılarında Albaniya nümayəndələri həmişə çox fəal iştirak etmişdirlər. Bu ilin iyul ayında Azərbaycanla Avropa Komissiyası arasında enerji sahəsində strateji əməkdaşlıq üzrə imzalanmış Anlaşma Memorandumuna əsasən Avropaya gedən qaz təchizatı 2027-ci ilə qədər iki dəfə artırılacaq və bu, Avropanın enerji təhlükəsizliyinə əlavə dəstək və töhfə verməklə bərabər, həm də, Albaniya ərazisindən keçdiyindən Albaniya iqtisadiyyatına da əlavə gəlir gətirəcək.

Səfər çərçivəsində danışıqlar zamanı iki ölkə prezidenti Azərbaycanın Albaniyada qaz təsərrüfatının inkişafına verə biləcəyi töhfə haqqında da danışmış, Albaniyada bu günə qədər qaz şəbəkəsi yaradılmadığından bu məsələ ilə bağlı Azərbaycanın investor kimi iştirak edə biləcəyinə hazır olduğu gündəmə gətirilmişdir. Bu isə Azərbaycanda prezident İlham Əliyevin apardığı düzgün, dayanıqlı iqtisadi siyasətin təzahürüdür.

Həmçinin qeyd etmək lazımdır ki, Albaniya NATO-nun üzvüdür və NATO-Azərbaycan əlaqələrinə həmişə dəstək vermişdir. Bildiyimiz kimi, NATO ilə sıx əməkdaşlıq platforması yaradan Azərbaycan uzun illər Əfqanıstanda NATO-nun əməliyyatlarında fəal iştirak etmiş, NATO-ya üzv olmayan ölkələr arasında sülhməramlı missiyaya qoşulan birincilərdən olmuş, Türkiyə ilə bərabər Əfqanıstandan çıxan son iki ölkə olmuşdur. Bu, Azərbaycanın belə məsələlərdə məsuliyyətinin göstəricisidir.