YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Türk dünyası böyük bir ailədir

Etibar Hacıyev

YAP Ağstafa rayon təşkilatının sədri

Noyabrın 11-də Səmərqənddə Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşü günümüzün əsas çağırışlarından olan türk dünyasının birliyinə, həmrəyliyinə bir daha işıq saldı. Dövlət başçısı İlham Əliyev çıxışında Türk Dövlətləri Təşkilatına üzv ölkələrlə əlaqələrin bütün sahələrdə möhkəmləndirilməsinin Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biri olduğunu önə çəkərək bildirdi ki, ölkəmiz həmişə türk dünyasının sıx birləşməsinə öz töhfəsini verib və bundan sonra da türk dünyasının birliyi amallarına sadiq qalacaq. Türk dünyası 200 milyondan çox insanın yaşadığı geniş bir coğrafiyanı əhatə edir və böyük iqtisadi potensiala, enerji resurslarına, nəqliyyat yollarına və müasir hərbi imkanlara malikdir.

Türk Dövlətləri Təşkilatına üzv dövlətləri birləşdirən ortaq soykök, tarix, mədəniyyət və milli dəyərlər bu ölkələr arasında əlaqələrin əsasını təşkil edir. Azərbaycanın bu birliyə töhfələri davamlılığı ilə diqqət çəkir. Dövlətimizin başçısı İlham Əliyevin ötən il Türk Dünyasının Ali Ordeni ilə təltif edilməsi məhz türk dünyasının birliyinə verdiyi töhfələrin aydın ifadəsidir.

Prezident İlham Əliyev Səmərqənddə Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşündə bu çağırışı da etdi ki,  türk dünyası böyük bir ailədir: “Bir-birimizin milli maraqlarını nəzərə alaraq bundan sonra da qarşılıqlı dəstək və həmrəylik göstərməliyik. Siyasi, iqtisadi, ticari, mədəni, nəqliyyat, energetika, rəqəmsal transformasiya, kənd təsərrüfatı, turizm sahələri ilə yanaşı, təhlükəsizlik, müdafiə, müdafiə sənayesi kimi sahələrdə də əməkdaşlığımızı fəallaşdırmalıyıq.”

Cənab İlham Əliyev bugünümüzün əsas məsələləri sırasında bunu da xüsusi vurğuladı ki,  Türk Dövlətləri Təşkilatının üzvləri olan ölkələrdən kənarda yaşayan soydaşlarımızın hüquqlarının, təhlükəsizliyinin, milli kimliyinin qorunması, onların assimilyasiyaya uğramaması kimi məsələləri artıq təşkilat çərçivəsində daimi əsasda diqqətdə saxlamağın vaxtı gəlib çatmışdır. Gənc nəslin yaşadıqları ölkələrdə məktəblərdə öz ana dilində təhsil almaq imkanı olmalıdır. Əfsuslar olsun ki, Azərbaycan dövlətinin hüdudlarından kənarda yaşayan 40 milyon azərbaycanlının əksəriyyəti bu imkanlardan məhrumdur. Türk dövlətlərindən kənarda yaşayan soydaşlarımızın öz ana dilində təhsil almaları daim təşkilatın gündəliyində olmalıdır. Bu istiqamətdə lazımi addımlar atılmalıdır.

Dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın birliyi, həmrəyliyi hər zaman dövlətimizin siyasətində xüsusi yer tutur. 1993-cü ildə bu günədək hadisələrin xronologiyasına diqqət yetirsək bu birliyin möhkəmləndirilməsi istiqamətində davamlı addımların atıldığını görərik. Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra əsas çağırılarından biri Azərbaycanın müstəqilliyinin, suverenliyinin qorunması üçün bütün dünya azərbaycanlılarının bir amal-azərbaycançılıq ideologiyası ətrafında sıx birləşməsi oldu. Dünya azərbaycanlılarının qurultaylarının keçirilməsi bu birliyin təminatında mühüm rol oynayır. Qürurverici haldır ki, bu il Qarabağın tacı Şuşa dünya azərbaycanlılarını bir araya gətirərək Zəfər Qurultayının keçirilməsinə şahidlik etdi.

Dövlət başçısı İlham Əliyev Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşündəki  çıxışında da bu məqamı xüsusi qeyd etdi ki, Azərbaycan dövləti xarici ölkələrdə yaşayan azərbaycanlıların hüquq və azadlığının, təhlükəsizliyinin təmin edilməsinə xüsusi diqqət yetirir. Biz acı taleyin hökmü ilə Azərbaycan dövlətindən ayrı düşmüş soydaşlarımızın dilimizi, ənənələrimizi, mədəniyyətimizi qoruyub saxlamaları, azərbaycançılıq ideyalarına sadiq olmaları, öz tarixi Vətənləri ilə əlaqələrin heç vaxt kəsilməməsi üçün səylərimizi davam etdirəcəyik.